Beynəlxalq Qadınlar Günüdür: İlham Əliyev və Mehriban Əliyevanın təbrikləri

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.

Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.

Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.

İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır.

Dərin hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2021-ci il.


“Şəhid analarının qarşısında baş əyirəm” – Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Birinci xanım bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən Müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”

Yeri gəlmişkən…

Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan 8 mart tarixi qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.

İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutub. Bu, Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunub.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir