Vicdana qarşı total müharibə aparan Jan Pol Sartr. Elvin Əli ilə fəlsəfi gəzişmələr – 4
Vicdana qarşı total müharibə aparan Jan Pol Sartr.
Fransız filosofu Pol Sartrın intellektual yaradıcılığına adətən “Mütləq Azadlıq fəlsəfəsi” deyilir. Müəllim radikal şəkildə azadlıq və sərbəst iradə aşiqi olub. J.Sartra görə, insan özünü layihələşdirən, öz mahiyyətini, həyatını özü formalaşdıran, seçən yeganə varlıqdır. Müəllim bu mövzuda ifrat subyektivist mövqe sərgiləyir və fərdin özündən başqa hər şeyi, başqa insanları, predmetləri, əşyaları hər şeyi ona qarşı qoyur, onları daimi konfliktdə təsvir edir.
J.Sartra görə, azadlıq öz həyatını, özünü, özünlə bağlı hər şeyi özbaşına formalaşdırmaq, seçmək deməkdir. Özünü öz istədiyi kimi formalaşdırmaq, özbaşına yaşamaq üçün insana iki şey lazımdır: mütləq azadlıq və sərbəst iradə. Lakin insanın özünü özbaşına, ürəyi istədiyi kimi formalaşdırmağa, istehsal etməyə mane olan müxtəlif amillər var. Bu, insanın özündən başqa mövcud olan hər şeydir. İnsan, cəmiyyət tərəfindən əhatələnib. Cəmiyyət isə öz qanunları və normaları ilə idarə olunur. Sartra görə isə insan hər cür qayda və qanundan azad yaşamalıdır, çünki bu qayda qanunlar insan azadlığını boğur, onu özgələşdirir, başqalarının istəyi əsasında yaşamağa sövq edir. Vicdan – öz klassik mənasında sosial zəkadır, o başqalarını nəzərə alaraq, onların birgəyaşayış qaydalarını mənimsəyərək yaşamaq deməkdir. Sartra görə bu, insan azadlığını pozan ən başlıca amildir. İnsan mütləq azadlığa və sərbəst iradəyə malik olmaq üçün ilk növbədə vicdanı kənara atmalıdır. Çünki vicdan bizi özbaşınalıqdan uzaqlaşdırır, özgələşdirir və əzab verir. Başqalarına görə əzab çəkmək isə ən axmaq hərəkətdir, mən və mənim olmayan hər şey mənasızdır, mənə dəxli yoxdur, başın buraxıb öz arzularına, öz azadlığına fokuslanmaq lazımdır.
Filosofa görə, inkar azadlığın əsas atributudur. İnsanı insan edən şey onun inkar etmə qabiliyyətidir. Məhz inkar edə bildiyinə görə insan yeganə azad varlıqdır. İnsan, onun həyatına müdaxilə edə biləcək hər şeyi, vicdanı, əxlaqı, dini, allahı, dövləti, hüququ inkar etdikdə mütləq azadlığa və sərbəst iradəyə (özbaşınalığa) qovuşa bilər. Özbaşına olmayan insan isə sözün əsl mənasına mövcud deyildir. Buna görə də hər cür avtoritet, müqəddəslər, xürafatlar qayda-qanun, sosial normalar Sartra görə inkar edilməlidir.
Müəllimin fikrincə, qorxu və həyəcan insan həyatında vacib amillərdəndir. Təhlükə qarşısında insan öz azadlığının və mövcudiyyətinin dəyərini anlayır. Qorxu və həyəcan bizə heçliyə çevrilə biləcəyimizi, azadlıq və sərbəst iradəmizi itirə biləcəyimizi izah edir. Bu halda insanda heç bir vicdan, əxlaq və normalar qalmır, insan öz azadlığı naminə hər şeyi gözə alır, qurban verməyə hazır olur. Həyatın bizə verdiyi bu dərsdən isə çıxarmalı olduğumuz nəticə, Sartra görə, bizim mütləq azadlıq və sərbəst iradəmizi məhdudlaşdıra biləcək hər şeyin başını buraxıb öz seçimlərimizə, özümüzü istehsal etməyə fokuslanmalı olduğumuzdur. Başqalarının başını buraxmaq lazımdır, onlar bizi məhdudlaşdırır, bizə qarşı durur. Başqaları cəhənnəmdir!

