Trampın hakimiyyət hərisliyi ABŞ-ı dağıdır: Konqres zorakılıqlara səhnə oldu…

ABŞ-da Prezident Donald Tramp tərəfdarları 3 noyabrda keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün toplanmış Konqres binasına basqın edərək içəri daxil olub.

Binada baş verən qarşıdurmalarda bir qadın silahla başından vurularaq öldürülüb. Paytaxt Vaşinqtonda komendant saatı tətbiq edilib. Konqres binasında etirazçıların işğalı 4 saat davam edib. Milli Qvardiya və FTB-yə bağlı SWAT qrupunun müdaxiləsi ilə binada silahlı 13 nəfər saxlanıb. Bundan başqa, Konqres binası ətrafında və Respublikaçılar Partiyasının Vaşinqtondakı qərargahında kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkar edilib.

Onu da qeyd edək ki, ABŞ Konqresi 1814-cü ildəki ingilis işğalından sonra ilk dəfə zorakılıqlara səhnə olur.

ABŞ-da bir çox siyasətçi Konqres binasında baş verənləri çevriliş cəhdi kimi dəyərləndirir.  Pensilvaniya qubernatoru Tom Volf, Nyu York baş prokuroru Letiçia Ceyms, Illinois təmsilçisi Adam Kinzinger, Maryland nümayəndəsi Kveysi Mfum və başqa bir çox siyasətçi etirazçıların paytaxt Vaşinqtonda Konqres binasına girməsini “çevriliş cəhdi” adlandırıb.

“Bu gün gördüyümüz demokratiya deyil, çevriliş cəhdidir” deyən T.Volf, ABŞ-ın ədalətli və sərbəst seçki keçirdiyini, nəticənin də bəlli olduğunu ifadə edərək Respublikaçıları zorakılığı dayandırmağa çağırıb.

NATO Baş katibi Yens Stoltenberq də ABŞ Konqresindəki hadisələrə münasibət bildirib. Yaşananlardan şoka düşdüyünü deyən Baş katib ABŞ-da prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşmağa çağırıb.

Konqresdəki hadisələrin “utanc verici” olduğunu deyən İngiltərə Baş naziri Boris Conson isə, ABŞ-da hakimiyyətin nizamlı və sülh yolu ilə ötürülməsinin vacib olduğunu bildirib.

Conson, Amerika Birləşmiş Ştatlarının dünya miqyasında demokratiyanı müdafiə etdiyini deyərək, hakimiyyətin nizamlı və dinc yolla ötürülməsinin indi həyati əhəmiyyət daşıdığını bildirib.

AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell Vaşinqtonda yaşanan hadisələri “ABŞ demokratiyasına misilsiz hücum” kimi xarakterizə edərək, seçkinin nəticələrinə hörmət etməyə çağırıb.

ABŞ 3 noyabrda keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün toplanmış Konqres binası ətrafında gərginlik davam edir.

Konqres binasına girən etirazçıları sülhə riayət etmək və zorakılığa yol verməməyə çağıran Prezident Donald Tramp daha sonra Milli Qvardiyaya binada baş verənlərə müdaxilə etmək əmri verib. ABŞ mətbuatı Pentaqonun Milli Qvardiyanı tam şəkildə Konqres binasına göndərdiyini yazıb. Federal Təhqiqatlar Bürosuna bağlı SWAT qrupu da etirazçıları çıxarmaq üçün Konqres binasına daxil olub.

Bundan bir müddət sonra isə rəsmilər etirazçıların Konqres binasından tam çıxarıldığını açıqlayıb.

Qeyd edək ki, paytaxt Vaşinqtonda Ağ Evin yaxınlığında toplaşan prezident Donald Tramp tərəfdarları onun çıxışından Konqres binasına yürüşə başlayıblar.

Konqres binası qarşısında etirazçılarla müxalif qruplar və polislər arasında qarşıdurmalar yaranıb. Bir qrup etirazçı barrikadaları dağıdaraq binaya daxil ola bilib və nəticədə müzakirələr yarımçıq dayandırılıb. Konqres iclasına rəhbərlik edən vitse-prezident Mayk Pens isə təhlükəsizlik səbəbilə binadan çıxarılıb.

Konqres binasına daxil olan bəzi etirazçıların əlində odlu silah da olub. Binada atışma olub və bir qadın başından yaralanıb. Bir neçə saat sonra qadının öldüyü açıqlanıb. Ancaq qadının kimin tərəfindən vurulduğu açıqlanmır.

Tramp tərəfdarlarının Konqres binasına basqınından dərhal sonra paytaxt Vaşinqtonda komendant saatı elan edilib.

Bundan başqa Konqres binası ətrafında və Respublikaçılar Partiyasının Vaşinqtondakı qərargahında kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilib.

Tramp isə Vaşinqtonda etiraz aksiyası keçirənlərə müraciət edərək, onları dinc hərəkət etməyə çağırıb. “Xahiş edirəm, paytaxt polisimizi və asayiş keşikçilərimizi dəstəkləyin. Onlar həqiqətən də bizim ölkəmizin tərəfindədir. Dinc qalın!” – Tramp bildirib.

Bununla da ABŞ Konqresi 1814-cü ildəki ingilis işğalından sonra ilk dəfə zorakılıqlara səhnə oldu.

Qeyd edək ki, hadisələrdən əvvəl Tramp tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, demokratlar seçkidə saxtakarlıq edib və heç vaxt seçkilərdəki məğlubiyyətini qəbul etməyəcək: “Biz heç vaxt təslim olmayacağıq, biz heç vaxt məğlubiyyəti qəbul etməyəcəyik”.

Tramp prezident seçkilərinin nəticələrini təsdiqləyəcək Konqres iclasına rəhbərlik edəcək vitse-prezident Mayk Pensə də çağırış edərək nəticələrə itiraz etməyə səsləyib. Ancaq qısa müddət sonra Pens yazılı açıqlama yayaraq Trampın çağırışını rədd edib.

Rəsmi məlumatlara görə, seçkilərdə Trampın rəqibi, demokrat Co Bayden qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir