Pandemiyanın dünyaya vurduğu zərbə hansılardır? – VCA və YYSİB sədri Aydın Xan Əbilovun fikirləri
“Koronavirus pandemiyası və onun qadağaları, cəmiyyətə, dövlətə və dünyaya vurduğu zərbələrin sona qədər hesablanması hələlik mükün olmayıb”.
Bu sözləri SİA-ya açıqlamasında sıralarında 60 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana və yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq, tənqidçi-ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, həm dünya ölkələri, həm beynəlxalq təşkilatlar, həm Azərbaycanın beyin mərkəzilərinin hesablamalarına görə, demək olar ki, pandemiya bütövlükdə cəmiyyətin hər bir üzvünə təsir göstərmişdir: “İstər təhsil, istər mədəni həyatımızda, istər elmi araşdırmalarda, istərsə də kənd təsərrüfatı, sənaye, nəqliyyatda və digər istənilən sahədə pandemiyanın vurduğu zərbələri hesablamaq ümumiyyətlə mümkün deyil. Tibb müəssisələrinin yüklənməsi, təhsildə və digər sahəərdə çalışan insanların arasında problemin yaradılması, həm tələbə, həm şagird, həm də müəllimlərin intellektual və elmi bacarıq vərdişlərinlərinə yiyələnməsində vurduğu zərbələr real həyatda baş verən digər hadisələr qlobal problemə gətirib çıxardır. İnsanlar yeni yaşam tərzinə keçdilər. Hətta toylarımızın, yas mərasimlərinin keçirilmə qaydaları dəyişdi. İnsanlar artıq gördülər ki, ağır və çox mənasız şeyləri alıb evə yükləmək, yüksək mərtəbəli binalarda istifadə etmədiyi mənzilləri alıb saxlamaq, qızıl yığmaq, hər gün bir paltar geyinmək, dəbə uyub bahalı, brend paltarlara pul vermək, hər gün gəzməyə getmək mənfi cəhətlər arxaya keçdi. Dünyada artıq son illər dəbdə olan minimalizm həyat tərzi, düşüncə tərzi artıq koronavirusun ictimai normasına çevrildi”.
Aydın Xan Əbilov fikirlərinə davam edərək qeyd edib ki, pandemiyanın ekologiyaya vurduğu zərbə çox böyükdür: “Pandemiya dövründə istifadə etdiyimiz maskalardan tutmuş həkimlərin istifadə etdiyi iynələrə kimi bütün tullantılar küçələrə, təbiətə atıldı. Bundan əlavə insanların sağlamlığında olan problemlər önəmlidir. Cəmiyyətdə insani münasibətlərin dəyişikliyi önəmlidir. İmmun sistemimizin, ümumilikdə kollektiv immunitetin ləğv olunması, insanlar arasında ictimai qorxu və bir çox digər problemləri biz bura cəmləsək, görərik ki, pandemiyanın bir çox fəsadları ortaya çıxır”.
Arzu Qurbanova

