Aleksandr Kalyaginin Rüstəm İbrahimbəyov haqqında dedikləri hamını kövrəltdi. üstəm İbrahimbəyovun yarımçıq qalan ƏSƏRİ
Aleksandr Kalyaginin Rüstəm İbrahimbəyov haqqında dedikləri hamını kövrəltdi

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən Rusiyanın Xalq artisti Aleksandr Kalyaginin Rüstəm İbrahimbəyov haqqında olan düşüncələrini təqdim edirik.
Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının, Ümumrusiya Teatr Cəmiyyətinin sədri, Rusiyanın Xalq artisti Aleksandr Aleksandroviç Kalyagin yaxın dostu, həmkarı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Xatırladaq ki, A.Kalyagin Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilmiş “İstintaq”, “Park”, “Bağlı qapı arxasında”, “Özgə ömür” filmlərində fərqli xarakterlər canlandırıb.
Rusiyanın Teatr Xadimləri İttifaqının rəsmi saytında dərc edilən başsağlığı mətnində deyilir:
“Mən çox yaxın dostumu, mənə son dərəcə doğma olan insanı, Rüstəm İbrahimbəyovu itirdim. O, mükəmməl dramaturq, ssenarist, yazıçı idi. Tərcümeyi-halımın bir çox mühüm mərhələləri onun adı ilə bağlıdır. Rüstəm İbrahimbəyovun pyesi əsasında qoyulan “Şirə bənzər” tamaşasından sonra mənim Moskva Bədaye Akademik Teatrındakı həyatım başladı. Mən onun ssenarisi üzrə gözəl rejissor Rasim Ocaqovun quruluş verdiyi dörd filmdə çəkildim. SSRİ Dövlət mükafatını “İstintaq” filmindəki roluma görə aldım.
Biz Rüstəmlə neçə illərin dostu idik. Uzun müddət görüşməyə bilərdik. Lakin dost olaraq qalırdıq. Biz bilirdik ki, bir-birimizin həyatında varıq, hətta həmin vaxt Rüstəm Amerikada, mən isə Moskvada olsaydım.
Üç il əvvəl o, özünün yeni, “Dumanlı səhər” adlı pyesini gətirdi və dedi ki, yubileyi münasibətilə bizim teatrda qoyulmasını istərdi. Və Allaha şükür ki, tamaşa hazırlandı, bütün bu üç il ərzində də oynanılmaqdadır. Rüstəm yaxşı tanıdığı, yaş etibarilə doğma olduğu, keçmiş haqqında, öz dövrlərinin kumirləri, indi köhnəlmiş kimi görünən dəyərləri haqqında xatirələrlə yaşayan insanların əhvalatını danışıb.
Bu böyük yaradıcı, müdrik insanın müəllif tamaşasıdır və onun tamaşaçıya əsas sözü budur:
“Qoca o kəsdir ki, sevmir, ömrü boyu sevməyən heç gənc də olmayıb”. Rüstəm özü bütün ömrü boyu sevib və ömrünün sonuna kimi gənc, açıq, həyatsevər, hər bir yeniliklə maraqlanan insan kimi qalmışdı. İbrahimbəyovun pyesləri bütün ölkənin teatrlarında qoyulub, ssenariləri əsasında çəkilmiş filmlər ümumxalq məhəbbəti qazanıb.
Ssenarisini Valentin Yejovla birlikdə yazdığı “Səhranın bəyaz günəşi” filminin adını çəkmək kifayətdir. O, bir neçə dəfə SSRİ və Rusiya Dövlət mükafatlarına layiq görülüb, hətta “Oskar”ı, “Qızıl Şir”i və bir çox başqa nüfuzlu mükafatları var idi. Onun pyesləri dünyanın 100-dən çox ölkəsində tamaşaya qoyulub.
Mənə elə gəlir ki, teatr onun həyatının əsas işi, başlıca fəaliyyəti idi. Bir dəfə mənə belə bir söz dedi:
“Ssenarini yazıb təhvil verəndə anlayırsan ki, bundan sonra o, özünün müstəqil həyatını yaşamağa başlayır. Teatrda isə hər şey başqa cürdür”. Yəqin ki, o, haqlı idi. Ancaq mən bir şeyi dəqiq bilirəm: onun əsərləri hələ uzun illər yaşayacaqlar – pyesləri də, filmləri də.
Rüstəm İbrahimbəyovu doğma Bakısında da unutmayacaqlar, bizdə, Rusiyada da və dünyanın bir çox başqa şəhərlərində də.
Onun gedişi bütün sənət aləmi üçün böyük itkidir. Bu mənim şəxsi itkimdir. Mən heç vaxt unutmayacağam, sevgi ilə, böyük hörmət hissi ilə daim xatırlayacağam. Mədəniyyətimiz və hər birimiz üçün etdiklərinə görə ruhu qarşısında baş əyirəm.
Doğmalarına və yaxınlarına ən səmimi başsağlığı ifadəsi ilə Aleksandr Kalyagin”.
Rüstəm İbrahimbəyovun yarımçıq qalan ƏSƏRİ

“Atamın vəfatından sonra, Fuad Poladovun gedişi ilə sarsıldım. Eyni hissləri Rüstəm İbrahimbəyovun vəfat xəbərini alanda yaşadım”.
Bu fikirləri Bizim Media-ya özəl açıqlamasında Əməkdar artist Mələk Abbaszadə deyib.
Səhhəti ilə bağlı bir müddətdir səhnədən uzaq düşən Mələk Abbaszadə, Rüstəm İbrahimbəyovun vəfat xəbərini eşitdiyi andan göz yaşlarını saxlaya bilmədiyini deyir:
“Rüstəm müəllimin həyatımızda olmasına çox alışmışdım. Tez-tez görüşməsək də, müəyyən müddət Azərbaycanda olmasa da, onun varlığını bilmək mənə bəs edirdi. Telefonla danışırdım, mesaj göndərirdim. Hər zaman ondan nəsə öyrənirdim. Elə fikirləşirdim ki, hər zaman belə olacaq. Son aylarda xəstə idi. Amma onun sağalacağına inanırdım. Çünki Rüstəm müəllim sağlam, həyat dolu insan idi. Planları, gerçəkləşdirmək istədiyi fikirləri var idi.
Onun gedişi ilə sanki dünya yıxıldı. Rüstəm müəllim çox təmkinli adam idi. Hisslərini çox göstərməyi sevməzdi. Amma yenə də onun bizə ötürdüyü hissləri istilik, güvən duyğusu idi. İki gündür bu hisslər içindəyəm. Fikirləşirəm ki, nə vaxtsa ona bənzər bir insan yenidən dünyaya gələ bilər? Təbii ki, bu mümkün olmayacaq. Bəzən deyirlər ki, əvəzolunmaz insan yoxdur.
Bu, çox yalnış fikirdir. Rüstəm İbrahimbəyovu heç kim əvəz edə bilməyəcək. Rüstəm müəllimin sənəti şəxsiyyətini, şəxsiyyəti isə sənətini tamamlayırdı. Çoxları onu kosmopolit olmaqda günahlandırırdı.Amma Rüstəm İbrahimbəyov dünyəvi insan idi. Millətini çox sevirdi. Hər zaman dünya insanı kimi düşünməyə çalışırdı.
Deyirdi ki, biz çox zaman bütün məsələlərdə azərbaycanlı kimi düşünməyə çalışırıq. Amma fikirlərimizi obyektiv olaraq dünyaya çatdırmaq istəyiriksə, özümüzün mənfi və müsbət tərəflərimizi daha düzgün görməli və qiymətləndirməyi bacarmalıyıq” deyən Mələk Abbaszadə Rüstəm İbrahimbəyovun yarımçıq qalmış son səhnə əsərindən də söz açdı:
“Rüstəm müəllim “İbrus” Teatrında 44 günlük müharibəyə həsr edilən pyesi əsasında tamaşa hazırlayırdı. Bu pyes Rüstəm İbrahimbəyovun son pyesi idi. Pyesdə ağır müharibənin insanlara gətirdiyi bəlalar fonunda, məhəbbət üçbucağı təsvir edilib.
Əsərin məqsədi dünya ictimaiyyətinə torpaqlarımızın işğal edilməsini, işğaldan sonra didərgin əhalinin yaşadıqlarını göstərmək idi. Həmçinin əsərdə Xocalı faciəsinə də toxunulurdu.
Tamaşa zamanı videokadrlardan, müharibədən olan görüntülərdən istifadə ediləcəkdi. Əsərin məqsədi dünyaya haqq-ədalətin kimin tərəfində olduğunu, əslində hadisələrin necə cərəyan etdiyini göstərmək idi. Çünki bu əsər Rusiya və xarici ölkələrdə də nümayiş ediləcəkdi. Çox təəssüf ki, tamaşa yarımçıq qaldı. 2021-ci ilin yay ayına qədər əsər üzərində məşqlər oldu. Sonra fasilə verdik. Çünki Rüstəm müəllim, müəyyyən vaxtlarda Rusiyaya gedib, gəlirdi.
Daha sonra mənim xəstəliyim başladı. Məşqlər bir az da mənə görə dayandı. Fikrimizdə vardı ki, tamaşanı bu il yanvar ayında təhvil verək. Amma bu dəfə də Rüstəm müəllim xəstələndi. Beləliklə tamaşa yarımçıq, bitməmiş vəziyyətdə qaldı.
Tamaşada baş rolda mən çıxış edirəm. Həmçinin Xalq artistləri Məbud Məhərrəmov, Fuad Osmanov, gənc aktyor Mikayıl Əliyev, Sadıq Əhmədov çıxış edəcək.
Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar işimiz yarımçıq qalsa da ümid edirəm ki, bu tamaşanı davam etdirib, ustadımızın ruhuna ithaf edəcəyik”.
Bizim.Media

