Boşanmalara gətirən ən məşhur 8 səbəb…

Boşanmaların durmadan artması barədə tez-tez xəbərlər izləyirik. Bunun səbəbləri barədə cəmiyyətdə fərqli fikirlər mövcuddur. Ailələri boşanmağa sövq edəh təhrikedici amillərin dairəsi, ərlə arvad arasında meydana gələn barışmaz fikir ayrılıqlarının səbəbləri cəmiyyəti daim düşündürməkdədir.

Vəkil Absələddin Əliyev boşanmalara gətirən ən məşhur 8 səbəblə bağlı müşahidələrini “Kriminalqafqaz”la bölüşüb.

Cütlüklərin müştərək həyatdan gözləntilərinin üst-üstə düşməməsi – Bir növ həyat yoldaşlarının gözləntiləri ilə reallıq arasında qeyri-mütənasiblik yaranmış olur. İnsanın tələbatını təmin etməyə yönəlmiş bu meyl ailənin qurulmasından və ya uşağın doğulmasından sonrakı ilk illərdə evliliklərin pozulmasına səbəb olur. Məsələn, kişi həyat yoldaşının yaxşı bir ev xanımı olacağını xəyal edir, lakin xanım isə daha çox işə, öz karyerasına zaman ayırmağa üstünlük verir. Yaxud da, xanım ərindən uşağın qayğısına qalmaqda fəal iştirak etməsini gözləyir, ər isə əksinə bu qayğıları həyat yoldaşının üstünə ataraq prosesdən kənara çəkilməyə çalışır.

Qısqanclıq – Qısqanclığın isə, öz növbəsində bir neçə formasını fərqləndirə bilərik: 1) qarşı cinsə qısqanma, 2) dostlara qısqanma, 3) öz övladlarına qısqanma.

Üçüncü qısqanclıq kateqoriyası ən çox kişilərdə rast gəlinir. Uşağın doğulmasından sonra gənc ana bəzən ərini “unudaraq” övladına maksimum diqqət ayırmağa çalışır. Bir nömrəli şəxs statusunun itirilməsindən narazı qalan ər bu boşluğu kənarda doldurmağa çalışır.

Xəyanət – Xəyanətdə də üç kateqoriyanı ayıra bilərik: birdəfəlik xəyanət, kənardakı münasibətlər, azad həyat tərzinə üstünlük verilməsi.  Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, cəmiyyətimizdə də birdəfəlik xəyanət nadir hallarda boşanmaya səbəb olur. Əksər hallarda, sadiq həyat yoldaşı ailəni qorumaq xatirinə, övladlarının gələcəyi naminə bunu bağışlayır. “Azad” həyat tərzi sürmək istəyən şəxsin hərəkətləri birmənalı olaraq boşanmaya səbəb olur, amma ümumi götürdükdə belə hallar da azlıq təşkil edir. Çünki, bu sahədə təcrübəli birini dəfələrlə suç üstə yaxalamaq olduqca çətindir.

Kənardakı münasibətlər isə xəyanətə görə boşanmanın ən çox yayılmış səbəblərindən biridir. Ailədən kənarda uzunmüddətli münasibət qurmaq arzusu bir anlıq cinsi ehtiyacdan deyil, həyat yoldaşları arasındakı münasibətlərdə yaranan əsaslı problemlərdən xəbər verir. Bu cür xəyanətlər nadir hallarda bağışlanır. Bu zaman həm aldadan, həm də aldadılmış tərəf boşanma təşəbbüsü ilə çıxış edə bilər. Təcrübə göstərir ki, insanlar birdəfəlik cinsi ehtirası daha asan bağışlayır, nəinki həyat yoldaşının vaxtını başqa birisi ilə keçirməsini.

Maddi məsələ – Ailədaxili ixtilafların digər bir səbəbi maddi məsələlərdir. Burada, ən çox rast gəlinən iki halı ayırmaq olar. Birincisi, kişidən yüksək gözləntilərdir. Uğurlu həyat sürən rəfiqələrin, qohum və qonşuların dəb-dəbəli həyat tərzi, bahalı əşyaların nümayişkaranə hədiyyə edilməsi buna maddi cəhətdən gücü çatmayan ailələri sarsıdır. Bu cür həyat tərzindən təsirlənən həyat yoldaşı da ərinə qarşı oxşar tələbər irəli sürməyə başlayır. Əlbəttə, ailə daxilində müəyyən istək və arzuların, tələblərin olması təbiidir. Amma, artıq söhbət ailənin imkanları ilə qeyri-mütənasib olan tükənməz istəklərdən gedirsə, bu ittifaqın sona qədər sürməyəcəyi anlaşılandır. Hər kəs bu əlaqələrdə öz seçimini etməkdə sərbəstdir. Sonda yenə kimisi sevgini, kimisi isə sərvəti seçir. Təbii ki, hər ikisinə bir arada sahib ola bilən uğurlu ailələr də var. Amma bugünkü söhbətimizin mövzusu onlar deyil.

Maddi imkanları olmayan bir kişinin, həyat yoldaşının ambisiyalarına uyaraq, ehtiyaclarını ödəmək üçün borc, kredit götürdüyü, hətta oğurluq etdiyi hallara da rast gəlinir. Bu cür addımlar nadir hallarda kömək edir. Çünki iştah artdıqca tələbat da artır. Sonradan bu cütlüklər yalnız boşanmaq üçün deyil, hətta borcdan, kredit öhdəliyindən, yaxud da cinayət məsuliyyətindən azad olunmaq üçün vəkil axtarmağa üz tuturlar.

Ailədə maddiyyatdan doğan fikir ayrılıqlarının başqa tərəfi də mövcuddur. Bəzən xanımının iş fəaliyyətindəki uğurları, daha uğursuz kişinin mənliyinə mənfi təsir göstərir. Gəlir fərqindən yaranan qısqanclıq ailə birliyinin dağılmasına səbəb olur.

Uşaqlar – Əslində, düşünürsünüz ki, uşaqlara aid məsələlər ailə bağlarını gücləndirməlidir. Amma bəzən əksinə də olur. Problemlərdən biri, həyat yoldaşlarından birinin uşaq sahibi olmaq imkanının olmaması və yaxud istəməməsi olsa da, əsas problem uşaqların tərbiyəsində valedeynlər arasında həll olunmayan fikir ayrılıqlarıdır.

Məişət zorakılığı – Cütlüklər çox vaxt həyatda maneələrlə üzləşirlər. Hər kəs ailə ittifaqını gücləndirərək bu maneələri dəf edə biləcək iradə və həvəsə sahib olmur. Kişilərin bir çoxu həm şəxsi, həm də ümumi problemlərin günahını xanımının üzərinə yükləməyə çalışır, bəzən hətta zorakılığa əl atırlar.

Deyə bilərəm ki, ailədaxili zorakılıqlar nadir hallarda boşanmanın əsas səbəbi kimi çıxış edir. Məişət zorakılığının qurbanlarının bir çoxu, kömək üçün bizə müraciət edərkən, ailə həyatının ilk aylarından etibarən zorakılıq faktları ilə mübarizə aparmaq məcburiyyətində qaldıqlarını bildirirlər.

Ümumiyyətlə, boşanma zamanı məişət zorakılığı yuxarıda sadalanan digər səbəblərdən biri və ya bir neçəsi ilə birlikdə çıxış edir. Qeyd etməliyəm ki, məhz məişət zorakılığına qarşı cəmiyyətimizdə formalaşmış torelantlıq günümüzdə ən acı nəticələrə gətirib çıxaran səbəblərdən biridir.

Kənar qüvvələr”in təsiri – Ailə birliyinin uzun ömürlüyünün qarşısını alan bu cür qüvvələrə qohumlar, dostlar, rəfiqələr və digər sosial təhrikçiləri aid etmək olar. Çox vaxt ən ideal evliliklərin belə gəlini sevə bilməyən qayınana və arvadın paxıl rəfiqəsinin uzun sürən təsiri nəticəsində pozulması halları ilə qarşılaşırıq.

Başqalarının pis məsləhətlərinə müqavimət göstərməkdə acizlik, qəlbinin səsini dinləməkdə qətiyyətsizlik bir çoxlarının taleyi ilə acı bir oyun oynamış olur.

Son illərin təcrübəsi göstərir ki, ailə münaqişələrinin dərinləşməsinin səbəblərindən biri də sosial təhrikçilərin təsiridir. Bunların sırasında ilk yerləri sosial şəbəkələrdə fəaliyyət göstərən “psixoloq” və “ekspertlər”, daha sonra isə cadugər və falçılar tutur. Təəssüf ki, cəmiyyətimizdə insanlar ehtiyac duyulduqda peşəkar psixoloqlara müraciət edərək seanslar götürmək əvəzinə hələ də cadugərlərə üz tutmağa üstünlük verirlər. Nəticədə isə, şəxslərin fikirləri ilə silahlanmış cütlüklər bir-birilərində qəsdən naqisliklər axtarmağa başlayırlar. Bu da, nəhayətdə istər-istəməz ailələrin dağılmasına gətirib çıxarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir