Sosial şəbəkə qalmaqallarını hüquqi müstəviyə çəksək nə baş verəcək? Ekspertlər: cinayət məsuliyyəti var
Sosial şəbəkələrdə və ya KİV-də bir fərd barəsində yazılan hər hansı bir əsassız fikir həmin şəxsi cinayət məsuliyyətinə cəlb edə bilər. Çünki heç bir sübutu olmayan yazılar böhtan xarakterli məlumatlar sayılır. Hüquqi baxımdan sosial şəbəkələr də kütləvi informasiya vasitəsi sayılır.
Elektron medianın və sosial şəbəkələrin inkişaf etdiyi bir zamanda bu cür xoşagəlməz hallarla tez-tez rastlaşmaq olur.
Bəs, bu zaman iftiraya düşən biri hüquqlarını necə qoruya bilər?
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev açıqlamasında bildirib ki, əgər kimsə barəsində yayılan məlumatlardan özünü “qurban” hesab edirsə, yəni onun haqqında yazılan məlumatların iftira xarakterli olduğunu düşünürsə o, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər.
“Məhkəmə araşdırması zamanı məlum olsa ki, həqiqətən də yazılanlar şəxsin barəsində əsassız məlumatdırsa, onu yayan insan cinayət məcəlləsinin 147 və ya 148-ci maddəsinə (böhtan və ya təhqir) görə ittiham olunur.
Məsələn bir istifadəçi və ya jurnalist hansısa məmur və ya başqa biri haqqında sübutsuz olaraq sosial şəbəkələr və yazılı mediada onun rüşvətxor və.s olması haqqında yazsa bu artıq cinayət xarakterli bir məlumat olur. Bu prosedur həm də mülki qaydada həyata keçirilə bilər. Şikayətçinin ittihamları məhkəmədə sübut olunarsa, o, qarşı tərəfdən dəymiş mənəvi ziyana görə təzminat tələb edə bilər. Qanunvericilikdə bu qaydalar hamısı əks olunub”.
Vəkil həmçinin qeyd edib ki, yayılan məlumatlar böhtan xarakterli deyilsə, sadəcə kiminsə şərəf və ləyaqətinə, ailəsinə və ya işgüzar nüfuzuna toxunan bir məsələdirsə, yenə o, mülki qaydada məhkəməyə müraciət edib, onu təhqir edən fərddən əməllərinə cavabdeh olmasını istəyə bilər.
“Bu zaman o, həmin insandan təzminat, xəbəri təkzib edən yazı və ictimaiyyət qarşısında ondan üzr istəməyi tələb edə bilər.
Məhkəmə zərər çəkənin bu iddialarını təmin etdiyi halda, təhqir edən şəxs mütləq şəkildə qanunverici orqanın tələblərini icra etməlidir. Əgər təhqir edən şəxs məhkəmə qərarını icra etməkdən boyun qaçırsa, o, dərhal cinayət məsulliyyətinə cəlb olunur. Bu prosedurlar istər sıravi vətəndaş, istərsə də jurnalist olsun eyni qaydada icra olunur, çünki qanun qarşısında hamı eynidir”.
Ə. Mustafayevin sözlərinə görə, burada da məsələyə doğru qiymət verilməlidir. Çünki bəzən bir insanın fikir azadlığı böhtan, yalan xarakterli məlumatlarla səhv salına bilər.
“Nəzərinizə çatdırım ki, fikrin iki aspekti var. Biri fikri təsdiq etmək, digəri isə onu yürütmək, mülahizə etməkdir. Məsələyə baxıldığı zaman jurnalistin fikir azadlığı nəzərə alınmalıdır. Məhkəmə obyektiv olaraq, yazılan məqalədə fikir azadlığının olub – olmamasını mütləq qaydada araşdırmalıdır. Azad fikir yürütmək isə bir insan üçün heç bir halda məsuliyyətə səbəb olmur”.
Sosial şəbəkədə anonim böhtançılar yaxalanacaq. Cinayət işi açıla bilər
Bu gün sosial şəbəkə istifadəçilərin əksəriyyəti digər izləyicilər tərəfindən təhqir olunmalarından şikayətçidirlər. Çünki bir çox hallarda istənilən sosial şəbəkədə rahat şəkildə digər şəxsləri təhqir edənlər cəzasız qalır.
Belə halların yaşanmaması üçün hətta sosail şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi də təklif olunur. Lakin bu heç də asan iş deyil.
İT mütəxəssisi Elvin Abbasov bildirib ki, bunun üçün hər bir şirkət istifadəsinə icazə verildiyi ölkədə rəsmi qaydada təmsil olunmalıdır.
“Hər hansı bir qlobal sosial şəbəkənin fəlaiyyətinə icazə verildiyi ölkədə ofisi yoxdursa o həmin ərazinin qanunvericiliyinə tabe deyil. Sosial şəbəkələr vahid bir platformadır.
Onlar hər ölkənin qanunlarına uyğunlaşa bilməzlər. Çünki hər ölkə bu paltformaların ölkəsinin qanunlarına tabe olmasını istəsə, bu zaman bu şəbəkələr həmin ölkədə rəsmi təmsil olunmalıdır. Bu zaman bu paltformalar bir infrastrukda işləyə bilməyəcək. Təsəvvür edin, bir platforma 145 məntiqlə çalışsın, bu mümkünsüzdür. Nəzərə alaq ki, sosial şəbəkələr hər ölkədə ofis açmır”.
Bəs, qanunla bu necə tənzimlənməlidir?
“Əgər bir postun altında və ya yayımladığınız bir paylaşımda sizi təhqir edib, şərəf və ləyaqətinizi təhqir edirlərsə sizin məhkəməyə və prokurorluğa şikayət etmək hüququnuz var”.
Bu fikirləri isə bu açıqlamasında vəkil Fariz Namazlı deyib. Onun sözlərinə görə, hər insan etdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir.
“Bir şəxs digəri tərəfindən istər sosial şəbəkələrdə, istərsə də digər vəziyyətlərdə şərəf və ləyaqəti ləkələnirsə o, bunula bağlı mülkü və ya cinayət məcəlləsinə uyğun olan qaydada məhkəməyə müraciət edə bilər.
Yox əgər bu təhqir edən şəxs anonim profillə bunu edirsə, o zaman təhqir olunan şəxs birbaşa prokurorluğa şikayət edə bilər. Prokurorluq xüsusi və texnoloji informasiyaları incələdikdən sonra araşdırma nəticəsində bu insanın kimliyini üzə çıxarsa və onun həqiqətəndə gizli ad altında kimisə təhqir etdiyini sübut etsə həmin şəxs xüsusi maddə ilə cinayət məcəlləsinə görə məsuliyyətə cəlb olunur. Ona görə hər bir insan öncə yazdığı hər bir kəlməsinin məsuliyyətini dərk edib sonra hərəkət etməlidir”.
Vüsalə Balayeva, Bizim.Media

