Bayden Putinə “qatil” dedi və hədələdi, Rusiya ABŞ-dakı səfirini geri çağırdı
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini ölkəsində seçkilərə müdaxilə etməkdə günahlandırıb və onun ünvanına sərt ifadələr işlədib.
Bayden bir az da irəli gedərək Putini hədələyib. Bildirib ki, Putin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcək: “O, cavab verəcək”.
ABC News-a verdiyi müsahibədə Bayden Rusiya liderinin “qatil” olduğunu düşündüyünü də deyib.
ABŞ prezidenti vurğulayıb ki, yanvarda danışıqlar zamanı Rusiya Prezidentini mümkün nəticələr barədə xəbərdar edib.
Bayden bu sözləri Putinin keçən ilin noyabr ayında keçirilmiş prezident seçkilərinə müdaxiləni təsdiqlədiyini söyləyən Amerika kəşfiyyatının hesabatını şərh edərkən söyləyib. Məruzədə Rusiyanı seçkilərə keçmiş Prezident Donald Trampın lehinə təsir etməyə çalışmaqda günahlandırılır.
İki ölkə arasında yaranmış son gərginlikdən sonra Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.
“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”, – Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün uyğun bir səbəbdir”, – deyə Rusiya XİN-in səfirin geri çağrılması ilə bağlı yaydığı məlumatda bildirilir.
Nazirlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğunu və ən əsası bundan çıxmağın yollarını tapdığını qeyd edib.
“Amerikalılar bununla bağlı risqləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq”, – XİN bildirib.

