Azərbaycanda müharibə filmləri niyə çəkilmir? Sorğu: kimlər mane olur?! Qulu Məhərrəmli və Aydın Xan Əbilovun cavabı
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər həm bugünkü, həm də gələcək nəsillərin yaddaşında xüsusi yer tutmalıdır. Əlbəttə, qələbəmizin əbədiləşdirilməsi üçün ən müxtəlif sahələrdə, xüsusən də mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində əsərlər yaradılmalıdır ki, bədii nümunələr vasitəsilə qələbəmiz nəsillərin yaddaşında həkk olunsun. Tarixi Zəfər mövzusu mədəniyyət və incəsənət əsərlərinin başlıca mövzusuna çevrilməli, əsərlər vasitəsilə təbliğ edilməlidir. Çox təəssüflər olsun ki, bu gün Vətən müharibəsi ilə bağlı heç bir bədii film çəkilmir. SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənməyə çalışıb.

Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist Qulu Məhərrəmli mövzu ilə bağlı SİA-ya bildirib ki, 44 günlük Vətən müharibəsi haqqında bədii filmlərin çəkilməsi çox vacibdir: “Bu günə qədər həmin gedişat haqqında, xüsusən də, Şuşanın azad olunması ilə bağlı televiziyalarımızda çox maraqlı sənədli filmlər yayımlanıb. Hesab edirəm ki, indiki şəraitdə cüzi maliyyə ilə bədii filmin çəkilməsi qeyri-mümkündür. Bunu çox yüksək səviyyədə yaradıcı, ssenari, rejissor qrupu təşkil olunmalı və bu filmin üzərində iş getməlidir. Buna xüsusi maliyyə ayrılmalıdır. Vaxtilə Rüstəm İbrahimbəyov “Köçəri” filmi çəkmişdir. Təxminən bu döyüşü elə bir film kimi təsəvvür edirəm. Çünki belə bir filmə böyük maliyyə qoyulmalı, böyük aktyorlar oynamalıdır. Bu, bütün dünyada göstərilməyə layiq olan bir sənət əsəri olmalıdır. Bizim kinostudiyamıza ildə 1 milyon manat ayrılmır. Maliyyə cəhətdən problemlər var. Əlbəttə ki, Azərbaycanda çox yaxşı rejissorlar var. Yaxşı olardı ki, bu film Hollivudla, Fransa, Almaniya ilə birgə istehsal olunsun ki, film çəkiləndən sonra onun piyarı daha yaxşı aparılsın”.

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya bildirb ki, İkinci Qarabağ müharibəsi bu və ya digər dərəcədə bütün sahələrdə təsirini, izini buraxdı: “Tarixi Zəfərimiz ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində özünü ifadə etməyə başladı. Ədəbiyyat, təsviri incəsənət, musiqi və sair sahələrində bu mövzuda yeni əsərlər meydana gəldi. Demək istəyirəm ki, Vətən müharibəsində qazandığımız zəfər mədəniyyət-incənət əsərlərində əks olunur. Əlbəttə, zəfərimizi gələcək nəsillərin yaddaşında həkk etmək bədii ədəbiyyat, kino, mədəniyyət və incəsənətin digər sahələrində daha məzmunlu, səviyyəli əsərlər yaradılmalıdır. Çünki qələbəmizin təntənəsini, əzəmətini sabahlara ötürüb yaşatmağımız üçün ən təsirli vasitə sənət əsərləridir. Vətən müharibəsi başa çatdıqdan sonra həm yerli, həm də beynəlxalq əhəmiyyətli layihələr, müsabiqələr keçirilib, buraya yerli sənət adamları, müəlliflərlə yanaşı xaricilər də qatılıb.
Əlbəttə, bu müsabiqələrdə yer tutan müəlliflərin hamısının əsərlərini birmənalı olaraq yüksək bədii-estetik tutumlu, kulturoloji tələblərə cavab verən nümunələr olaraq qəbul etmək mümkün deyil. Yüksək səviyyəlilərdə bu tələbləri ödəməyənlər də olub. Bildiyim qədər, indiyə kimi bu sahədə çoxlu sənət əsərləri yaradılıb. Bir çoxları ideoloji, vətənpərvərlik, maarifçilik hadisəsi kimi də qəbul edilə bilər. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqı, telekanallar, ictimai təşkilatlar, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, eyni zamanda Gənclər Fondu, bir çox nazirliklər bu istiqamətdə tədbirlər keçirib. Qələbənin təbliğ edilməsi, şəhid ailələrinin, qazilərin dəstəklənməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün minlərlə layihə həyata keçirilib. Bu sahədə çap olunan kitabların sayı daha çoxdur. Sənədli filmlər çəkilib, internet resursları yaradılıb, Zəfər Muzeyi, memorial muzeylər yaradılır. Yazıçılar, şairlər, rəssamlar, heykəltəraşlar Zəfər mövzusunun əbədiləşdirilməsi üçün daha möhtəşəm əsərlər yaratmalıdırlar. Bu gün daha çox yaradılan əsərlərin internet resursları vasitəsilə yayılmalı olduğunu deyən A.X.Əbilovun fikrincə, bu əsərlər ən müxtəlif müasir texnologiyalarla təbliğ edilməlidir”.
Arzu Qurbanzadə,https://sia.az/az/news/culture/946498.html

