Ermənistan tarixinin ən gərgin seçki marafonu: Nikol Paşinyanın qələbəsi. Aaliz və faktlar
Dünən Ermənistan tarixinin ən gərgin seçki marafonu başa çatdı. Yekun nəticələrə əsasən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası ölkənin yeni parlamentində çoxluğa sahib olacaq. Bu gün seçkinin nəticələri ilə bağlı verdiyi ilk açıqlamada o, bildirib ki, 105 mandatdan azı 71-nə sahib olmaqla, yeni hökuməti quracaqlıar.
Maraqlıdır, ötən ilin sonunda müharibə zamanı Azərbaycan qarşısında ağır məğlubiyyətlə üzləşib, diz çökən erməni xalqı yüksək səs çoxluğu ilə yenidən Nikol Paşinyanı seçdi. Normalda məğlub liderlər ya öz xoşu ilə kürsünü təhvil verib siyasətdən gedirlər, ya da xalq onlara ikinci dəfə şans vermir. İrəvanda bunun əksini müşahidə etdik. Xalq yenidən Qarabağda müharibə vəd edən, torpaqları geri alacaqlarına söz verənləri deyil, islahatçı, loyal mövqe sərgiləyən kapitulyatoru seçdi.
Ermənistandakı seçkilərin nəticələrini şərh edən politoloq Qabil Hüseynli deyir ki, əslində Paşinyanın yenidən öz komandasını önə çıxaracağı gözlənilən idi. Xalq isə, Qarabağ klanından çoxdan bezmişdi:
– Düzdür, ötən il Paşinyan ölkəsini ağır məğlubiyyətə sürüklədi. Amma kütlə Koçaryanı da seçə bilməzdi. Bunun dərin səbəbləri var. Nikol müharibəyə qədər az bir müddətdə hakimiyyətdə təmsil olunmuşdu. Dünya bu illər ərzində Sarkisyan-Koçaryan cütlüyünün əlində olan Ermənistanı da görmüşdü. Yəni əslində məğlubiyyətin daha böyük məsuliyyəti Qarabağ klanından çıxmış bu iki kriminal tipin üzərinə düşürdü. Bu illər ərzində erməni ordusunu indi qınanılan Paşinyan formalaşdırmamışdı. Bir sözlə, xalq Paşinyanı da yaxşı tanıyırdı, Koçaryanı da. Ermənilərin gözü açılıb. Bilirlər ki, Nikol əvvəlkilərə baxanda daha yaxşıdır”.
-1624264928.jpg)
Politoloq deyir ki, son bir ayda fəallaşan “sabiqlər” məhz Rusiyanın qanadı altında yenidən hakimiyyətə yiyələnib, Ermənistanın müstəqilliyini Kremlə təslim etmək istəyirdilər: “Alınmadı. Ermənilər öz müstəqilliyini forpost kimi Moskvaya vermək istəmədilər. Şəxsən mən Paşinyanın yüksək səs çoxluğu ilə yenidən qələbə çalmasına təəccüblənmədim. Bir şeyi unutmamlıyıq ki, ona səs verən bu 30 il ərzində daha çox zərbə almış, yoxsul duruma düşmüş sadə xalq oldu. Bu insanlar gələcəklərini iqtisadi cəhətdən inkişaf etmiş ölkədə görmək, daha etibarlı bir şəxsə tapşırmaq istəyirlər. Elə bir şəxsi kürsüdə görmək istəyirlər ki, yenidən Qarabağ nağılları danışıb, öz nəslini varlandıraraq, pulları xaricə daşımasın”.
Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan həm də qonşularla normal münasibətlər qurmağa meyllidir. Görünür artıq erməni xalqı bu amili də nəzərə alır. Çünki qonşularla əlaqələrin bərpası həssas mövzudur və hazırda belə iqtisadi-diplomatik amillər erməni cəmiyyətini ciddi məşğul edir:
– Türkiyə və Azərbaycanla əlaqələrin qapalı qalması radikalların tələbi idi. Əslində onların tərəfdarları da az deyildi. Amma beş-üç faşist millətçisinin söylədiklərinə kütlənin “hə” deməsi o demək deyil ki, ümumilikdə xalq hələ də həmin provakatorların səsinə səs verir. Erməni xalqı yorulub. İnsanlar bilərəkdən Qarabağdan çıxan avantüristlərin, Ermənistanda formalaşmış faşist təbiətli adamların, illərdir xunta rejimi yaratmış Koçaryanın, Sarkisyanın istədiyi hakimiyyətin yaranmasına səs vermədi. Ölkədə uzun illər qorxulu terror küləyi əsdirən qüvvələr at oynadıb. Xüsusən Rusiyadan tez-tez təlimatlar alan siyasi qüvvələr xalqı küncə sıxmağa çalışırdı ki, insanlar yoxsul yaşayıb, daim Qarabağla bağlı gərginlikdə olsunlar. Amma xalq düşündüyü kimi hərəkət etməyi bacardı. Erməni seçicilər üçün rus quluna çevrilən Robert Koçaryan kim idi axı? 2008-ci ilin mart hadisələri zamanı onlarla etirazçıya atəş açılması əmrini vermiş biridir. Qanlı cinayətkar indi yüksək səs alacaqdı? Bu adamı Putinin səyi nəticəsində həbsxanadan xilas etdilər. Paşinyan yəqin ki, Koçaryanı yenidən məqam tapıb, həbsə atacaq və onun deputat mandatı da gedəcək işinə. Yaxud da, Sarkisyanın özü uğurlu bir siyasətçi idi ki? Ölkənin xəzinəsini talan etdi, milyonlarla vəsaiti oğurlayıb, Vatikanda, Avropada gizlətməyi bacardı. Koçaryanla birgə spikerin məhz parlament binasında nümayişkaranə şəkildə öldürülməsinə səbəb olan terror aktını təşkil etdi. Bunların vicdanına həddindən artıq kriminal hadisələr yazılıb”.
Tural Tağıyev, Azvision.az
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 faizini hesablayıb.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində səslərin 54,21%-ni toplayıb.
Bu, ümumilikdə 661 736 səs, 2008 seçki məntəqəsinin 1945-dən toplanmış bülletenlər deməkdir.
Robert Koçaryanın rəhbəri olduğu “Ermənistan” bloku isə seçicilərin 20,89 faizini (255 034 nəfər) qazanmaqla ikinci sıradadır.
“Mənim şərəfim var” blokuna 5,25 faiz (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,99 faiz seçici səs verib.
***
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində bütün 2008 seçki məntəqələrindən əldə olunmuş səslər sayılıb.
MSK-nın açıqladığı məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.
“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.
Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.

