LDU-dakı Qazaxıstanlı tələbələr cənub bölgəsinin unudulmaz milli toy mərasimində. – Leyla Məcidova yazır

Qardaş Qazaxıstandan gələn tələbələrimizin cənub səyahəti bu dəfə unudulmaz bir toy bayramı ilə davam etdi.

​Lənkəran Dövlət Universiteti (LDU) ilə Qazaxıstan Respublikasının X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti arasında imzalanmış “Akademik Əməkdaşlıq Protokolu” çərçivəsində universitetimizdə təhsil alan Qazaxıstanlı tələbə qızlarımız — Jadra Miramova və Anar Mubarakova, həmçinin meşəçilik ixtisası üzrə təhsil alan fəal tələbəmiz Mədinə xanım cənub diyarının zəngin adət-ənənələrini və mədəniyyətini kəşf etməyə davam edirlər. Yanvar ayınadək hər həftə onları diyarımızın görməli yerləri və milli dəyərləri ilə tanış edəcəyimə dair verdiyim sözə sadıq qalaraq, səyahətlərimizin növbəti unudulmaz səhifəsini bu dəfə gözəl bir toy məclisi ilə bəzədik.
​Səyahətimizin bu mərhələsini LDU-nun Muzeyşünaslıq ixtisasında təhsil alan sevimli tələbəmiz Kəmalə xanımın övladının toy məclisinə həsr etdik. Boladlıların toyu olsa da, təntənəli məclis Masallının Boradıqah qəsəbəsində yerləşən “Yeddi gözəl” şadlıq sarayında baş tutdu. Biz də yolumuzu Masallının Boradıqah qəsəbəsinə saldıq. Əsas məqsədimiz qonaq tələbələrimizə Lənkəranın toy və nişan adət-ənənələrini, qonaqpərvərlik mədəniyyətini əyani şəkildə nümayiş etdirmək idi.
​Məclisdə Qazaxıstanlı tələbəmiz Jadranın öz xalqına məxsus milli toy papağını taxması xüsusi gözəllik yaratdı. Onun bu milli geyim elementi toy iştirakçılarının böyük marağına və sevgisinə səbəb oldu. Boradıqahdakı şadlıq sarayında bizi Kəmalə xanım,Boladi kəndindəki, Boladi Folklor Klub unun fəal xanımları və rəfiqələri son dərəcə səmimi və ehtiramla qarşıladılar. Bizim üçün gəlinə yaxın, ən baş masada ailə masasında xüsusi yer ayrılmışdı. Bu maraqlı məclisdə Muzeyşünaslıq ixtisası üzrə qrupun starostası, fəal tələbəmiz Zəhra da bizimlə birlikdə iştirak edirdi.
​Toy məclisi ilk dəqiqələrdən qonaqlarımızın Jadra, Anar və Mədinə xanımın böyük marağına səbəb oldu. Tələbələrimiz cənub mətbəxinin bir-birindən ləziz toy təamlarını daddıqdan sonra onları şən rəqslərə dəvət etdilər. Milli rəqslərimizin ritminə qoşulan gənclərimiz gözəl ifaları ilə məclisə xüsusi rəng qatdılar.
​Məclis zamanı söz verilərkən bəylə gəlini, Kəmalə xanımı və bütün toy iştirakçılarını ürəkdən təbrik edib, gənclərə xoşbəxtlik və ailə səadəti arzuladıq. Təbrikdən sonra şənlik və rəqslər eyni coşğu ilə davam etdi.
​Ən təsirli məqamlardan biri isə Qazaxıstanlı qızların keçirdiyi böyük həyəcan və sevinc idi. Onlar Qazaxıstandakı valideynləri ilə görüntülü əlaqə saxlayaraq LDU-nun onlara göstərdiyi diqqəti, Lənkəran toyunun canlı ab-havasını, coşğusunu və gözəl ənənələrini böyük qürurla ailələrinə göstərdilər, onları da bu gözəlliyi canlı izləməyə dəvət etdilər.
​Günün sonunda qonaqlarımızı Lənkəran Dövlət Universitetinin yataqxanasına təhvil verərək növbəti xoş xatirələrlə ayrıldıq. Doğma adət-ənənələrimizi qardaş xalqların gənclərinə tanıtmaq və sevdirmək istiqamətindəki fəaliyyətimiz böyük həvəslə davam edir.

Leyla Qadir qızı Məcudova

LDU-nun dosenti

​#LənkəranDövlətUniversiteti #LDU #Qazaxıstan #AtırauUniversiteti #BeynəlxalqƏməkdaşlıq #Lənkəran #Masallı #Boradıgah #Mədəniİrs #AdətƏnənə #TəhsilVəMədəniyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir