Təhsil kreditindən bu tələbələr yararlana biləcək: hansı müddətə verildiyi açıqlandı. “Ən çətin tələbə kreditləri şərtləri Azərbaycandadır,” – Ekspert

Təhsil kreditindən bu tələbələr yararlana biləcək

“Təhsil tələbə kreditindən tələbələrimiz normativ təhsil müddətində istifadə edə biləcəklər. Bu müddəti aşan tələbələr o hüquqdan istifadə edə bilməyəcəklər. Bu tələbələr əyani və ödənişli təhsil almalıdırlar. Kredit semestr üzrə veriləcək. Və o tələbələrə veriləcək ki, onların akademik borcu olmasın. Bu kredit sığortalanır. Kreditlər banklar vasitəsilə və Azərbaycan manatı ilə veriləcək. Ali təhsilin bakalavr, magistr, orta ixtisas və peşə səviyyəsində təhsil alanlar bundan yararlana biləcəklər”.

Bu barədə bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev bildirib. 

O, qeyd edib ki, təhsil tələbə kreditinin sosial və standart növü var. Birinci növ kreditlər sosial həssas qrupa aid tələbələrə yönəlib. Bu tələbələr ünvanlı sosial yardım alan ailənin üzvü olmalı, III qrup əlillik dərəcəsi olmalı və ya hər iki valideyni bu kateqoriyalardan birinə aid olmalıdır: işsiz olanlar, I və II qrup əlil olanlar və yaşa görə sosial müavinət və pensiya alanlar.

Nazir müavini, həmçinin bildirib ki, standart kredit alanlar iki şərti ödəməlidirlər: “Semestr üzrə müvəffəqiyyət göstəriciləri 71 baldan yüksək olmalı və illik təhsil haqqının 20 faizini ödəməlidirlər. Əgər tələbə bakalavrda təhsil alırsa və birinci semestrdə kredit əldə etmək istəyirsə, qəbul balı 300 və daha yuxarı olmalıdır.

Magistraturada bu bal 50-100 aralığında, subbakalavrda isə 110-300 aralığındadır”.

İ. İsayev qeyd edib ki, sosial təhsil krediti götürən tələbələrin müvəffəqiyyət göstəricisi həmin semestr üçün 71 baldan yüksəksdirsə, ona götürdüyü kreditə görə faiz hesablanmayacaq. Bütün təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yuxarı olubsa, ona kreditin və hesablanmış faizlərin 50 faizi güzəşt olunacaq. Tələbə standart kredit götürübsə və balı semetr üçün 91 baldan yuxarıdırsa, ona faiz hesablanmayacaq. Normativ təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yüksəkdirsə, götürdüyü məbləğin 25 faizi bağışlanacaq.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda 266 mindən artıq tələbə təhsil alır, onlardan 246 min nəfəri əyanidir. 146 min tələbə isə ödənişli əsaslarla təhsil alır. Onların heç də hamısının təhsil haqqını özləri qarşılamırlar. Bu tələbələrdən ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağı olanları  çıxsaq, 56  min 200 tələbənin kredit üçün müraciət etməsi gözlənilir.

Təhsil tələbə kreditinin hansı müddətə verildiyi açıqlandı

“Təhsil Tələbə Kredit Fondu tələbə kreditlərinin yuxarı həddini müəyyən edib. Fondun Himayəçilər Şurasının Nazirlər Kabineti ilə razılaşmasına əsasən, bu kredit hər il tələbə qəbulu zamanı təhsil haqqı məbləğində olacaq. Burada hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Ən aşağı məbləğ subbakalavrlardadır. İllik təhsil haqqı 400 manatdır. Ən yüksək isə magistratura səviyyəsi üçün 10 min manatdır”.

Bunu bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

O, qeyd edib ki, ən aşağı təhsil haqqı regionlarda, ən yuxarı isə 10 min manat ADA universitetindədir. Hər bir ixtisas üzrə ödənişli təhsil alan tələbələrə mübasibətdə bu məbləğ müəyyən edilir. Tələbələr təhsil kreditləri təhsil müddəti bitdikdən sonra 10 il ərzində qaytarmalıdırlar.

Nazir müavini əlavə edib ki, təhsil tələbə krediti dünyada 1960-cı ildən başlanılıb və hazırda 60 ölkədə tətbiq olunur. Bütün ölkələrdə dövlət tərəfindən subsidiyalaşdırılır. Uzunmüddətli verilir, təhsil göstəriciləri stimullaşdırılır. Sosial həssas qrupa aid tələbələrə güzəştlər edilir. Kredit banklar tərəfindən ödənilir. Bu, ümumi cəhətlərdir və bunları nəzərə alaraq Azərbaycanda da kreditlər formalaşdırılıb.

“Tələbə kreditlərinin verilməsinin məqsədi təhsil sisteminə tələbənin əlçatanlığının təmin edilməsidir. Həmçinin təhsilin əhatə dairəsi genişləndirilsin. Ödənişli təhsil alan tələbələrimiz də var ki, təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Bəziləri müəyyən dövrdən sonra təhsillərini dayandırırlar. Bu sistem tələbələrə yeni imkanlar açır. Digər məqsədimiz təhsilin keyfiyyət göstəricilərinin stimullaşdırılmasıdır. Həmçinin sosial həssas qrupdan olan tələbələrin sosial çətinliklərini də aradan qaldıracaq. Bu, dövlətin təhsil sisteminə maliyyə dəstəyinin artırılmasıdır”. 

“Ən çətin tələbə kreditləri şərtləri Azərbaycandadır”

“Uzun müddətdir ki, müzakirə olunan tələbə kreditlərini artıq verməyə başlayırlar. Lakin praktikada onu almaq çətin prosedur qaydalarına görə mümkün olmayacaq”.

Bunu təhsil eksperti Kamran Əsədov tələbələrə təhsil kreditlərinin verilməsindəki şərtlərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, dünyada 1960-cı illərdən tələbə kreditlərinin verilməsinə başlanılıb və hazırda 61 ölkədə bu kreditlər verilir: “Amma ən çətin kredit verilmə şərtləri və prosedur qaydaları Azərbaycandadır. Demək olar ki, heç bir güzəşt yoxdur və onu almaq əlçatan deyil. Kreditin verilməsi şərtlərində bir-neçə ciddi nöqsan var. Tələb olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsilə müraciət etmək lazımdır. Bunun üçün isə “ASAN Login”ə malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. 

Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? 

Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir”. 

Ekspert qeyd edib ki, www.e-ttkf.edu.az portalında müraciət etmək üçün notarial qaydada təsdiq edilən arayış alınmalıdır: “Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə bizim tələbələr qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur? 

Üçüncüsü, Fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu, ciddi məhdudiyyətdir. Təklif edilən kredit faizləri hədsiz dərəcədə yüksəkdir. Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu, sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit götürülməsi üçün müraciətləri azaldacaq. 

Bundan əlavə, kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər, qiyabi təhsil alan tələbələr müraciət edə bilməzlər. Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa işsiz tələbələrə kredit vermək olmazdı? 

Tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. 

Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün kreditlərin qaytarılmasında çətinlik yaranmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik”.

Gülnar Əliyeva, Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir