Lənkəranın sabiq yazıçı-meri: Yaşar Rzayevin 80 illik ömür mücadiləsi

YAŞAR RZAYEV-80

Yaşar Hüccətulla oğlu Rzayev 7 aprel 1941-ci ildə Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Doğma Lənkəranda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.Tələbə ikən bədii yaradıcılıqla məşğul olmuş,hekayələr və TV verilişləri ssenariləri yazmışdır. İlk hekayələri “Aprel çiçəkləri”və “Gənc qələmlər” almanaxlarında, “Azərbaycan”jurnalında dərc edilmişdir.60-cı illərdə ədəbiyyata gələn nəslin sıralarında durmuş,həmin illərin oyanış ab-havası ilə yaşayıb-yaratmışdır. Universiteti fərqlənmə ilə bitirib Lənkərana qayıtmış və həyat yolu daha çox doğma şəhərimizlə bağlı olmuşdur.Yerli qəzetdə və axşam məktəbində işləmişdir. Sonra iki il Ali Partiya Məktəbində oxumuşdur. O illərdə ilk hekayələr kitabı nəşr olunmuşdur. Partiya məktəbini də fərqlənmə diplomu ilə bitirmişdir. Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı,təşkilat şöbəsinin müdiri,1983-cü ildə 2-ci katib seçilmişdir. 1989-cu ilıərdə respublikada,o cümlədən Lənkəranda xalq hərəkatının təşəkkül tapdığı dövrdə -noyabr ayında Şəhər partiya komitəsinin plenumu Mərkəzi meydana toplaşan minlərlə lənkəranlının tələbi ilə Bakıdan MK tərəfindən göndərilən namizədi geri qaytararaq Yaşar müəllimi 1-ci katib seçmişdir. “Ömürdən səslər”kitabından:”60-cı illərin yenilik axtarışları ruhunu, demokratiya cücərtilərini , 80-ci illərin oyanışını özümdə yaşatdım… çətin də olsa, öz gücümlə irəlilədim və nəhayət,rayonun 1-ci katibi oldum. Amma çiyinlərimdə çox ağır bir yükün olduğunu hiss etdim” (1992). 1990-1995-ci illərdə AR-in deputatı seçilmişdir. 1992-1993-cü illərdə Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialının direktoru işləmişdir. 1993-1995-ci illərdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini olmuşdur. 1995-ci ildə Milli Məclisin deputatı seçilmişdir. Bu müddət ərzində 200-dən çox çıxışı olmuşdur. Həmçinin MDB Parlament Assambleyasının üzvü kimi fəaliyyət göstərmişdir. Sankt-Peterburqda, Minskdə, Samsunda keçirilən müxtəlif toplanışlarda çıxışlar etmişdir.2000-2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı işləmişdir. Yazıçılar Birliyinin üzvüdür, 9 kitab müəllifidir. “Dünya mənim”romanı, “Yay əhvalatı”, “Əks-səda”, “Dəryada gəmim qaldı” povestləri, “Vəlinin kupletləri”, “Palatanın tavanı ağappaqdır”, “Sözsüz mahnı”, “Ana ömrü” və s. hekayələri Yaşar müəllimin yazdığı maraqlı bədii nümunələrdəndir.
Y.Rzayev filologiya üzrə fəlsəfə doktorudur. “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu”(1960-1980-ci illərdə)
mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)adlı doktorluq dissertasiyası yazmışdır. 45 elmi, 200 müxtəlif məqalə, oçerk , ressenziya, tərcümə müəllifidir. Elmi məqalələri Rusiya, İran, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistanda elmi mətbuat orqanlarında nəşr olunmuşdur. Hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Yaşar müəllim həm də gözəl ailə başçısı, qayğıkeş atadır. 2 oğlu, 2 qızı, 7 nəvəsi və 1 nəticəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir