Belə kinolardan heç kim zövq ala bilməz! VCA və YYSİB sədri, yazıçı-kulturoloq, ekspert Aydın Xan Əbilov sərt tənqid etdi

“Azərbaycan filmlərinin kinematoqrafiyasının problemləri saysız-hesabsızdır. Bu, yalnız Azərbaycanda deyil, digər postsovet ölkələrində yaşanan bir problemdir. SSRİ dövründə milyonlarla vəsait ayrılan bu sahəyə birdən-birə diqqət azaldı”.
Bu sözləri SİA-ya açıqlamasında Vətəndaş Cəmiyyəti Alyansı rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, kino işçiləri biznesmenlərin, maliyyə dəstəyi edəcək şəxslərin yardımı ilə filmlər çəkməyə məcbur oldular: “Bu da sözsüz ki, filmlərin həm estetik, həm də texniki baxımdan səviyyəsinin düşməsinə gətirib çıxarıb. Azərbaycan kinosu SSRİ-nin vaxtında çiçəklənmə dövrünü yaşayıb. Kinonun yeganə vizual sənət növü olduğunu, dövlətin kinematoqrafiyadan ideoloji silah kimi istifadə etdiyini nəzərə alsaq, Azərbaycan filmlərinin intibah dövrünün ötən əsrin 50-80-ci illərinə təsadüf etdiyini deyə bilərik. Hal-hazırda demək olar ki, əhəmiyyətli sənət əsərləri yaranmır. Artıq dövlət kinonun inkişafı ilə bağlı həm müsabiqələr təşkil etməyə, həm də maliyyə yardımı etməyə başlayıb. Lakin yenə də istənilən səviyyədə filmlər çəkilmir”. Ekspert sözlərinə davam edərək həmçinin qeyd edib ki, ümumiyyətlə, Azərbaycan tipli dünya ölkələrində ya kommersiya xarakterli, ya da dövlətin maliyyələşdirdiyi müəllif filmləri olur: “Azərbaycanda çəkilən hər iki tip film də gözləntiləri qarşılamır.
Eyni zamanda, Azərbaycanda kino tənqidi də yox dərəcəsindədir. Çünki hər hansısa bir aktyor və ya aktrisanı tənqid edən kimi insanlar həmin adamın üstünə düşməyə başlayırlar. Bu da kino sahəsinin zəifləməsinə gətirib çıxaran səbəblərdən biridir. Ümid yalnız Azərbaycan televiziya kanallarında nümayiş olunan kommersiya xarakterli, lağlağı film və seriallaradır. Onlarda isə cinayətkarlıq, qadın ticarəti, narkotik istifadəsi və s. təbliğ olunur. Belə kinolardan heç kim zövq ala bilməz.
Azərbaycan böyük kino sənayesinə malik, kino yayımlanan şəbəkəsi olan bir dövlət deyil. Vətəndaşların ödədiyi vergi ilə çəkilən kinolara sahibik. Ona görə də bu mövzuda ictimaiyyətin də qınağı olmalıdır. Nə qədər ki, Azərbaycanda geniş kino mərkəzi yaradılmayıb, bu sahədə bir o qədər də problemlər olacaq”.
Müəllif: Ləman Əlizadə

