Azərbaycanda Film Komissiyası yaradıldı: milli kinomuz diriləcəkmi!? YYSİB sədri yazıçı-kulturoloq, analitik Aydın Xan Əbilov

“Bildiyimiz kimi, 21-ci əsr vizual əsərlər dövrüdür. Dünyanın istər kino mərkəzlərində, istərsə də televiziya kanallarında yeni filmlər çəkilir. Nəinki ənənəvi-klassik kinokampaniyalar, həm də televiziya kampaniyaları, internetdə isə sosial video paylaşım platformaları, sosial şəbəkələr belə yeni seriallar və filmlərin çəkilişi ilə bağlı müxtəlif layihələri maliyyələşdirirlər. Bu baxımdan Azərbaycan da gedən bu proseslərdən kənarda qala bilməzdi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin yaratdığı Azərbaycan Film Komissiyası əslində bu yöndə Azərbaycanda da həm yeniliklərə, həm də nisbətən yeni nəslin qəbul etdiyi formatda, əcnəbi filmlərin çəkilişinin təşkili və Cəfər Cabbarlı adına Dövlət Kinostudiyası, eyni zamanda özəl prodakşn şirkətləri və kinokampaniyalarının istehsal etdiyi filmləri ilə Azərbaycan həqiqətlərini, Azərbaycan insanının bu dövrdəki düşüncələrini dünyaya və gələcəyə çatdıra bilər: “Bu baxımdan da Azərbaycan Film Komissiyası əgər sadəcə ictimai bir komissiya və çox ciddi peşəkarlardan ibarət yalnız kino işçiləri yox, həm də rejissorlar, kulturoloqlar, ssenaristlər və kino menecerlərinin iştirakı ilə təşkil edilsə, inanıram ki, yaxın gələcəkdə necə ki, idman yarışlarının və beynəlxalq tədbirlərin mərkəzi kimi Azərbaycan tanınır, o cümlədən də, kino ilə bağlı regional bir mərkəz olaraq tanına bilər”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bildiyimiz kimi vaxtilə Rusiyanın bir çox filmləri məhz Azərbaycan kinostudiyasının texniki imkanlarından istifadə etməklə Bakıda çəkilib, indinin özündə də Azərbaycanda Türkiyə, İran, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin kinomotaqrafçılarının dünya səviyyəli filmlərinin çəkilməsi üçün böyük imkanlar var. Cəfər Cabbarlı adına kinostudiyanın həm həyəti, həm binası, həm də pavilyonları sözsüz ki, təmirdən sonra beynəlxalq kino istehsal edən mərkəz olaraq istifadə edilə bilər. Bu da kreativ mədəniyyətin, mədəni biznesin bir hissəsi olaraq Azərbaycan büdcəsinə maliyyə vəsaiti gətirəcək”.

“Əlbəttə, biz istəyərdik ki, Kino Komissiyası müxtəlif kommersiya, dövlət filmləri ilə yanaşı müəllif filmləri üçün də imkanlar yaratsın və Azərbaycanda yalnız kommersiya xarakterli komediya filmləri, seriallar yox, həm də ayrı-ayrı müstəqil müəllif və festival filmləri çəkilsin ki, Azərbaycan da qonşu ölkələr kimi dünya kino sənətinə öz rəngini qata bilsin”.

Ayşən Vəli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir