Kamil iman Vətən sevgisi ilə birləşəndə – Etibar Cəbrayıloğlu yazır

Xalqımız mübarizələrlə zəngin tarixinin bütün dövrlərində olduğu kimi, XX əsrin sonlarında və XXI əsrin əvvəllərində də çox mürəkkəb situasiyalarla üzləşib. Sovet ordusunun amansız hücumuna məruz qalıb, Birinci Qarabağ müharibəsində ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Lakin bütün çətinliklərə, təzyiqlərə baxmayaq Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanının və qüdrətli Ordusunun ətrafında  sıx birləşərək Vətən savaşına qalxıb, ərazilərimizi işğalçılardan təmizləyib, tarixi zəfərə imza atıb.    

Bizi bütün çətinliklərdən üzüağ çıxaran, güclü və qalib xalqa çevirən həm də milli-mənəvi dəyərlərimizə sadiqliyimiz, birləşdirici missiyanı uğurla yerinə yetirən ziyalılarımıza, alim və ictimai xadimlərimizə, möhtərəm ağsaqqallarımıza  ehtiramımızdır. Ən ağır günlərdə hər zaman dövlətinin və xalqının yanında olan, Azərbaycan üçün tale yüklü məsələlərdə prinsipial mövqe sərgiləyən, nüfuzuna görə dünya səviyyəsində qəbul edilən  belə şəxsiyyətlərdən biri də şübhəsiz ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, KAİCCİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü, Beynəlxalq Fiqh Təşkilatının həmtəsisçisi, Şeyxülislam Allahşükür Paşazadədir. 

İmana söykənən qətiyyət

40 ildən çoxdur ki, QMİ sədri və bütün Qafqazın Şeyxülislamı kimi Azərbaycanın haqq səsini hər yana yayaraq Vətənini beynəlxalq aləmdə layiqincə təmsil edir, regionda və dünyada sülhün, sabitliyin, dinlər, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə çalışır. Şeyxülislam həzrətlərinin İslam dinindəki fərqli məzhəblər arasında vəhdətin əldə olunmasında danılmaz xidmətləri var. 

Ötən bu müddət ərzində Azərbaycanda və ölkə xaricində uğur əldə etmək, nüfuz qazanmaq Şeyxülislam Allahşükür Paşazadəyə asan başa gəlməyib, göydə Allahın nəzəri, yerdə dövlətinin və xalqının dəstəyi ilə bütün çətinlikləri dəf edə bilib, doğru bildiyi yoldan geri dönməyib. Dini lider kimi hər zaman millətin önündə getməyi bacarıb. 1990-cı ilin Yanvar hadisələrində, Birinci Qarabağ müharibəsində olduğu kimi. Ermənistanın Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlara başladığı ilk günlərdən işğalçı dövləti bu hərəkətlərə son qoymağa çağıran Şeyxülislam həzrətləri müharibənin dini münaqişəyə çevrilməməsi üçün mühüm addımlar atıb. Beynəlxalq tribunlardan ölkəmizin haqlı mövqeyini çəkinmədən ifadə edib, dünya ictimaiyyətini problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ədalətli şəkildə həll etmək üçün addımlar atmağa çağırıb. Qətiyyətli və prinsipial mövqeyini hətta işğalçı ölkənin paytaxtında da dilə gətirməkdən çəkinməyib. Bu baxımdan QMİ sədri Allahşükür Paşazadənin 2011-ci il noyabrın 28-də   MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçirilən toplantısındakı çıxışı mühüm əhəmiyyət daşıyır. Ermənistan prezidentinin də iştirak etdiyi həmin iclasda Qafqazın Şeyxülislamı işğalçılardan Qarabağdan və ətraf rayonlardan çıxmağı tələb edir, bildirir ki, həmin ərazilərin tarixən Azərbaycan torpağı olduğunu ermənilər də yaxşı bilir və əvvəl-axır bu yerləri tərk etməyə məcbur qalacaqlar.

İrəvanda, işğalçı dövlətin rəhbərinə bu sözləri açıq mətnlə demək insandan cəsarət və qətiyyət tələb edirdi. Xalq öz dini liderindəki bu xüsusiyyətləri dəfələrlə görüb. Milli Qəhrəman, öz igidliyi ilə şəhidlik zirvəsinə ucalan Mübariz İbrahimovun nəşinin düşmən tərəfdən geri qaytarılması prosesində də bütün xalqın diqqəti Şeyxülislamda idi. Məhz onun prinsipial mövqeyi, nüfuzu və diplomatik bacarığı sayəsində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bu məsələdə vasitəçiliyə razılıq verdi, bir neçə aylıq intensiv danışıqlardan sonra qəhrəman şəhidimizin nəşi doğma Vətəninə qaytarıldı və 2010-cu il noyabrın 11-də İkinci Fəxri xiyabanda torpağa tapşırıldı.

