ABŞ-da da nəşr olunaraq səs-küy yaradan Azərbaycan romanı. Yazıçı-publisit Qəni Camalzadənin “Karxana”sı…
Yazıçı-publisit, Prezident təqaüdçüsü Qəni Camalzadə: “Çirkabdan keçənin ətəyinin çirkaba batması böyük günah sayılmaz”…
“Altmışıncı illərin Bakısını xatırlayanda tüklərim biz-biz olur”.
Azərbaycanın tanınmış yazıçısı, “Yaxşı oğlanın dayısı”, “Sonuncu yeznə”, “Qohumların əsiri”, “Qızıl xotuğ” kimi əsərlərin müəllifiQəni Camalzadənin yeni, “Karxana” adlı kitabı işıq üzü görüb.
Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı bu əsərdə ötən yüzillikdə Azərbaycan tarixində baş vermiş mühüm hadisələri kiçik bir Karxana adlı yaşayış məntəqəsində baş verən hadisələrin timsalında əks etdirməyə çalışır.
Kitaba daxil edilmiş roman 2014-cü ildə “Azərbaycan” jurnalında dərc olunub.
Sevimli yazıçımız bu günlərdə qeyd etdiyi ad günü münasibəti ilə, eləcə də yaxınlarda ABŞ-da yeni kitabın işıq üzü görməsi ilə əlaqədar Qəni Camalzadə ilə müsahibəni təqdim edirik.
– Qəni müəllim, ABŞ-da da çap olunacaq kitabınızda yer almış “Karxana” romanında əsas mövzunun xeyir və şər arasında mübarizədir. Maraqlıdır, bəs siz burada xeyir və şər deyərkən, konkret olaraq nəyi nəzərdə tutursunuz – ayrı-ayrı insanların digər insanlara qarşı xeyir-şər mübarizəsi, erməni-müsəlman qarşıdurması fonunda gedən xeyir-şər mübarizəsi, yoxsa əsərin hər bir qəhrəmanının öz daxilində gedən xeyirlə şərin mübarizəsi?
– Əvvəlcə onu söyləyim ki, kitabın annotasiyasında da vurğulandı kimi, xeyir-şər bəşəri bir anlayışdır. Onu bölüb ayrı-ayrı taxçalara, rəflərə, buxçalara düzmək olmaz. Xristianlar deyir ki, hər kəs öz xaçını daşımalıdır. Bu, məcazi mənada deyilir. Xaç birdir. Əlbəttə, xeyirlə şərin əbədi mübarizəsi içimizdən keçir! Atəşpərəstlikdə Hörmüzlə Əhrimənin, xristianlıqda İblislə Müqəddəs ruhun, İslamda Şeytanla Yaradanın mübarizəsi əbədidir. Hərənin öz Xeyri, hərənin öz Şəri ola bilməz, axı! Azərbaycan Xeyri, erməni Şəri təcəssüm edir.
– Mir Qədir ağa, eləcə də onun oğlu Məlikəjdər öz həyatları, fəaliyyətləri boyunca müxtəlif qanunsuz əməllərlə məşğul olsalar da, qətl törətməkdən qəti şəkildə çəkinir, dini mövqelərinə istinad edirlər, beləliklə, müəyyən bir ziddiyyət yaranır. Bu, adları çəkilən qəhrəmanların dindən pərdə kimi istifadə etmələri anlamına gəlmirmi?
– Təsvir elədiyim adamlar, yəni qəhrəmanlarım bəşər övladlarıdır, heç də müqəddəs deyillər. Cəmiyyətdəki çirkinliklərdən xali deyillər. Nə Mir Qədir ağa, nə Məlikəjdər ağa heç də dinlə pərdələnmirlər, bildikləri üsullarla xeyrin bərqərar olması uğrunda döyüşürlər. Qaldı dediyiniz qanunsuz əməllər, sizə deyim ki, çirkabdan keçənin ətəyinin çirkaba batması böyük günah sayılmaz.
– Əsərdə hadisələr Karxana adlı yerdə baş versə də, 100 il ərzində bütün Azərbaycanın tarixini əhatə edir. Xüsusilə də erməni-müsəlman davaları, sovet hökumətinin qurulmasından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən terror siyasəti süjet boyunca qabardılır.
- – Əsərin qəhrəmanları arasında Sanının, eləcə də onun atası Nazıoğlunun yerli əhaliyə, azərbaycanlılara qarşı amansızlığını nə ilə əlaqələndirmək olar? Bu, Artuşun simasında parlaq ifadə olunan daşnak xisləti, yaxud mövcud şəraitdə hökumətə yarınmaq istəyidir?
– Müstəqillik dünyanın ən şirin nemətlərindən biridir. Yüzlərlə xalq bu nemətin həsrətindədir. Yaxşı-pis, dövlətli-kasıb, korrupsianer-ziyalı, müxalifət-iqtidar, hamı bir nəfər kimi, Azərbaycanın müstəqilliyini qorumalıdır. Qaldı sapı özümüzdən olan baltalar, Nazıoğlu kimiləri, belələri həmişə olub, yenə də olacaq. Artuş isə, xırda da olsa, düşməndir. Hər bir erməni düşməndir. Bu, mənim qənaətimdir!
– Əsərin qəhrəmanlarından olan Anuş qarı bir yerdə söhbətində öz milləti ermənilərə lənət oxuyaraq, azərbaycanlılara tərif yağdırır, başına gələn bütün bəlaların ermənilərdən olduğunu deyir. Bəs bu məqamla müəllif nə demək istəyir – pis millət yoxdur, onun pis nümayəndələri var?
– Anuş ziddiyyətli obrazdır. Amma onun azərbaycanlılar haqqında xoş sözlərinə aldanmaq olmaz. Bu, bir erməni xislətidir. Mən bu xisləti göstərməyə çalışmışam.
- – Digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, Artuşun simasında daşnakların Azərbaycanla bağlı planları da açıq göstərilir – dünyada neft istehsalının yarısını verən Bakını ələ keçirmək üçün uzunmüddətli strategiya hazırlayan erməni millətçiləri, qınçaqçılar erməni ailələrini Abşerona köçürürlər. Bu, belə bir müddət üçün plan hazırlayan ermənilərə qarşı, erməni hiyləsinə qarşı daha ehtiyatlı olmamız anlamına gəlmirmi?
– Mənə elə gəlir ki, nə qədər Azərbaycan xalqı tam monolitləşməyib, monotərkibli xalqı tərbiyə eləmək daha asan olduğundan gəlmə ünsürlərin Azərbaycana kütləvi axınının qarşısı alınmalıdır, xırda qrupların isə qorxusu yoxdur. Başımıza gələn bəlaların kökündə həmişə bu gəlmə ünsürlər dayanıb. Altmışıncı illərin Bakısını xatırlayanda tüklərim biz-biz olur. Bu Şəhər yadların əlində idi! Yad ünsürlər at oynadırdı!
– Əsər boyunca dini, kriminal mövqedən çıxış edən qəhrəmanlar üstünlük təşkil etsələr də, müəllif millətçi, vətənpərvər gəncləri də unutmur, Hatəmin simasında onların fəaliyyətini işıqlandırır. Bəs sizin fikrinizcə, həmin hadisələrin baş verdiyi dövrdə Hatəm kimi insanların sayının az olması nədən irəli gəlirdi?
– Mən elə deməzdim. Nəhəng meydan hərəkatı gənclərin işi deyildimi? Romanda Hatəm kimi vətənpərvər gənclərin azlığından şikayət eləmək olmaz. Sadəcə, mən tox bir ailənin nümayəndəsinin də nəhəng azadlıq mücadiləsinə qoşulmağını təsvir eləmişəm! Dediyim kimi, Azərbaycanın müstəqilliyi hamının işidir! Var-dövlətimiz talanırdı, övladlarımız dərbədər düşürdü, ləyaqətimiz tapdalanırdı! İndi onun bəhrəsini görürük. İyirmi ildə Azərbaycanda tikildiyi qədər yüz ildə tikilməmişdi.
– Əsərdə diqqət çəkən məqamlardan biri də Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşdiyi günlərdə iki naməlum şəxsin Anuş qarının evinə gələrək, onu axtarmasıdır. Yəni, ümumi süjet xəttindən belə anlamaq olar ki, müəllif həmin dövrlərdə bu kimi hadisələrin çox olduğunu diqqətə çatdırmaq istəyir. Bu məqamla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı…
– Bəzi şübhələrim var! Ermənilərdən fərqli olaraq azərbaycanlılar sülhpərvərdirlər, heç vaxt qana susamayıblar. Münaqişənin kəskinləşdiyi dövrdə varlı-hallı erməni evlərinin kimlərinsə nəzarətində olması kimsəyə sirr deyildi. Yəqin ki, bu var-dövləti ələ keçirmək üçün ara qarışdırmaq lazım idi. Elə də elədilər! Mən şübhələrimi həmin ştrixlə ifadə eləmişəm.
– “Karxana”nı oxuyarkən, istər-istəməz, Azərbaycan xalqının əvvəl Çar Rusiyası, sonra isə Sovet İttifaqı tərkibində hansı əziyyətləri çəkməsi, məruz qaldığı qırğınlar, çətinliklər, insanların üzləşdiyi qeyri-insani münasibətlər kəskin nəzərə çarpır.
Eyni zamanda meydan hərəkatı ilə bağlı hissələr əsərdə az yer tutsa da, xüsusi olaraq vurğulanır. Sizin fikrinizcə, Azərbaycan Sovet İttifaqının tərkibində olmaqdan nələr qazandı, nələr itirdi? Qazancımız itkimizdən az, yoxsa çox oldu?
– Hər şeydən əvvəl onu deyim ki, dövlətçiliyimizin modeli Sovet dövründə qoyuldu. Bunu danmaq olmaz. Əlbəttə, haqsızlıqlar olmasaydı yaxın gələcəkdə Sovet hökumətinə qarşı azərbaycanlıların böyük milli-azadlıq hərəkatı gözlənilmirdi. Roman boyu bu adda-budda mübarizə göstərilib. Zirehli bolşevik qatarına atılan berdanka gülləsi buna işarə deyilmi!
– Maraqlıdır, bəs müəllif özünü yaratdığı obrazlardan hansı birinə bənzədir? Müdrik Məlikəjdər, vətənpərvər Hatəm, zəhmli Sanı…?
– Heç birinə! Və hər birinə! Bunu unutmaq olmaz ki, hər bir obraz müəllifin içindən keçdiyindən hər biri ona oxşaya bilər. Bir ananın bətnindən çıxan uşaqlar kimi.
– Maraqlı söhbətə görə təşəkkürlər.
Redaksiyadan: tanınmış və istedadlı yazıçımızı ad günü münasibəti ilə təbrik edir, ona yeni-yeni böyük yaradıcılıq uğurları arzulayırıq.

