Reytinq xatirinə lazımsız reklamlar verirlər. VCA və YYSİB sədri, analitik ekspert irad bildirdi…

“Azərbaycan teleməkanında çox böyük problemlər var. Əslində, cəmiyyətin intellektual səviyyəsindən asılı olaraq onun televiziya efirində də səviyyəli, zövqlərə cavab verən, intellektual və kreativ baxışları özündə əks etdirən proqramlar hazırlanır”. Bu sözləri SİA-ya açıqlamasında VCA və YYSİB sədri, yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, qonşu ölkələrlə müqayisədə Azərbaycanda televiziyaların həddindən artıq bayağı və zəif verlişlər hazırlaması göz önündədir: “Bayağı, zəif, ekspertlərin artıq getmədiyi və yalnız pullu ekspertlərin tez-tez dəvət edildiyi efirlərdə əlbəttə ki dava da, qalmaqal da olacaq. Həmçinin belə pulla qidalanan verlişlərdə reytinq xatirinə lazımsız reklamlar verirlər.
Baxın, harada atasından anasından bixəbər, əxlaqsız, ərini-arvadını atan, xəyanət edən varsa onları sosial verlişlərdə qəhrəman kimi xalqa sırıyırlar. Hanı qazilərin, şəhid ailələrinin problemi ilə məşğul olan sosial verlişlər?! Hər şeyi dövlətin boynuna atırlar. Tanınmış və mədəniyyət xadimləri var ki, onların maddi vəziyyəti bərbaddır. Onlar maaş almır”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib:
“Gənclərin və azyaşlıların mənəviyyatını pozan verlişlərə yox demək lazımdır. Klassik telekanallar yavaş-yavaş tarixin bir küncünə gedir. Mən inanmıram ki, yeni nəsil bu verlişlərə baxır. Amma yenə də insanlar təbiətən qalmaqala, davaya meyilli olublar.
Biz bunlarla bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciət etmişik. Telekanallara, internet resurslarına nəzarət edən qurumlar yaratmaq lazımdır. Öz adamlarını, qohum-əqrəbalarını dövlət qurumlarına gətirib salırlar. Onlar heç bir nəzarətedici funksiya daşımırlar. Çünki onların özlərinə də müəyyən mənada paket göndərirlər, pul verirlər.
Bu davalarla, qalmaqallarla Azərbaycan tamaşaçısını qaçırırlar. Onlar öz kanallarımızdan üz döndərib xarici kanallara üz tutur. Kanallar öz səviyyə və simasını itirirlər. Azsaylı verlişlər var ki, həqiqətən maarifləndiricidir.
Verlişdəki ekspertləri ailəsindən bixəbər insanlar söyür. Ona görə də bir çox ekspertlər telekanallardan üz döndərir. Bir çox ekspertlərin müxtəlif kanal efirlərində iştirak etməsi kanallar arasında rəqabət mühiti yaradır. Buna görə də biz səviyyəli verlişlərə həsəd qalmışıq”.
Ayşən Vəli –https://sia.az/az/news/social/936484.html

