Valideynlər qız uşaqlarını xüsusi mülkiyyət kimi istifadə edir. VCA – YYSİB sədrindən etiraz
“XXI əsrdə yaşasaq da, təəssüf ki, bəzi insanlar sanki keçmiş dövrdə yaşayan birinin düşüncəsinə sahibdir. Valideynlər qız uşaqlarını xüsusi mülkiyyət kimi istifadə edirlər. 14 yaşı tamam olan kimi qız övladlarını ərə verərək iqtisadi yükü azaltmaq istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, son vaxtlar Qeyri-Hökumət Təşkilatları, ümumilikdə dövlət olaraq bununla ciddi mübarizə aparılır: “Belə halların sayı azalsa da, yenə də rayonlarda, bəzən paytaxtın özündə belə yetkinlik yaşına çatmayan qızların ərə verilməsi faktları qeydə alınır. Bu faktların sonu isə qətl, evdən qaçma kimi acı nəticələrlə bitir. Psixoloji xəstəxanaları araşdırsaq, gənc qadınların abort etdirmək faktlarına nəzər yetirsək bunların çoxuna valideynlərin səbəb olduğunu görərik. Bəzən isə gənc qızların özü də sosial şəbəkələr və ya serialların təsirinə düşür, qarşı tərəfi yaxşı tanımadan tez ailə qurmaq istəyirlər”.
Ekspert sözlərinə davam edərək belə qeyd edib: “Bu baxımdan günahı olan valideynlər sərt şəkildə cəzalandırılmalıdır. Cəzadan öncə isə ictimai məsuliyyətə cəlb olunmalıdır. Bugünkü gündə öz övladı üçün belə bir addım atan valideyn, növbəti gün başqa birinin övladına qarşı daha pis münasibət göstərə bilər. Ümumiyyətlə, Azərbaycanda azyaşlıların evliliyi ilə bağlı məsələlərdə ictimi düşüncədə ciddi dəyişiklik etmək lazımdır. Bir çox inkişaf etmiş ölkələrdə 25 yaşdan erkən evlənən insana normal baxmırlar. Belə tez evlənən insanın məsuliyyətsiz olduğunu, ailənin sosial, psixoloji və mədəni yükünü öz üzərinə götürə bilməyəcəyini düşünürlər. Valideynlər uşaqlarını az yaşda evləndirib, onları ailə məsuliyyəti ilə yükləyərək həyatlarını məhv edir. Eyni zamanda, qızlar az yaşda ailə qurub, uşaq sahibi olduqda bu, onların sağlamlığına da ziyan vurur. Valideynlər asanlıqla uşaqlarını başlarından edə bilər, lakin onlar xəstələnəndə yaxud doğuş zamanı öləndə iqtisadi, sosial və digər problemlərini dövlət həll etməli olur. Ona görə də bu cür şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Onlar xüsusi brasletlərlə nişanlanmalı, dövlət tərəfindən hər hansı bir yardımdan, ümumiyyətlə valideynlik hüququndan məhrum edilməlidir. Çünki belə insanlar cəmiyyətin hüquqlarına qarşı çıxırlar”.
Ləman Əlizadə,https://sia.az/az/news/social/939418.html

