“İnternet istənilən səviyyədə, sürətdə, keyfiyyətdə deyil” – EKSPERT NARAZILIĞINI BİLDİRDİ..
“Müasir dövr internet nəslidir. Hər kəs bunu qəbul edir ki, dünyada baş verən bütün hadisələr internetdə öz əksini təpmırsa, sözsüz ki, üzdə olmur və insanların fikrini cəlb etmir”. Bu sözləri SİA-ya açıqlamasında VCA və YYSİB sədri analitik-ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, internetdən istifadə etmək yüksək sürətli şəbəkə qoşulmalarını tələb edir: Təəssüflər olsun ki, Azərbaycanda illər boyu apardığı islahatlar, nazirliklərin dəyişdirilməsi, birləşdirilməsi, yeni adla fəaliyyətə başlaması və yeni nazirlərin təyin edilməsinə baxmayaraq, Azərbaycan interneti istənilən səviyyədə, sürətdə, keyfiyyətdə deyil. 44 günlük Qarabağ müharibəsi və ondan sonrakı hadisələr bir daha göstərdi ki, müharibə cəbhə ilə yanaşı virtual aləmdə virtual savaş formasında, informasiya müharibəsi formasında davam edir. Elə bir sahə yoxdur ki, internetə qoşulmaqla ona daxil olmaq mümkün olmasın. Çox maraqlıdır və qəribədir ki, Azərbaycanda “elektron hökumət1”, “elektron hökumət2”, “Asan xidmət”, “Dost xidməti”, bütün dövlət qurumlarının və təhsil qurumlarının elektron resursları və informasiya məkanında saytları, portalları, elektron xidmətləri mövcud olduğu bir vaxtda bunlardan istifadə etmək üçün təəssüflər olsun ki, ölkəmizdə sürətli internet yox dərəcəsindədir. Keyfiyyətli internet bağlantısı ya günün tələblərinə cavab vermir, ya da qiyməti o qədər bahadır ki, əlçatan deyil. Dünyada bir çox transmilli şirkətlər, “facebook”, “amazon” və digər şirkətlər kosmos vasitəsilə, hava şarları vasitəsilə bütün dünyanı əhatə edəcək yeni internetə qoşulma imkanları ilə əlaqədar proqramlar işləyirlər. Amma Azərbaycanda hələ də biz “wifi” vasitəsilə normal internetdən istifadə edə bilmirik. Pandemiyanın bir çox fəsadları ilə yanaşı, internetdən istifadə ilə əlaqədar böyük problemləri gördük. Şəbəkənin zəifliyi, yüklənməsi, eyni zamanda insanların daxil ola bilməməsi bir çox məsələlərdə bizə çətinliklər yaratdı.
Aydın Xan Əbilov həmçinin qeyd edib ki, internet və informasiya texnologiyaları hər üç aydan bir dəyişir və yeniliklər gəlir: “Bəs bu yeniliklərə cavab verən internet şəbəkəmiz varmı? Bizim mobil internet və mobil rabitə xidməti göstərən şirkətlərimiz hələ üçüncü və ya dördüncü nəsil internet xidmətləri göstərir. İnternet bağlantısı və internet əlaqəsi ilə əlaqədar sürətli internet qoşulmaları daha çox dövlət qurumları ilə bağlıdır. Təəssüflər olsun ki, bu yöndə də inhisar var və dəfələrlə icmaiyyət tərəfindən tənqid edilməsinə baxmayaraq, internetin bu problemlərinə ortaya çıxaran inhisarların və inhisarçıların ifşa olunması, eyni zamanda ləğv edilməsi ilə bağlı addımlar demək olar ki, atılmır. Hər dəfəsində yeni nazir gələndə fikirləşirik ki, dəyişiklik olacaq, müəyyən yeniliklər olacaq. Çox təəssüf ki, kosmetik dəyişikliklərdən başqa heç bir dəyişiklik görmürük. Ümid edirik ki, bundan sonra məmurlarımız da dərk edəcək ki, internetsiz həyat, inkişaf mümkün deyil. Dövlətin real imkanları ilə yanaşı internet resursları, internetə qoşulma imkanları nə qədər genişdirsə həmin dövlət inkişaf etmiş sayılır.
Arzu Elsevərqızı

