İgid şəhid olar, adı əbədiləşər: ruhu Azərbaycana çevrilənlərdən biri – Cəmil Məmmədli

İkinci Qarabağ savaşında – Vətən müharbəsində şücaətləri ilə tarix yazan şəhidlərimiz hər bir soydaşımızın könlündə özlərinə yer edə biliblər. Belə qəhrəmanların igidliyi haqqında hələ çox danışılacaq, yazılacaq.

Belə qəhrəmanlarımızdan biri də Cəmil Habil oğlu Məmmədli olub. Cəmil 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda dünyaya göz açdı 2005- ci ildə Bakı şəhər, Səbail rayon 163 saylı orta məktəbin 1-ci sinfinə qəbul olundu, 2016 ci ildə həmin məktəbi bitirdi. Daha sonra 2016-cı ildə Azərbaycan Texniki Universitetinin metallurgiya fakültəsinin, materialşünaslıq ixtisasına qəbul olmuş, 2020-ci ildə burada ali təhsilini başa vurandan sonra Vətən qarşısında müqəddəs borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb.

Cəmil ailə dəyərlərini yüksək tutan, vətəninə, torpağına bağlı, mərhəmətli, zəhmətkeş, xeyirxah əməlləri ilə yetişən bir oğul idi. Torpaqlarımızın işğal altında, düşmən tapdağında olması onu həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hərbi xidmətə yollanmışdır. Hələ kiçik yaşlarından anasına bildiriridi ki, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə olan tədbirlərdə daima fəal olmuş, mükafatlar əldə etmişdir. Bunlardan biri də 26 fevral Xocalı soyqrımı qurbanları xatirəsinə həsr olunan Səbaill rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. Eyni ilə O, hərbi xidmətdə də atıcılıq vəzifəsini icra edirdi. Əsgərlikdə olduğu zaman Anasıyla danışarkən böyük fəxr və qürur hissi ilə bildirmişdir ki, ona Milli Qəhrəman Mübariz İbrahimovun silahından verilmişdi.

“Atıcılıq ”- bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı.
Müharibənin başladığı ilk günlərdən son danışığına kimi daima yüksək əhval ruhiyyədə olmuş və mütləq ki, qələbə qazanacaqlarını ailəsinə bildirmişdir. Daha yeni əsgər olmasına baxmayaraq döyüşlərdə böyük şücaətlik göstərmişdir. Füzuli, Xocavənd döyüşlərində iştirak etmişdir. Son olaraq oktyabrın 14–dən 15–nə keçən gecə Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Prezidentin sərəncamı ilə Cəmil Məmmədli(ölümündən sonra) “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bacısı Aybəniz xanımın dediklərindən:

– Cəmil məndən 3 yaş balaca idi. Balacalıqda onu mən qoruyurdum. Amma o böyüdükcə mən hiss edirdim ki,o mənə arxa-dayaqdı,çünki qardaşlar həmişə bacılara dayaq olur. O böyüdükdən sonra hər yerde mənim yanımdaydı, hər addımımı izləyirdi. Cəmil xətrimi çox istəyirdi, mən də onu. Elə indi də hara getsəm, onun baxışını, ürəyini hiss edirəm o yanımdadır,arxamdadır,mənim ən böyük dayağımdır. Bacılar həmişə yaxşı qardaşlarla fəxr ediblər. Mən Cəmilin sağlığında həmişə fəxr etmişəm, şəhadətindən sonra isə bizim başımızı ən yüksəklərə qaldırdı. Qardaşım onsuz da tarixə düşübdür, onu gələcək nəsillər həmişə adını anacaq və sayğıyla yad edəcəkdir. Məndə həmişə onu yaşadacağam: öz əməllərimlə, öz həyat tərzimlə.

Anası Aygün xanım:

– Fəxr edirəm ki, Vətən uğrunda canını fəda etmiş Cəmil Məmmədlinin anasıyam. Cəmil cəmi 21 il bizimlə bir dünyada yaşayıb. Ondan həmişə razı qalmışıq, uğurları ilə fəxr etmişik. İndi də Cəmil elə bir zirvədədir ki,indi də onunla fəxr edirik. CƏMİL ağıllı,qayğıkeş,mehriban, qohumcanlı idi. Cəmil orta məktəbdə oxuduğu müddətdə nəinki şagirdlərin arasında, hətta bütün müəllim kollektivi yanında böyük rəğbətə malik olmuşdur. İndi də onu tanıyanlar Cəmili böyük sevgi və qürur hissi ilə anırlar. Onu indi bütün Azərbaycan tanıyır. Hər gün tanımadığımız insanlar bizə qonaq gəlirlər. Adamlar elə hey Cəmildən danışırlar. Hər kəs deyir ki, o bizim fəxrimizdir. Sözsüz, anayam, yanıram ki, oğlum dünyadan nakam getdi. Amma fəxr edirəm ki, ö öz qanı ilə torpaqlarımızın azadlığını qazandı, özü əbədiyyətə getsə də, ruhu Azərbaycana çevrilənlərdən oldu…

Ayaz,

Xüsusi olaraq Yenimedia.net portalı üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir