İlham Əliyevin Paşinyan barədə sarkazmları Ermənistanda daxili siyasi rəyə necə təsir göstərir?!

Aydın Xan Əbilov: “Azərbaycan Prezidentinin Paşinyan haqqında dediyi sarkazm, ironiya, yumor dolu sözlər Ermənistan cəmiyyətində də xalqın şüarına çevrilib”

img

Bildiyimiz kimi, 44 günlük müharibə dövründə Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan barədə bir sıra sarkazmlar səsləndirib. Prezidentin Paşinyana dediyi “düşük adı qoydum”, “iti qovan kimi”, “bəs deyirdin verməyəcəyəm”, “dabanyalayan”, “bambılı”, “Cəbrayıldan İrəvana yol çəkirdin, noldu, Paşinyan!”, “Şuşada yallı gedirdin”  kimi sarkazmlar nəinki Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində dillər əzbərinə çevrilib.

Azərbaycan Prezidentinin Ermənistanın baş naziri barədə söylədiyi sarkazmlar Ermənistanda hakimiyyətə qarşı ictimai rəyin formalaşmasında necə təsirli rol oynayır?

Ekspertlər bildirirlər ki, Prezident İlham Əliyevin səsləndirdiyi məlum sarkazmlar Ermənistan cəmiyyətində də böyük əks-səda yaradıb. Bu gün bu ifadələrdən nəinki Paşinyana müxalif olan qüvvələr, eləcə də sadə ermənilər Paşinyan hökumətinə qarşı istifadə edirlər. Ekspertlər qeyd edirlər ki, bu sarkazmlar Paşinyanın bir karikatura personajı olduğunu Ermənistan cəmiyyəti üçün də bəlli edib. Hazırda bu sarkazmlardan Paşinyana və onun hökumətinə qarşı geniş istifadə edildiyini deyən ekspertlər hesab edirlər ki, bu sarkazmlar həm də erməni cəmiyyətinin Paşinyana qarşı mənfi münasibətinin formalaşmasına daha böyük təkan verib.  

  • ictimai rəyin onun əleyhinə işləməsində böyük təsir gücünə malik olduğunu ortaya qoyub”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bu məsələni belə şərh etdi: “Azərbaycan  Prezident elə bir güclü dövlət başçısıdır və beynəlxalq səviyyədə qəbul edilən nüfuzlu siyasətçidir ki, onun atdığı hər bir addım, söylədiyi hər bir fikir, əlbəttə, həm ölkə daxilində, həm dünya azərbaycanlıları, həm də beynəlxalq səviyyəli politoloqlar, tarixçilər, siyasətşünaslar, cəmiyyətşünaslar tərəfindən ciddi şəkildə izlənilir, qiymətləndirilir. Eyni zamanda da cənab Prezidentin fikirlərindən, sözlərindən sitatlar şəklində istifadə olunur. Təsəvvür edin ki, 44 günlük Vətən müharibəsi dövründə Rusiya, Türkiyə, Avropa ölkələrinin KİV-i, xarici media qurumları, demək olar ki, hər gün Prezidentimizdən müsahibələr alıb yayırdılar. O KİV-in təmsilçiləri yaxşı bilirdilər ki, xalqı tərəfindən Prezident seçilən, xalqının mütləq əksəriyyətinin etimadını qazanan, BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların həll edə bilmədiyi 30 illik konflikti həll etmək üçün cəbhədə müharibə aparan bir dövlət xadimindən, böyük bir siyasət adamından müsahibə alırlar. Heç şübhəsiz ki, cənab Prezidentin Paşinyan barədə dediyi və artıq dillərə düşən sarkazmlar da dünyanın diqqətindən yayınmayıb. Təbii ki, Azərbaycan Prezidentinin Paşinyan barədə dediyi “düşük”, “dabanyalayan” və sair sarkazmlar Ermənistanda da dillər əzbərinə çevrilib, hətta Paşinyana müxalif olan qüvvələr də onu bu sarkazmlarla, ifadələrlə vururlar. Sadə erməni vətəndaşları da bu sarkazmlardan istifadə edirlər. Əlbəttə, Ermənistanda da cənab Prezidentin bütün çıxışları yaxından izlənilib. Deyim ki, bu ölkədə də Azərbaycanı istəyən insanlar var. Eyni zamanda, Qarabağda erməni əsilli Azərbaycan vətəndaşları var. Həm Ermənistan vətəndaşı olan ermənilər, həm də onlar 44 günlük Vətən müharibəsində Azərbaycanın Ali Baş Komandanının rəhbərliyilə müzəffər ordumuzun qələbəsini addımbaaddım izləyirdilər. 

Əslində, bu gün Ermənistanda Azərbaycanla bağlı çoxlu trend var. Bizim meyxanaçıların “Davay dosvidaniya” meyxanasını Rusiyada, Avropada, İsraildə olduğu kimi, Ermənistanda da dinləyirdilər. Hətta son zamanlar bundan Paşinyana qarşı siyasi şüar kimi də istifadə edirlər. 

Prezident İlham Əliyevin Paşinya haqqında dediyi sarkazmlar Ermənistan cəmiyyətində, ictmai rəyində Paşinyana qarşı bir siyasi şüara, çağırışa çevrilib. Deyərdim ki, bu sarkazmlar Ermənistanın ictimai rəyində Paşinyan hakimiyyətinə qarşı münasibəti dəyişib, erməni xalqı artıq bilir ki, onları ora-bura, xam xəyalların ardınca dartıb aparan Paşinyanın səviyyəsi nədir”.

A.X.Əbilov, həmçinin, vurğuladı ki, Azərbaycan Prezidentinin yalnız Paşinyanla bağlı deyil, Ermənistanın sabiq qaniçən, faşist siyasi rəhbərləri haqqında söylədikləri Ermənistan cəmiyyətində, ictimai rəyində təsirli gücə malikdir. “Xüsusən də Azərbaycan Prezidentinin Paşinyan haqqında dediyi sarkazm, ironiya, yumor dolu sözlər Ermənistan cəmiyyətində də xalqın şüarına çevrilib və onlar bu sarkazmlardan Paşinyanın əleyhinə istifadə edirlər. Bu sarkazmlar Ermənistanda xalqın Paşinyan hökumətinə qarşı münasibətinin dəyişməsində, ictimai rəyin onun əleyhinə işləməsində böyük təsir gücünə malik olduğunu ortaya qoyub. Bu fikirlər həm də artıq Ermənistan müxalifətinin trendinə, Paşinyana qarşı siyasi şüarına çevrilib, onlar bu sarkazmlardan tez-tez istifadə edirlər. Ermənistan müxalifəti və vətəndaşları Paşinyana qarşı keçirdikləri mitinqlərdə və etdikləri çıxışlarda geniş şəkildə istifadə edirlər. Biz İlham Əliyevin Paşinyan barədə dediyi sarkazmları yalnız sadə ermənilərin, müxalifətçilərin deyil, həm də parlamentdə təmsil olunan partiyaların təmsilçilərinin dilindən eşidirik. Erməni və dünya KİV-ində, eləcə də xaricdəki erməni diasporu nümayəndələrinin dilindən də “düşük”, “bambılı”, “dabanyalayan”, “nə oldu, Paşinyan” kimi sarkazmlar eşidilir” – deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA,

https://www.baki-xeber.com/siyaset/114215.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir