Azərbaycan Gənclər Təşkilatlarının Peşəkar Platforması təsis edildi. Gənclər Günü ilə bağlı Gənclər işləyən Peşəkar QHT-lərin bəyanatı
AZƏRBAYCAN GƏNCLƏR TƏŞKİLATLARININ PEŞƏKAR PLATFORMASI
Mətbuat üçün Açıqlama
Azərbaycan Gənclər Təşkilatlarının Peşəkar Platforması təsis edilmişdir
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətində dövlət strukturları ilə yanaşı qeyri-hökumət gənclər təşkilatları da daim öz fəallıqları, bacarıq və təcrübələri, layiqli töhfə və peşəkar addımları ilə seçilmişlər.
Məhz 25 illiyini qeyd etdiyimiz Gənclər Günün ərsəyə gəlməsində və ondan sonra irəliləyən bu illərdə gənclər təşkilatları hər zaman dövlətin və cəmiyyətin inkişaf və tərəqqisində, gənclərin maariflənlənməsində, vətənpərvər və fəal vətəndaş kimi formalaşmasında, beynəlxalq inteqrasiya və gənclər mübadiləsində öz sözlərini demişlər. Bu müddətdə formalaşan təşkilatların bir çoxu artıq peşəkar səviyyəyə yüksəlmiş, proffesional addımları ilə milli və beynəlxalq səviyyədə hökumət qurumlarının və digər strukturların tərəfdaşlarına çevrilmişlər.
Uzun müddət gənclər siyasətində və bütövlükdə vətəndaş cəmiyyəti sferasında aktiv fəaliyyətləri ilə seçilən bir qrup qeyri-hökumət gənclər təşkilatları cəmiyyətin yeni çağırışlarına, ölkədə və regionda yaranan yeni reallıqlara, dövlətimizin quruculuq və islahat siyasətinə adekvat dəstək vermək üçün yeni bir əməkdaşlıq platforması təsis etməyi qərara qərara almışlar.
10 qeyri-hökumət gənclər təşkilatının təsis etdiyi və “Azərbaycan Gənclər Təşkilatlarının Peşəkar Platforması” (bundan sonra AGTP Platforması) adlanan bu birgə əməkdaşlıq və tərəfdaşlıq mərkəzi dövlətçilik və azərbaycançılıq prinsipləri əsasında ölkədə gənclər siyasəti, gənclərlə iş, gənclərin fəal iştirakı, cəmiyyətdə gənclərə dair qərar qəbuletmə və icraçılıqda onların rolunun artırılması və vətəndaş cəmiyyətinin inkişafı sahəsində fəaliyyət göstərən bir əlaqələndirici koalisiya rolunu oynayacaqdır.
AGTP Platforması milli, regional və beynəlxalq səviyyədə Platforma üzvlərinin əlaqələrinin koordinasiyasına, müxtəlif hökumət, qeyri-hökumət, özəl və beynəlxalq qurumlarla peşəkar əməkdaşlığın qurulmasına, cəmiyyətdə gənclərin fəal rolunun təmin olunmasına dair təşəbbüslərin gerçəkləşdirilməsini, təkliflərin hazırlanmasını və davamlı fəaliyyətlərin formalaşmasını hədəfləyir.
AGTP Platforması ölkədə vətəndaş cəmiyyətinin inkişafına, ictimai nəzarət mexanizmlərinin dayanıqlı işləməsinə və bu proseslərdə gənclərin bilik, bacarıq və təcrübələrindən də yetərincə istifadə olunmasına ciddi dəstək verməyi də əsas məqsədlərdən biri kimi görür.
AGTP Platforması Azərbaycanın milli maraqlarına uyğun ölkəmizin haqlı və ədalətli mövqeyinin beynəlxalq və regional səviyyədə müdafiəsi, təbliği və dəstəklənməsi istiqamətində koalisiya üzvlərinin iştirakı ilə xarici ölkələrdə müxtəlif layihə və proqramları gerçəkləşdirməyi də nəzərdə tutur.
Azərbaycan Gənclər Təşkilatlarının Peşəkar Platforması Təşkilat Komitəsinin katibliyi.
Bakı, 02 fevral 2022-ci il
Bir qrup Peşəkar Gənclər QHT-sinin bəyanatı
2 fevral – Gənclər günü”nün təsis olunmasından 25 il keçir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezident İlham Əliyev dövlət basçısı seçildikdən sonra xüsusi ilə uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçilməsinə böyük töhfələr vermiş kifayət qədər köklü gənclər təşkilatları – ARGTMŞ/NAYORA, İrəli İB, İslahatçı Gənclər İB, DGTYB İB, Gənclər üçün Təhsil Mərkəzi, Azəri Gənclər Alyansı İB, Gənclərin Həmrəyliyi İB, Yurd İntellektual İnkişafa Dəstək İB, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Addım Gənclərin İnkişaf Mərkəzi, Gənclərin Töhfəsi İB, ADSAYO, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İB, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, DANİB, Təxris Olunmuş Gəncləri Maarifləndirmə İB və digərləri mövcuddur. Sadalanan təşkilatlar ötən 10 il ərzində dövlətçilik, millətsevərlik və vətənpərvərlik mövzusunda gənclərə ünvanlanmış yüzlərlə maarifləndirici tədbir, layihə həyata keçirmiş, Azərbaycan gerçəkliklərini dünyada tanıtmağa nail olmuşlar.
Ulu Öndərin bilavasitə iştirakı və sərəncamı ilə həyata vəsiqə qazanan və 25 illik yubileyi böyük Qələbədən sonraya təsadüf edən
2 Fevral Gənclər Günü bu il yəqin ki, qalibiyyətimizin memarı, mohtərəm Prezidentimizin iştirakı ilə təntənəli formada qeyd edilir.
Yuxarıda adlarını qeyd etdiyimiz və etmədiyimiz, uzun illər dövlətin gənclər siyasətinin təşəkkül tapmasında, ölkəmizdə bütün spektirlər üzrə uğurla yayılmasında və uca agac təki köklərini cəmiyyətin dərinliklərinə nüfuz etdirməsində əvəzsiz rolu olmuş gənclər təşkilatlarının 2 Fevral Gənclər Gününün 25 illiyi ərəfəsində müzəffər Ali Baş Komandanla görüşməsi həm bu QHT-lərin, həm də bütövlükdə ictimai sektordakı gənclərin gələcək uğurlu fəaliyyəti üçün böyük stimul olardı. Hər iki Vətən müharibəsi zamanı arxa cəbhədə, informasiya savaşında, İnternet və sosial səbəkələrdə yüksək fəallığı ilə seçilən gənclər təşkilatları da yenə sadaladığımız, eləcə də adıçəkilməyən, sayı o qədər də çox olmayan gənclər təşkilatları idi. Gəncliyə xidmət, sərhədlərini aşan, ötən illərdə dövlətçiliyin müdafiəsi üçün gözünü qırpmadan özünü ictimai döyüş meydanına atan və hazırda böyük təcrübəyə malik olan gənclər təşkilatlarının rəhbərlərinin həqiqətən də dövlət siyasətinin diqqətində saxlanılması çox vacibdir.
Amma təəssüflər olsun ki, bəzən qəribə və neqativ tendensiyanın şahidi oluruq.
Milli maraqlarımız, dövlətçiliyimiz üçün həlledici məqamlarda harada olduğundan yalnız özlərinin xəbərdar olduğu bir qrup gənclər Azərbaycan gəncliyi adından mükafatlandırılır, müxtəlif adlara layiq görülür, təltif edilir və müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə xüsusi xidmətləri olan aparıcı ictimai liderlər kimi təqdim olunur. Əslində isə illərdir ictimai həyata ömrünü verən, dövlətə bütün canı, qanı ilə bağlı olanlarla bağlı isə sanki yoxmuş kimi davranılır. Bu çox üzücü faktor kimi qəbul edilir. 20-dən çox gənclər təşkilatının Gənclər günündə hələ də heç bir rəsmi tədbirə dəvət almadıqlarından tamam həvəsdən salınıblar.
Halbuki illər öncə mərhum nazir Azad Rəhimovun vaxtında ən ali tədbirlərə belə hər kəs bir nəfər kimi dəvət edilirdi. Sadəcə maraqlıdır, siyahı hansı meyarlara əsasən tərtib edilir? Bəlkə də bir qrup gənclər Prezident Administrasiyası ilə Gənclər və İdman Nazirliyi arasında kommunikasiya probleminin qurbanına çevriliblər?! Necə deyərlər, məsələ gəncliyinin ən gözəl illərini dövlətə və Vətənə xidmətə həsr edən bir qrup gənc liderlərin diqqətdən kənar qalmasıdır. Olsun , daima canımız Vətənə fəda! Hər zaman dövlətçilik prinsiplərinə sadiq qalmaq və pafosdan kənar real işlər həyata kecirmək naminə fəaliyyətimizə davam etməkdə israrlıyıq!
Bir qrup Peşəkar Gənclər QHT-sinin bəyanatı.

