Dilənçilik ənənələşmiş yaşam tərzindən kriminal bəlaya çevrilir… Ekspertdən şok faktlar

Son vaxtlar Azərbaycanda dilənçilərin sayı durmadan artır. Bu problemlə bağlı suallarımızı Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctima Birliyinin sədri, analitik-ekspert yazıçı-kulturoloq Aydın Xan Əbilova da ünvanladıq.

Dilənçi başqasının yardımına möhtac olan, başqa insanlardan pul, yemək, və s. istəyən insanlardır. Dilənçilərə geridə qalmış və ya inkişafda olan ölkələrdə daha çox rast gəlinir. Bununla yanaşı demək olmaz ki, inkişaf etmiş ölkələrdə dilənçilər yoxdur.

Bizimyol.info dilənçilər və dilənçiliklə bağlı bir sıra məqamlara aydınlıq gətirən araşdırma yazını təqdim edir.

Dilənçilik nədir? Kimlər dilənçi sayılır? Dilənçilərə pul verməliyikmi? – suallarını ekspertlərə ünvanladıq. Kulturoloq Aydın Xan Əbilov qeyd edir ki, dilənçilər, bəzi hallarda isə əlillər, şikəstlər, kimsəsizlər, atılmışlar cəmiyyətin və dövlət məmurlarının onlara kifayət qədər qayğı göstərməməsini, təqaüd vermədiyini, onların ailə-məişət və iqtisadi-sosial problemlərinin həllində yanlarında olmadığını bəhanə gətirib dilənmyə başlayırlar. Onların böyük əksəriyyət insanların mərhəmətindən sui-istifadə edərək müxtəlif formada sədəqə və ya dilənməklə pul alırlar: “Bunların da bir çoxlarını biz ayırmalıyıq. Həqiqətən ehtiyacı ucbatından dilənən insanlarla dilənçiliklə bir peşə kimi məşğul olanları ayırmağı bacarmalıyıq”.

Şikəst, xəstə, əlil, yaşına görə müəyyən mənada aldığı pensiya, təqaüddən dolana bilməyən insanların azuqə, çörək pulu istəməsinin dilənmək olmadığını düşünən kulturoloq onlara kömək etməyin lazımlı olduğunu bildirir: “Milli-mənəvi dəyərlər, dini baxışlarımızla bağlı müxtəlif bayramlarda, toyda, şənliklərdə bu insanlara sədəqə verməkdə bir qəbahət olmadığını düşünür.

“Mütəşəkkil şəkildə dilənçiliklə məşğul olan dilənçi dəstələri var ki, onlar uşaqları oğurlayır, dilənməyə məcbur edirlər. O cür dilənçilərə pul verməklə bunun genişlənməsinə səbəb oluruq” – deyə qeyd edən kulturoloq bu vəziyyətdə özümüzün də bilmədən dələduzların varlanmasına, artmasına xidmət etmiş olduğumuzu vurğulayır:

“Ona görə də mən xüsusən, uşaqlar və yeniyetmələrə pul verməyin qəti əleyhinəyəm.Son dövrlərdə fikir vermisinizsə küçlərdə yeniyetmə uşaqlar dilənirlər. Əllərində energetik içkilər, siqaretlə maşınlara yaxınlaşırlar. Qapılarını, pəncərələrini döyür, insanlardan pul alırlar. Ən qəribəsi odur ki, insanlar da bu uşaqlara “dilənçi payı” verirlər. Bu qəti olmaz!”

Dünyanın hər yerində dilənçilik olub və olacaq deyən kulturoloq “Özünə hörmət edən şəxs kiməsə əl açıb dilənməməlidir. Dünyanın bir çox yerində səfil – “bomj” insanlar var. Onlar da cəmiyyət üçün yükdür, problemdir” deyir. “Mədəni dilənçi” formalarından danışan Aydın Xan Əbilov “Bizim mərhəmət hissimizdən yararlanaraq dini ayinlər zamanı məscidlərin qarşısında durub və ya kədərli günlərimizdə məsələn, Məhərrəmlik ayı, Xocalı soyqırımı, 20 Yanvar günü insanların çox olduğu yerlərdə dilənçilər gəlir. Pul dilənir. Nəinki özləri dilənir, uşaqları, şikəst və yaşlıları da buna məcbur edirlər” deyir.

O, hüquq-mühafizə orqanlarının bunlara qarşı qəti addımlar atmalı olduğunu və bu dilənənlərin arxasında kimlər dayandığını öyrənməli olduğumuzu vurğulayır. Kulturoloq “Biz cinayətkarlıq şəbəkəsini ifşa etməliyik. Amma bu yerdə onu da qeyd edim ki, bu vəziyyətdə xəstə, əlil şəxslərə qarşı ehtiyatlı davranmaq lazımdır. Həqiqətən ehtiyacı olan fiziki məhdudiyyətli insanlara toxunmaq olmaz deyə düşündüyünü” qeyd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir