“Niyə bunu genetik saflığını saxlayan Qafqaz regionunda tətbiq etmək istəyirlər?” VCA və YYSİB sədri Aydın Xan Əbilovun ekspert rəyi


Aydın xan Əbilov: “Dini və mental cəhətlərimiz imkan vermir ki, LGBTİ üzvləri…”

Ötən həftə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Cənubi Qafqazda LGBTİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) durumundan narahatlığını bildirib. Qurum “bu şəxslərin hüquqlarının çoxsaylı pozuntuları ilə bağlı” məlumatların olduğunu deyib. “Bu ölkələr cinsi oriyentasiya, gender kimliyi, gender özünüifadəsi və seksual xüsusiyyətlərə görə ayrı-seçkiliyə qarşı effektli qanunvericilik və siyasət qəbul etməlidirlər”, – deyə qurum vurğulayıb.

Qurum həmçinin  “LGBTI təmsilçilərinin gey-parad yürüşləri tipli ictimai tədbirlər keçirmək hüququnu”, onların təhlükəsiz keçirilməsini təmin etməyə, “iştirakçıları zorakılıqdan qorumağa”, transgendr şəxslərə doğum sənədlərində adlarını və cinslərini dəyişməyə icazə verməyə, LGBTI təmsilçilərinin hüquqlarının müdafiəsinə çalışan vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı gücləndirməyə, onların müstəqilliyini, bu qurumlarla işləyənlərin təhlükəsizliyini təmin etməyə çağırışlar edib.

Məlum məsələdir ki, Azərbaycan 2000-ci ildə Avropa Şurasına daxil olub və götürdüyü öhdəliklərdən biri də homoseksuallarla bağlı olub. Azərbaycan hakimiyyəti vətəndaşların təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu, Daxili İşlər Nazirliyi bəyanatlarında polisin cinsi azlıqları təqib etmədiyini bildirir. Bu bir faktdır ki, cəmiyyət də 20-30 il əvvəl etiraz etdiyi bu kimi məsələlərə artıq normal yanaşmağa başlayıb. Bəs Şərq ölkəsi olan, xüsusən də özünəməxsus adət-ənənəsi, mental dəyərləri, xüsusiyyətləri olan Azərbaycanda gey- paradların, yürüşlərin  keçirilməsinin tövsiyə olunmasını cəmiyyətimiz qəbul edə biləcəkmi? Ümumiyyətlə, Avropanın bu cür tövsiyə və diktələri oturuşmuş adət-ənənələrimizin, milli dəyərlərimizin sıradan çıxmasına gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın xan Əbilov “Yeni Müsavat”a danışıb: “Bəli, Avropa İttifaqı və Avropa Birliyindən, Qərbdən gələn bir çox qanunları Azərbaycan parlament səviyyəsində qəbul edib və qanunvericiliyimizə daxil olub. Elə tələblər var ki, Azərbaycanın mental dəyərlərini nəzərə alıb,  ona həssaslıqla yanaşılıb.v

AŞ PA çoxdandır ki, LGBTİ üzvləri, o cümlədən cinsi azlıqların və digər bu tipli insanların hüquqları ilə bağlı Avropa qanunvericiliyində olan tələblərin Azərbaycanda  oturuşması ilə bağlı dövlətimizə təsir edir. Və nəinki Azərbaycana, həm də Qafqazın  digər ölkələrinə, yəni Gürcüstana, Ermənistana, həmçinin Türkiyəyə də təzyiqlər var. Hətta bildiyim qədər Avropa Birliyinin təklifi ilə “İstanbul konvensiyası” qəbul edilmişdi, hansı ki orada qadınlara qarşı ailədaxili zorakılıq ilə bağlı müzakirələrə səbəb olan bir bənd var idi. Azərbaycandan və Rusiyadan başqa digər ölkələr həmin konvensiyaya imza atmışdı.

Bu məsələyə hərtərəfli baxmaq lazımdır. Biz istəsək də, istəməsək də bu tipli  insanların sayı dünyanın hər yerində artmağa başlayıb, o cümlədən də  Azərbaycanda. İşsizlik, koronavirus pandemiyası, karantin qaydalarının sərtləşdirilməsi, müharibə, sosial şəbəkələr, stress və depressiya hər cinsdə olan insanların təməl cinsi bacarıqlarını mənfiyə apara biləcək şəraitlər yaradıb. Diqqət etsək görərik ki, ailə nikahlarının pozulmasının da təxminən 60 faizi məhz  ailədə qadın və kişi tərəfindən bir-birinin cinsi istəklərinə layiqincə cavab verilməməsi və yaxud normal qızın “mavi” ilə, əksinə, lezbiyanka qızın normal kişi ilə evləndirilməsi problemlərindən irəli gəlir.

Qeyd etdiyim kimi, dünyada gedən bu proses getdikcə Azərbaycanda da çoxalmağa başlayıb. Biz buna göz yumsaq da, faktiki olaraq mövcuddur. Onların hüquqları ilə bağlı Azərbaycan Konstitusiyasında, qanunvericiliyində hər hansı  bir digər məcəllədə demək olar ki, heç bir qadağa yoxdur. Məsələn, qanunvericilikdə eyni cinsli nikahlarla bağlı nə  qadağa, nə də onları təqdir edən bir bənd var. Ona görə də  Avropa Birliyinin bu tələbini anlamaq olmur.

Daha bir məsələ, Qafqazın özünəməxsus xüsusiyyətləri var. Bizim dini və mental cəhətlərimiz var ki, onlar imkan vermir ki, bu tipli münasibətdə olan insanlar öz yaşayış  tərzini, oreyentasiyasını paradlar, mitinqlər şəklində, təmtəraqlı surətdə təbliğ və ya reklam etsinlər. Bir daha qeyd edirəm ki, Azərbaycanda bu tip insanlara qarşı basqı və təzyiq yoxdur. Əgər bu tip insanlar qadın kimi bədənlərini satıb, insan alveri ilə məşğuldursa, yoluxucu xəstəlik  yayırlarsa, uşaq və yeniyetmələrin mənəvi əxlaqını pozurlarsa,  sözsüz ki, qanunvericilikdə bununla bağlı müddəalar var və çox zaman bu müddəalar da tətbiq olunur.

Son vaxtlar digər problemlər də var. Belə ki, hansısa kiçik məmurların, polis işçilərinin, rüşvət almaq istəyən korrupsionerlərin insanların cinsəl həyatından  çıxış edərək, onların sıxışdırılması ilə bağlı və yaxud  iş yerlərində, məktəblərdə uşaqların, hansısa oreyentasiyası fərqli olan insanların sıxışdırılması halları ilə rastlaşırıq. Bəzən hərbidə olan cinayətlər, orta məktəblərdə olan intihar halları, boşanmaların səbəbini axtaran zaman bu basqıların, qeyri-qanuni təzyiqlərin olduğunu müşahidə edirik. Lakin bu, Azərbaycanda kütləvi hal almayıb.

Əlbəttə ki, cəmiyyətimizdə bu insanlara qıcıqla yanaşmamalıyıq. Onlar tarixən mövcud olublar və onların sıxışdırılması, təzyiq göstərilməsi hətta inqilablara gətirib çıxarıb. Beləliklə, bu prosesin müsbət və mənfi tərəfləri ilə artıq tanışıq. Lakin yenidən bunun  Azərbaycan kimi ölkədə tətbiq olunmasına çağırışlar edilməsini anlaya bilmirik. Əgər bir çoxlarının da dediyi kimi, bu məsələ insan artımına qarşıdırsa, zəhmət çəksinlər Hindistan,  Çin kimi milyardlarla əhalisi olan ölkələrə tətbiq etsinlər. Niyə Qafqaz kimi genetik saflığını saxlayan dövlətlərə tətbiq etmək istəyirlər? Və hökm deyil ki, biz o qanunlara gedək”.

Xalidə Gəray
“Yeni Müsavat” –

https://musavat.com/mobile/news/niye-bunu-genetik-safligini-saxlayan-qafqaz-regionunda-tetbiq-etmek-isteyirler_864223.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir