Fevral Bakısının təhlükəli qarlı havası: məmurlar harada gizləniblər?

Əlində bel və süpürgə olan işçiləri küçələrə tökməklə…” – Hanı texnikalar, hanı önləyici tədbirlər?

“Nə yaxşı ki, Bakıda qarlı havalar çox olmur. Yoxsa ,Bakı qısa müddətdə bərbad vəziyyətə düşər. Necə ki bu gün şəhər bir neçə saat ərzində qara təslim oldu. Bəziləri deyir ki, Bakıya qar yaraşmır. Bakıya qar yaraşır, paytaxtımıza yaraşmayan səriştəsiz məmurlardır”.
Bu sözləri Sfera.az-a açıqlamasında yol nəqliyyatı eksperti Elməddinn Muradlı deyib. O bildirib ki, bir neçə gün əvvəl müxtəlif texnikalar nümayiş etdirirlər, bəyanatlar verirlər, amma nəticəyə gələndə sözlə əməl üst-üstə düşmür: “Dünən gecədən şaxta və qar artıq nə qədər insana maddi-mənəvi zərər vurub. Xəsarət alanlar, ölənlər, neçə min manatlıq ziyana düşən insanlar var. Avtomobillər yollarda sürüşüb, kütləvi qəzalar baş verib. Bütün bunlar onu göstərir ki, müvafiq qurumlar qışa hazır deyil. Nəticədə isə insanlar əziyyət çəkir. Bu sahədə çox ciddi işlər görülməlidir. Dövlət tərəfindən qurumların fəaliyyətinə , maddi-texniki bazasının genişlənməsinə hər il nə qədər vəsait ayrılsa da, yenə də işlər köhnə qaydada davam edir. Təxminən 5 ildir, Bakıya bu formada qar yağmırdı. Bu illər ərzində inkişaf etmək əvəzinə, gerilələmə müşahidə edilir”.
Ekspert təəssüflə qeyd edib ki, qurumlar açıqlamalarında əsas küçə və yolların təmizləndiyini bildirirlər: “Lakin əsas küçə və yollarda işlərə dünən gecədən deyil, səhərdən başlayıblar. Digər tərəfdən əsas yolları başa düşdük, bəs başqa yollar? Həmin yollarda hərəkət edənlər insan deyil? Bu nə yanaşmadır, bu nə biabırçılıqdır. Niyə əvvəldən hazırlıq görülmür? Əslində Ekologiya və Təbii Sərvətlər nazirliyi əvvəlcədən xəbərdarlıq etmişdi ki, hava dəyişəcək, şaxta olacaq. Bunu nəzərə almayıblar, hazırlıq işləri görülməyib. Düşünürəm ki, qurumlarla bağlı ciddi ölçü götürülməlidir və şəhər təsərrüfatına cavabdeh qurumlar suallara aydınlıq gətirməlidir. Şablon cümlələrlə deyil, konkret faktlarla. Niyə hər dəfə qar-yağış yağanda, şaxta olanda biz bu vəziyyətə düşürük? Yol təsərrüfatındakı çatışmazlıqlar, texnikaların kifayət qədər olmaması ucbatından hələ də kommunal təsərrüfat birliyinin əməkdaşlarının şaxtalı havalarda küçələrə tökülüb əllərində bellə, süpürgə ilə yol təmizləməsinin şahidi oluruq. Bütün bunlar geridəqalmışlıqdır ki, bunu artıq dünyanın inkişaf etmiş ölkələri çoxdan keçiblər. Bir balaca qar düşən kimi bütün texnikalar küçədə olmalı, işləməlidir. Bunun öhdəsindən gələ bilmirlərsə, açıq desinlər, bunu hansısa özəl quruma həvalə edək. Belə formal yanaşmalara son qoymaq lazımdır”.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, saat 15:00-a olan məlumatına əsasən Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Ağsu, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Şabran, Altıağacda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Göyçay, Astarada 2 sm, Şəki, Xaçmaz, Zərdab, Yardımlıda 1 sm, Bakıda 23 sm, Sumqayıtda 8 sm, Binədə 7 sm, Maştağada 5 sm olub.Şimal-qərb küləyi Neftçalada 28 m/s, Naftalanda 24 m/s, Salyanda 23 m/s, Hacıqabul, Ceyrançöldə 20 m/s, Mingəçevir, Tərtərdə 18 m/s, Ağstafa, Xaçmaz, Beyləqan, Tovuzda 16 m/s, Biləsuvarda 15 m/s, Qum adası, Maştağada 28 m/s, Neft Daşları, Pirallahı, Bakıda 25 m/s, Sumqayıtda 23 m/s, Binədə 22 m/s, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.4 metrə çatıb.
Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

“Qar yağmaqda davam edir, proqnozlara əsasən sabah günün birinci yarısınadək davam edəcək. Yəqin ki, axşama doğru şaxta da sərtləşə bilər”.
Sfera.az xəbər verir ki, bunu  açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ekspert bildirib ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq:
“Belə şəraitdə küçə və yollarda qar-buz getdikcə artacaq. Onsuz da kommunal xidmətlər bütün küçələri təmizləməyi, hər yerə duz və ya qum səpməyi bacarmırlar. Bunu etdikləri küçələrdə də hər saat yeni qar yağır, qumun üstü yenidən qarla örtülür, duzun əritdiyi buzu yenisi əvəz edir. Qısası, yəqin ki, axşama doğru küçə və yollarda qar-buz artacaq. Ona görə də çox diqqətli olun, avtomobiliniz belə şərait üçün hazır deyilsə, özünüzün uyğun təcrübəniz yoxdursa, küçəyə çıxmayın. Kim çıxıbsa da, axşama qədər (18:00-dək) mənzil başına qayıtmağa çalışsın. Ehtimal etmək olar ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq”. (milli.az)


Günay Rəsulqızı
Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir