Biabırçılıq: pandemiya və iqtisadi böhran zamanı orta sahibkarlara milyonlarla ziyan vurulur, işsizlik və böhran başladı. Kim maraqlıdır?!
Bakı-Astara yolunda məşhur obyektlər sökülür – “Hacıoğlu”, Lukoyl və daha kimlər…
Bakı-Ələt–Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqəsi sökülür.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı iki ay öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb.
Məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sahəsinin sənədləri qanunsuz olub.
Təxminən bir ay öncə Korrupsiya İdarəsi tərəfindən magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Magistral yoldan bu obyektlərə girişi təmin edən yol da bağlanılıb.
Artıq SOCAR-ın yanacaqdoldurma məntəqəsi başda olmaqla sözügedən obyektlərin bir neçəsinin söküntüsünə başlanılıb.
Məlumata görə, “Hacıoğlu” restoranı bələdiyyənin balansında olan torpaq sahəsində tikilib, “Ulduz” kafesinin yerləşdiyi torpaq sahəsi isə əvvəllər Meşə təsərrüfatının balansında olub. Sonra isə 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçib, daha sonra isə Əmlak Komitəsi həmin ərazini dövlət torpağı kimi balansına keçirib. Sahibkar isə Əmlak Komitəsi ilə müqavilə imzalayaraq torpağa dair alqı-satqı edib.
“Cız-bız” restoranının yerləşdiyi ərazi Xələc kənd bələdiyyəsinin balansında olub. 2006-cı ildə isə kənd sakini Yudif Nəzirova satılıb və onun şəxsi mülkiyyətinə keçib.
Xəbər verdiyimiz kimi, Bakı-Ələt–Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqələri sökülür…
“Qafqazinfo”nun əməkdaşları obyektlərin yerləşdiyi yerdə olublar. Məlum olub ki, artıq həmin əraziyə söküntü aparmaq üçün işçi qüvvəsi cəlb edilib. Söküntü prosesinə hazırlıq gedir, obyektlərdəki bütün avadanlıqlar çıxarılıb.
Obyektlərə girişi məhdudlaşdırmaq üçün yolboyu onların qarşısına beton plitələr düzülüb.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, sözügedən obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sahəsinin sənədləri qanunsuzdur.
Murad Əhməd
Fotolar: Nuran Məmmədov