Bu gün dünya Azərbaycanı multikulturalizmin və tolerantlığın məkanı kimi tanıyır və bu sahədə ölkəmizin əldə etdiyi uğurları öyrənir.

Çoxmədəniyyətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə qurulması, dinlər və məzhəblər arasında hörmət və etimada əsaslanan əlaqələr bugünkü narahat dünyamız üçün bir örnəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın himayəsi ilə Bakıda Dini Liderlərin sammitləri, Mədəniyyətlərarası forumlar keçirilir, sülhə, daimi sabitliyə ehtiyacı olan dünyaya mühüm mesajlar verilir.  Ölkəmizdə belə bir mühitin formalaşmasında dini lider kimi Şeyxülislam Allahşükür Paşazadənin xidmətləri danılmazdır. QMİ sədri üzvü olduğu çoxsaylı nüfuzlu beynəlxalq təşkilatların tribunalarında, rəhbərlik etdiyi dini mərkəzin xətti Türkiyədə, Almaniyada, İspaniyada, Rusiyada, Avstriyada, Finlandiyada və digər ölkələrdə təşkil olunan konfranslarda Azərbaycandakı din-dövlət münasibətlərini, tolerantlıq mühitini yorulmadan təşviq edir. 

Qalib ölkənin Şeyxülislamı 

Bu gün dünya Azərbaycanı həm də qalib bir ölkə kimi tanıyır. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Rəşadətli Ordumuzun gücü, xalqımızın Vətən sevgisi sayəsində əzəli torpaqlarımız düşmən tapdağından azad edilib. Erməni işğalından qurtulan şəhərlərimizdə üçrəngli bayrağımız dalğalanır, məscidlərimizin minarələrindən azan sədaları ucalmağa başlayır.

Vətən müharibəsinin elə günündən, Azərbaycanın gələcək taleyi həll edilən məqamda Şeyxülislam həmişəki kimi dövlətin və xalqın yanında idi. QMİ sədri Allahşükür Paşazadə 2020-ci il sentyabrın 29-da xalqa müraciət edərək işğalçı üzərində qələbə üçün hamını Prezidentin və Ordunun ətrafında sıx birləşməyə çağırdı: “…Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxıb. Vətən müharibəsi hər zaman ədalətli savaşdır… Otuz ildən artıq müddətdir davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır…
…Mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə-yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbiristanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd göstərən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir…

…Biz din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsindən asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər…

…Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi işğal altında olan torpaqlarımızın Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə azad edilməsidir. 

…Bir daha Azərbaycan xalqına müraciət edərək, Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad edilməsi, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, İnşallah! Amin”. 

Vətən savaşının davam etdiyi 44 gün ərzində Şeyxülislam Allahşükür Paşazadə BMT Baş Katibinə, Roma Papasına, Rus Pravoslav Kilsəsinin başçısına, ATƏT sədrinə, dünyanın digər nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərlərinə, dini liderlərinə, görkəmli din və elm adamlarına müraciətlər göndərək Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırdı. Bakıda, İstanbulda mətbuat konfransları, onlayn video-konfranslar keçirərək cəbhədə baş verənlərlə bağlı dünya ictimaiyyətini məlumatlandırdı. 

Şeyxülislam Allahşükür Paşazadə növbəti ad gününü qalib ölkənin Şeyxülislamı kimi qarşılayır. Uzun illər boyu olduğu kimi yenə dövlətinin, xalqın yanındadır. Bu gün o insanları sabit, firavan, daha qüdrətli Azərbaycan qurmaq, işğaldan azad edilən ərazilərimizdəki məscidləri, ziyarətgahları, digər dini abidələri bərpa etmək üçün birlik, həmrəylik, qardaşlıq, vətəndaşlıq mövqeyi nümayiş etdirməyə çağırır. Bu baxımdan Şeyxülislam həzrətlərinin Şuşada səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir: “…Bu gün mən Şuşaya qalib dövlətin Şeyxülislamı kimi gəlmişəm və buradakı məscidlərdə namaz qılarkən etdiyim dualar da fərqlənir. Bütün xalqımız yəqin ki, həmin hissləri yaşayır. Biz qalib bir xalqın nümayəndələriyik. Sərkərdəmiz də İlham Əliyevdir. İlham Əliyev Qalib, Müzəffər bir Sərkərdə kimi adını tarixə qızıl hərflərlə yazmağı bacardı. Mən bunu bir tarixçi kimi deyirəm, Nadir şahdan sonra  bizim belə böyük qələbəmiz olmamışdı. Amma bəziləri, xaricdə və daxildə müəyyən qüvvələr  bu qələbəyə kölgə salmağa çalışır, gərginlik yaradırlar. Mən bir Şeyxülislam kimi onlara müraciət edirəm, bir-birimizin səhvlərini bağışlamağı bacaraq. Bu Vətən hamımızındır, gəlin Vətənimizi birlikdə quraq dirçəldək, birlikdə daha güclü edək”. 

Etibar CƏBRAYILOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir