QHT sədri: “44 günlük savaşımız dünyanın siyasi, hərb tarixində yeni bir səhifə açmış oldu”
Xəbər verildiyi kimi, avqustun 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Dövlətimizin başçısı səfər zamanı Kəlbəcər rayonunda yarımstansiyanı işə salıb, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.
Təbii ki, bütün bu yeniliklər, abadlıq-quruculuq işləri xalqımızda böyük qürur və fəxarət hissi yaradır. Sözsüz ki, bütün bu uğurlar, nailiyyətlər ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin sayəsində reallaşdırılır.
30 il ərzində beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bağlı təsirli addımlar atmadı. Lakin bu problemin həllində dövlət başçısı İlham Əliyevin böyük qətiyyəti, prinsipiallığı, məqsədyönlü siyasəti çox mühüm rol oynadı.
QHT sədri, internet-media eksperti Səbuhi Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd edib ki, bildiyimiz kimi, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsi idi: “Artıq 30 ilə yaxın idi ki, bu problemlə bağlı bütün dünya birliyi məlumatlandırılmışdı, bütün beynəlxalq, regional təşkilatlar, aidiyyatı qurumlar prosesin bütün mahiyyətini və Azərbaycanın haqlı mövqeyini bilirdilər. Lakin buna baxmayaraq münaqişənin həll olunması üçün əməli addımlar atılmırdı. Qarşı tərəfə – işğalçıya heç bir təzyiq mexanizmi tətbiq edilmirdi. Bu proses ən fəal, məsuliyyətli qurum kimi ATƏT-in Minsk qrupuna həvalə olunmuşdu. Bu qrupun üzvləri isə bir növ Azərbaycana sanki turist qismində ziyarət edirdilər və konkret münaqişənin həlli ilə bağlı heç bir əməli addım atmırdılar. Bu mənada hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, torpaqların işğaldan azad edilməsi birbaşa Prezident və Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.”
S.Abbasov vurğulayıb ki, biz təkcə öz torpaqlarımızı azad etmədik, həm də BMT-nin stolun üstündə qalan və uzun illər bundan əvvəl qəbul edilən qətnaməsinin icrasını öz üzərimizə götürdük və birmənalı şəkildə icra etdik. Hazırda qarşımızda duran çox böyük vəzifələr və işlər var: “Bu işlərin birincisi və öndə gedəni dağıdılmış, viran edilmiş Dağlıq Qarabağın yenidən dirçəltmək, infrastruktur layihələri həyata keçirmək, bölgəyə investorlar cəlb etmək, eyni zamanda, son mərhələdə bütün zəruri şərtlər yerinə yetirildikdən sonra əhalinin öz doğma ata-baba yurdlarına qaytarılmasını təmin etməkdən ibarətdir. Bu proses də uğurla başa çatacaq və artıq başlayıb, çox sürətlə davam edir. Azərbaycanda da necə ki, müharibə dövründə xalq həmrəyliyi var idi, bu prosesdə də sosial statusundan asılı olmayaraq bütün təşkilatlar, partiyalar, vahid bir yumruq kimi birləşiblər və Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətə birmənalı şəkildə dəstək verirlər.”
S.Abbasovun sözlərinə görə, əslində dövlət başçısı İlham Əliyevin bu münaqişəni həll etməsi sözün əsl mənasında dünya üçün yeni səhifənin açılması demək idi: “Çünki adətən bu kimi münaqişələrin həll edilməsində beynəlxalq təşkilatlar maraqlı tərəf qismində görünməyə çalışsalar da, əslində heç bir nəticə ortaya qoymurlar. Bu mənada belə münaqişələr illərlə davam edir. Dağlıq Qarabağ münaqişəsi nümunəsində dünyada bir neçə qaynar nöqtələr var. Biz illərdir ki, müşahidə edirik ki, qaynar nöqtələr var və bu qaynar nöqtələrin heç birində açılım istiqamətində bir işıq görünmür. Hər zaman müəyyən bəhanələr gətirilərək münaqişələr ildən-ilə ötürülür. Bu mənada düşünür ki, bizim 44 günlük savaşımız dünyanın siyasi, hərb tarixində yeni bir səhifə açmış oldu. Ümumiyyətlə, geosiyasi düzəni müəyyən mənada dəyişdi və Azərbaycan Prezidentinin siyasi nüfuzunu ortaya qoymuş oldu. Eyni zamanda, Azərbaycan xalqının iradəsini, döyüş ruhunu, böyüklüyünü bütün dünyaya çatdırmış oldu.”

