Gənclər təşkilatının sədri BMT-nin nüfuzlu qurumunda çıxış etmişdir

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev BMT-nin İnsan Hüquqları Şurasının 47-ci sessiyasında iştirak etmişdir.

Bu il pandemiya ilə əlaqədar onlayn formatda keçirilən sessiyada ARGTMŞ sədri pandemiya dövründə ölkədəki təhsil sistemi barədə xüsusi hesabat təqdim etmişdir.

Azər Əliyev çıxışında COVID-19 pandemiyasının və onun səbəb olduğu məhdudlaşdırıcı tədbirlərin təhsilə təsirini minimuma endirmək üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlardan, müvafiq təhsil strategiyasından və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif proqramlardan söz açmışdır.

O, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təhsil müəssisləri və infrastrukturunun dağıdılması, Ermənistanın 30 il davam edən hərbi təcavüzü nəticəsində yüzlərlə uşaq və gəncin həyatını itirməsi, eləcə də Vətən müharibəsi dövründə münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 10 şagirdin həlak olması, 16 şagirdin yaralanması, 54 təhsil müəssisəsinin müxtəlif dərəcəli dağıntılara məruz qalması, minlərlə şagirdin tədris prosesindən kənarda qalması barədə danışmışdır.

Təşkilat sədri ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən intensiv bərpa quruculuq işlərindən bəhs edərək, tezliklə həmin ərazilərdə də tədris prosesinin bərpa olunacağını sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.

***

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sabiq sədri, Gender Hub Platformasının təsisçisi Məryəm Məcidova 60 peşəkar təlimçi arasından Avropa Gənclər Forumunun Təlimçilər Bazasına 2 illik müddətə seçilmişdir.

Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu 1996-cı ildə yaradılmışdır və qitənin ən böyük gənclər təşkilatlarını özündə birləşdirir. Forumun əsas məqsədi Avropada fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatlarının və gənclər təşkilatları milli şuralarının şəbəkələşməsini təmin etmək, onların təlim və maarifləndirilməsini təşkil etmək və Avropa məkanında gənclərin maraqlarını təmsil etməkdir. Forum Avropa İttifaqı, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda gənclərin hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Forumun nəzdindəki təlimçilər və ekspertlər bazası 2 ildən bir yenilənməklə gənc mütəxəssisləri bir araya toplayır. Qeyd edək ki, Məryəm Məcidova Avropa Gənclər Forumunda təmsil olunacaq ilk azərbaycanlı təlimçi olacaq. Məryəm Məcidovanın portfoliosunda aşağıdakı təlim mövzuları öz əksini tapır: gənclər siyasəti və gənclərlə iş, gənclərin iştirakçılığı, beynəlxalq dialoq və əməkdaşlıq, layihələrin idarə olunması, gender əsaslı zorakılıq, gender stereotipləri və s. 

Ətrafında 130-dan çox gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncimizin bu uğurunu alqışlayır və gələcəkdə gənclərin beynəlxalq səviyyədə təmsilçiliyini dəstəkləməkdə davam edəcəkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir