Tanınmış iş adamı Mübariz Mənsimov “Yalnız irəli gedəcəyik!” – deyib biznesinə döndü

Məhşur Azərbaycanlı iş adamını nə gözləyir? – hüquqşünas rəyi

 “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ev həbsi üzərindən götürüldükdən sonra iyulun 5-də işinin başına dönüb. Bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.

Onun verdiyi məlumata görə, Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşlarının qarşısında çıxış da edib: “350 gün nələr yaşadığınızı bilirəm. Artıq yeni səhifə açırıq. Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram, daha yaxşı günlər bizi gözləyir”.

Ekspertlər bildirirlər ki, Mənsimov köhnə hesabları qapatmağa çalışır. Bəs o, bunu bacaracaqmı?

“Keçmişə baxmadan irəli”, – deyən Mənsimov Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarla bağlı İstanbul prokurorluğuna şikayət ünvanlayıb. Buna səbəb Mehmet Ağarın KİV-də Mənsimov əleyhinə verdiyi ifadələr olub. O qeyd edib ki, Mənsimov FETÖ lideri Fətullah Güləni dəfələrlə ABŞ-da ziyarət edib.

Yada salaq ki, bu il iyunun 29-u azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib. Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov ev dustaqlığına buraxılmışdı. Martın 3-də İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəmişdi. Baş Prokurorluğun tələbnaməsində qeyd olunmuşdu: “Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan, veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs-qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur”.

Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və martın 5-dək təxirə salınmışdı.

İstanbul Baş Prokurorluğunun qərarı ilə “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilmiş və onun yaşadığı evlərdə axtarış aparılmışdı.

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əgər məhkəmə qərarında  Mənsimovun hansısa əmlakı mənimsəməsi və bunu geri qaytarmalı olduğu göstərilibsə, o zaman həmin əmlak ondan alınacaq: “Təbii ki, əgər indiyə qədər alınmayıbsa. Yazılanlara görə, onun bir çox əmlakına həbs qoyulmuşdu. Bu aspektdən hesab edirəm ki, Mənsimovun əmlakının bir hissəsi alınıb. Alınmayıbsa da, bundan sonra alınacaq”.

Məhkumluğun Mənsimovun biznesdəki imicinə təsirindən danışan hüquqşünas aşağıdakıları söyləyib: “Əlbəttə ki, onun məhkumluğu biznesdəki imicinə müəyyən təsirini göstərəcək. Lakin yenə də hər şey onun yükünü daşıdığı şirkət və ya şəxslərlə qarşılıqlı münasibətindən asılıdır. Əgər onlar Mənsimova inanırdılarsa və hadisəni də, sadəcə olaraq, şəriklər arasındakı mübahisə kimi qiymətləndirəcəklərsə, bu, Mübariz Mənsimovun biznesinə mane olmayacaq. Bütün dünyada şəriklər arasında ciddi problemlər hər zaman yaşanır. Bunu da biznes aləmi yaxşı bilir. İttihamlarda biznes tərəfdaşlarını aldatmaq məsələsi yox idi. Problem şəriklər arasında idi. Ona görə də güman edirəm ki, məhkumluğun Mənsimovun indiyədək iş gördüyü adamlarla biznes münasibətinə ciddi təsiri olmayacaq. Bilirik ki, Mənsimov sıfırdan böyük biznes şəbəkəsi qura bilib. Güman edirəm ki, o, itirdiklərini təkrar qazanıb, biznesində irəli gedəcək”.

Əli RAİS,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir