Milli Məclisin deputatı polisi döydü: hadisə ilə bağlı cinayət işi başlandı
Deputatın polisi döyməsi ilə bağlı cinayət işi başlandı
İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Qeyd edək ki, E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib.
Deputat sərxoş vəziyyətdə polisi döyüb?
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.
“Qafqazinfo” Bakupost-a istinadən xəbər verir ki, hadisə dünən Nabranda baş verib.
Məlumata görə, deputat istirahət mərkəzlərinin birində sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Hazırda polis işə çıxmır. Deputatın ailə üzvləri isə polisin evinə gedərək ondan məsələni böyütməməyi xahiş ediblər.
Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. DİN Mətbuat Xidmətindən isə bildirilib ki, bu barədə onlara məlumat daxil olmayıb.
Deputatın polisi döyməsi təsdiqləndi – Araşdırma başlanıldı
İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.
DİN Mətbuat Xidmətindən medianın sorğusuna cavab olaraq bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:
“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib”.
Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Qeyd edək ki, E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib.
Deputat polisdən hamının qarşısında üzr tələb edibmiş
Deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsinin yeni detalları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Cəmil Məmmədli sosial şəbəkədə video paylaşıb. O, döyülmə hadisəsinin Nabranda yox, rayonun Bakı prospektində yerləşən “Starıy Dvor” kafesində baş verdiyini bildirib. Qeyd edib ki, məlum hadisədən bir neçə gün qabaq rayonun polis əməkdaşları kafenin gecə saat 12-dən sonra işləməsinə görə onun rəhbərinə xəbərdarlıq ediblər: “Bildirim ki, kafe Eldəniz Səlimova aid deyil, sadəcə onun bacısı oğlu tərəfindən icarəyə götürülüb. Üstündən bir neçə gün keçdikdən sonra deputat Z. Mirzəyevi söhbətə çağıraraq onu qəfildən vurub”.
“Bakupost”un məsələ haqda yaydığı məlumatda isə bildirilir ki, insidentin təməli bir həftə öncədən başlayıb. Həmin vaxt reyd keçirən Xaçmaz polisi restorana gəlib və restoran rəhbərliyinə gecə 12-dən sonra fəaliyyət göstərməyin qadağan olduğunu xatırladaraq, belə hala yol verməməsini, restoranın fəaliyyətini gecə 12-də dayandırmağı tələb edib. Həmin vaxt restoranda olan deputat E.Səlimov polislərin qanuni tələblərinə etiraz edib və onlardan restorandan çıxmasını tələb edib.
Hadisənin səhəri gün E.Səlimov Z.Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun ondan üzr istəməsini tələb edib. Deputatın zəngindən sonra C. Mirzəyev oğluna Eldəniz Səlimovdan üzr istəməli olduğunu tapşırır və Zaur Mirzəyev də bununla razılaşır. Saytın yazdığı məlumata görə, deputat bildirir ki, restoranda 28 iyul tarixində olacaq, ora gəlib, hamının qarşısında üzr istəsin.
28 iyulda keçirilən reydə Z.Mirzəyev də salınır və onlar “Starıy Dvor”a gedərkən yenə də qanunsuzluq edildiyini, restoranın gecə 12 olmasına baxmayaraq, fəaliyyət göstərdiyini görürlər. Z.Mirzəyev deputatdan üzr istəyir, buna baxmayaraq, yenə də restoranın 12-də bağlanmalı olduğunu xatırladır. Bu isə Eldəniz Səlimovu hiddətləndirir və o, Z.Mirzəyevi ağır sözlərlə təhqir edərək, döyür. Z.Mirzəyev hadisədən sonra baş verənlərlə bağlı Xaçmaz RPŞ-nin rəhbərliyini məlumatlandırmır. Yalnız 29 iyulda insident mediaya sızdıqdan və deputatın əməlləri ifşa olunduqdan sonra Polis Şöbəsinə çağırılan Z.Mirzəyev hadisənin baş verdiyini və xəsarətlər aldığını təsdiqləyir. Bunun ardınca isə Daxili İşlər Nazirliyinə məlumat verilir.
Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Qeyd edək ki, E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib. Milli Məclisin İntizam Komissiyasından “Qafqazinfo”ya bildirilib ki, Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.
Milli Məclisdən polisi döyən deputatla bağlı – Açıqlama
Deputat Eldəniz Səlimovun Nabranda polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.
Bu barədə “Qafqazinfo” ya parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı məlumat verib. O bildirib ki, hazırda deputatlar məzuniyyətdədir:
“Çox güman ki, məzuniyyət müddəti başa çatan kimi bu barədə iclas çağırılacaq. İclasda baş vermiş hadisənin detalları müzakirə ediləcək. Deputat öz cəzasını alacaq. Sözsüz ki, birinci növbədə ona töhmət veriləcək. Başqa hansı cəzaların olacağı isə müzakirələrin nəticəsində bəlli olacaq. Çünki ortada xuliqanlıq, zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejiminin pozulması halları var”.
F. Ağamalı qeyd edib ki, baş vermiş hadisə təəssüf doğurur: “Belə hal olmalı deyil. Deputatın öz vəzifə səlahiyyətlərinə görə belə hala yol verməsi qəbuledilən deyil. Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”.
Xatırladaq ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Belə ki, E. Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Murad Əhməd

