UNESCO ötən on illərdə ermənilərin mədəniyyət barbarlığına lazımi reaksiyanı versəydi…

Aydın Xan Əbilov: “UNESCO vaxtında öz məsul olduğu vəzifələri yerinə yetirsəydi və Ermənistana xəbərdarlıq etsəydi, bizim tarixi, maddi-mədəni irsimiz bu dərəcədə vandalizmə məruz qalmazdı”

img

Bildiyimiz kimi, Azərbaycanın işğaldan azad edilən ərazilərində erməni vandalizminin saysız izi var və zəngin maddi-mədəni irsimiz düşmən tərəfindən vəhşiliklə dağıdılıb, məhv edilib, yer üzündən silinib, xeyli bir hissəsi isə qarət edilərək qanunsuz yollarla İrəvana aparılıb.

Azərbaycan torpaqlarının işğalda olduğu 28-30 ildə Azərbaycan tərəfi dəfələrlə faktlarla və sübutlarla beynəlxalq təşkilatlara müraciət edib, onları erməni vandalizminin qarşısını almağa çağırıb. Lakin beynəlxalq qurumlar bu məsələyə hər hansı bir reaksiya verməyib, erməni vandalizminin qarşısını almayıb. Artıq iki aya yaxındır Azərbaycan öz ərazilərini işğaldan azad edib və işğaldan azad edilən ərazilərimizdəki tarix, mədəniyyət, arxeoloji abidələrin, maddi-mədəni irsimizin ermənilər tərəfindən vandalizmə məruz qaldığını bütün dünyaya çatdırıb. Onu da vurğulayaq ki, Azərbaycan dövləti dəfələrlə UNESCO-ya müraciət edərək qurum tərəfindən azad edilən ərazilərimizə missiya göndərilməsini istəyib. Lakin hələ də bu missiya ölkəmizə göndərilməyib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin UNESCO-nun Azərbaycana missiyasının göndərilməsi ilə bağlı UNESCO-nun mətbuata açıqlamasına dair şərhində bildirilir ki, Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib.

Bildirilir ki, ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib: “Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla evsahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda, üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir. Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyilə UNESCO tərəfindən ilk dəfə olaraq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi” adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin UNESCO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qanunsuz çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə UNESCO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı UNESCO Katibliyi qətiyyətlilik nümayiş etdirməyib”.

XİN bəyan edir ki, UNESCO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib: “Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə UNESCO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən, ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır. Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb (hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb), həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.

İşğaldan azad edilən Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanıb və ilkin monitorinqin nəticələri UNESCO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin, vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən, məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə UNESCO səssiz qalmayacaq.

Hesab edirik ki, UNESCO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. UNESCO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə UNESCO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.

Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını UNESCO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və UNESCO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir”.

Əgər ötən onillərdə UNESCO erməni barbarlığına göz yummasaydı, bunun qarşısının alınması üçün addımlar atsaydı, Azərbaycanın maddi-mədəni irsi bu qədər  erməni vandalizminə məruz qalmazdı, irsimiz Ermənistana daşınmazdı.

Azərbaycanın verdiyi informasiyalar, etdiyi müraciətlər əsasında araşdırma aparıb Ermənistana qarşı cəza tədbirləri görməli idi”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net portalının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər BMT-yə və onun təsisatlarından biri olan UNESCO-ya qarşı kəskin iradlarını bildirirlər: “Ən müxtəlif dövlətlər, Qoşulmama Hərəkatına üzv olan ölkələr, inkişaf edən və inkişaf etməkdə çətinlik çəkən ölkələr BMT-yə və onun təsisatlarından biri olan UNESCO-ya qarşı çox kəskin fikirlər bilirir, mövqelər ortaya qoyurlar. Bu beynəlxalq humanitar təsisatın daxilində dəyişikliklər, islahatlar aparılmalıdır. BMT, onun təsisatı olan UNESCO, eləcə də digər beynəlxalq təşkilatlar yalnız bəyanatlar verməklə kifayətlənməməli, həm də təsir mexanizmləri hazırlayıb ortaya qoymalıdırlar. Necə ki, münaqişələrdən iki dövlət arasında sülhməramlılar yerləşdirilir, eləcə də müharibə nəticəsində təbiət, mədəniyyət, tarixi-mədəni, humanitar irsi təcavüzə məruz qalan və nəticədə mədəni böhranın daha da dərinləşdiyi ölkələrdə münasibətlərin aydınlaşdırılması üçün həm BMT, həm də onun elm, təhsil, mədəniyyət üzrə dövlətlərarası üst qurumu sayılan UNESCO xüsusi təsir mexanizmləri fikirləşməlidir. Dəfələrlə Azərbaycanın dövlət qurumları, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, eyni zamanda da ictimai qurumları, həm ictimai fəallar, həm də mədəniyyət və incəsənət xadimləri BMT-yə, UNESCO-ya ingilis və digər dillərdə müraciət ünvanlayıblar ki, Dağlıq Qarabağda – Şuşada, Ağdamda, Azıx mağarasında, Xudafərin körpüsü və onun ətrafında, Kəlbəcərdə, eləcə də digər ərazilərimizdə ermənilər sivil sayılmayan siyasət aparır, abidələrimizi, maddi-mədəni irsimizi vandalcasına dağıdır, məhv edirlər. Ermənilər bizim həm saysız mədəniyyət abidəmizi dağıdıb, həm də böyük tarixi əhəmiyyət kəsb edən bəşər mədəniyyətində xüsusi yeri olan arxeoloji abidələrimizi, arxeoloji materiallarımızı öz adlarına çıxırlar. Azərbaycan tərəfdən bu istiqamətdə UNESCO-ya saysız müraciət edilsə də, təəssüflər olsun ki, nəticəsiz qalıb, bu təşkilatlar ya bir quru bəyanat verib, ya da tamamilə erməni vandalizminə göz yumublar. UNESCO erməni vandalizminə, onların Azərbaycanın tarixi mədəni irsini talamasına göz yummaqla öz işlərini bitmiş hesab edib. Bu təşkilat bəyan edib ki, bu, siyasi, hərbi məsələdir, biz belə məsələlərə qoşulmuruq. Bununla da öz yaxalarını geri çəkiblər. Bu da nəticədə ona gətirib çıxardı ki, Ermənistan heç nədən çəkinməyərək Azərbaycanın maddi-mədəni irsinə qarşı bu cür vandalizm hərəkətləri törətdi, maddi-mədəni irsimizin böyük hissəsini qarət etdi, mənimsədi, alban xristianlıq abidələrimizi öz adına çıxmağa cəhdlər etdi. UNESCO vaxtında öz məsul olduğu vəzifələri yerinə yetirsəydi və Ermənistana xəbərdarlıq etsəydi, bizim tarixi, maddi-mədəni irsimiz bu dərəcədə vandalizmə məruz qalmazdı. Yəni bu təşkilat  erməni vandalizminin başlandığı ilk dövrlərdə Azərbaycanın verdiyi informasiyalar, etdiyi müraciətlər əsasında araşdırma aparıb Ermənistana qarşı cəza tədbirləri görməli idi. UNESCO-nun tam səlahiyyəti var idi ki, hələ torpaqlarımız işğalda olduğu dövrlərdə həmin ərazilərə faktaraşdırıcı missiya göndərsin, lakin digər beynəlxalq təşkilatlar kimi bu qurum da bunu etmədi”.  

A.X.Əbilov qeyd etdi ki, illlər əvvəl Bülbülün, Üzeyir bəyin, Natəvanın heykəlləri ermənilər tərəfindən vandalcasına gülləbaran ediləndə də bu qurum səssiz qaldı. “Baxmayaraq ki, Azərbaycanın bu məsələ ilə bağlı həmin təşkilata müraciəti olmuşdu” – deyən A.X.Əbilovun sözlərinə görə, amma Ermənistan bütün cəbhələrdə uduzduqdan sonra “kilsələr, xristian abidələri dağıdılır, erməni məzarlıqları məhv edilir” məzmunlu yalançı, saxta bəyanatlarla bu quruma müraciət edir: “Bu gün Ermənistan öz saxta iddiaları ilə UNESCO-nun təsir mexanizmlərindən Azərbaycana qarşı istifadə etmək üçün cəhdlər edir. Biz, əlbəttə, həm dövlət, həm də ictimai təşkilatlar və yaradıcı insanlar olaraq Ermənistanın bu addımına etiraz edirik. Təklif edirik ki, UNESCO işğaldan azad edilən ərazilərdə erməni vandalizmi ilə xüsusi mübarizə aparan təsir mexanizmləri ortaya qoysun. Yadınıza gəlirsə, Əfqanıstanda və İraqda tarixi, arxeoloji abidələr dağıdılan, muzeylərə təcavüz edilən zaman UNESCO fəallaşmışdı. Ona görə ki, bu ölkələrdə xristian və buddist abidələrinə qarşı savadsız insanların hücumları vardı, UNESCO onda xristian, buddist abidələrini müdafiə edirdi. Azərbaycan əraziləri isə işğalda olduğu dövrdə burada ermənilər müsəlman abidələrinə, xristian, müsəlman mədəniyyətinə qarşı barbarlıq, vəhşi münasibət sərgilədiyindən, UNESCO-dan səs çıxmır. Biz UNESCO-dan bu gün daha ciddi addımlar, təsir mexanizmləri ortaya qoymasını istəyirik. Buna bizim haqqımız var” – deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA. 

https://www.baki-xeber.com/siyaset/113826.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir