Zəhmətin nuru, mənəviyyatın ucalığı: Musa Axundov. Leyla Məcidova yazır

Cənubun başı dumanlı, meşəli dağlar qucağında qərar tutan Lənkəranın Gəgiran kəndi təkcə uca zirvələri, sıx meşələri və zümrüd libaslı təbiəti ilə deyil, o,zirvələr qədər məğrur, bütöv və təmiz mənəviyyatlı insanları ilə tanınır. Bu torpaq əsrlər boyu öz qoynunda böyütdüyü hər bir övlada dağların dəyanətini, meşələrin səssiz müdrikliyini və büllur bulaqların saflığını bəxş etmişdir. Bu torpağın yetirdiyi hər bir övlad öz kökünə bağlılığı, halal zəhməti və insani əxlaqı ilə el-obanın başucalığına çevrilir. Belə mənəvi ucalıq sahiblərindən biri ömrünü halal əməyə, insanlara xidmətə və Vətənə ləyaqətli övlad bəxş etməyə həsr etmiş dəyərli el ağsaqqalımız Musa Qulam oğlu Axundovdur.

​Dağların dumanı bürüyər başın,
Səxavət nurudur torpağın, daşın.
Vicdanla yazılar hər ömür yaşın,
Uca mənəviyyat, alidir adın…

​Musa Axundov 24 mart 1956-cı ildə Gəgiran kəndində, halal çörəyi hər şeydən uca tutan, zəhmətkeş və sadə bir ailədə dünyaya göz açmışdır. İkinci Dünya müharibəsinin mərd veteranı olan atasından cəsarət, mərdlik və doğma torpağa son nəfəsədək sədaqət dərsini alan Musa müəllim, həyatın ilk sərt sınağı ilə hələ uşaq yaşlarında qarşılaşır. Hələ 14 yaşında ikən anasını itirərək ana nəvazişindən, istiliyindən mahrum olur. Erkən yaşda taleyin bu ağır sınağı ilə üzləşsə də, o, mətanətini yoxlamalarda itirmir, kiçik çiyinlərinə boyundan böyük məsuliyyət götürür. İki qardaşı və bir bacısının əsl dayaq nöqtəsinə, arxasına çevrilərək həyatın fırtınalarına sinə gərir. Məktəbi bitirən kimi dərhal zəhmət meydanına atılır, yalnız öz ailəsinin deyil, eyni zamanda doğma kəndinin sosial yükünü də çiyinlərinə götürür.
​1974–1976-cı illərdə hərbi xidmətini şərəflə, nümunəvi intizamla başa vurduqdan sonra yenidən doğma elinə-obasına qayıdan Musa müəllim, sadə əmək fəaliyyətini yorulmadan davam etdirir. Onun insanlara qarşı tükənməz səmimiyyəti, daxili mədəniyyəti, təvazökarlığı və pak mənəviyyatı qısa zamanda bütün kənd sakinərinin dərin ehtiramını qazandırır. Gəgiran kimi dağlıq, adət-ənənələrinə möhkəm bağlı olan bir eldə insan sevgisini və etimadını qazanmaq yalnız yüksək insani keyfiyyətlərin təzahürü ola bilərdi.
​1999-cu il Azərbaycanın yerli özünüidarəetmə tarixində əlamətdar bir mərhələ oldu – ölkədə ilk Bələdiyyə seçkiləri keçirildi. Həmin dövrdə Gəgiran kənd sakinləri yekdil etimad və böyük ümidlərlə Musa Axundovu kəndin ilk Bələdiyyə sədri seçdilər. Bu, sadəcə bir vəzifə deyil, elin Musa müəllimin halallığına, təşkilatçılığına və təəssübkeşliyinə verdiyi ali qiymət idi. İstər bələdiyyə sədri olduğu illərdə, istərsə də sonrakı dövrlərdə bir el ağsaqqalı kimi o, dağ kəndlərinin çətin şəraitində yolların bərpasında, insanların sosial qayğılarının həllində, xəstəsinə baş çəkməkdə, elin hər bir xeyir-şər işində ön sırada dayandı. Onun üçün elin dərdi öz dərdi, sevinci öz sevinci idi.
​2013-cü ildən etibarən zəngin həyat təcrübəsi və tükənməz enerjisi ilə dağ kəndlərinin işıqlı gələcəyinə xidmət edən Musa müəllim, energetika sahəsində fəaliyyət göstərərək xüsusi fədakarlıq nümayiş etdirdi. Dağlıq ərazidə yerləşən kəndlərin köhnəlmiş, qəza vəziyyətində olan elektrik xətlərinin yenilənməsində onun şəxsi əməyi və cəsarəti hər kəsə nümunə oldu. Sərt şaxtalı, boranlı qış günlərində, dağların qar-çovğun kəsdiyi ən çətin məqamlarda belə, “kənd evləri qaranlıqda qalmasın” deyə gecə-gündüz yorulmadan, təhlükələrə baxmadan çalışan bu böyük insan, zəhməti özünə şərəf bilsin deyə yaşayan gerçək bir əmək qəhrəmanıdır.

​Halal çörək tapdı zəhmət içində,
Sədaqət aradı hər bir seçimdə.
Nuru əskik olmaz heç bir biçimdə,
Elinə işıqdır təmiz bir ürək.

​Musa Axundovun ömür salnaməsi yalnız halal zəhmətlə, bələdiyyə və energetika sahəsindəki fədakarlıqla bitmir. Onun həyatı həm də Vətənə verdiyi ən müqəddəs töhfə, ali fədakarlıqla zəngindir. O, həm də məğrur, bütöv və əyilməz bir Şəhid atasıdır! 44 günlük Vətən müharibəsində 19 il Silahlı Qüvvələrimizin sıralarında nümunəvi, qüsursuz xidmət etmiş böyük oğlu, baş gizir Mirzə Axundov müharibənin ilk günlərindən tərəddüd etmədən cəbhəyə atılmışdı. Mirzə Axundov Suqovuşan istiqamətində gedən ən ağır, həlledici döyüşlərdə misilsiz şücaət göstərərək uca şəhidlik zirvəsinə ucaldı. O, atasından aldığı dözümü, vətənpərvərliyi döyüş meydanında al qanı ilə möhürlədi. Həmçinin Musa müəllim 1999-cu ildə Tərtər istiqamətində xidmət borcunu yerinə yetirərkən şəhid olmuş Nizami Axundovun da dayısıdır.
​Bir evdən, bir nəsilədən Vətən torpağına şəhid payı vermək, qəlbində böyük bir övlad dağı daşımaq hər insan qaldıra biləcəyi yük deyildir. Lakin Musa müəllim qəlbindəki bu dərin sızıltını başıdik, məğrur duruşu ilə gizlətməyi bacardı. Öz dəyanəti, vüqarı, təmkinli davranışı və səbri ilə o, təkcə Gəgiran kəndinə deyil, bütün cənub bölgəsinə, hər birimizə əsl mənəviyyat, mərdlik, fədakarlıq və vətənpərvərlik məktəbi keçdi.

​​Şəhidlik zirvəsi övlad dağında,
Ata vüqarı var hər addımında.
Mirzə kimi oğul verdin Vətənə,
Adı dastan oldu elin yadında.

​Vətən bayrağında al qan izi var,
Şəhid atasının mərd dözümü var.
Bu müqəddəs yolda uca sözü var,
Əyilməz duruşlu bir dağdır ata!

​Ömrünü elinə-obasına, əxlaqı və təmiz mənəviyyatı ilə insanlara xidmətə həsr etmiş, halal əməyi və şəhid atasının uca məqamı ilə seçilən bu dəyərli şəxsiyyət dövlətimiz tərəfindən də layiq olduğu uca qiyməti qazandı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə səmərəli fəaliyyətinə və cəmiyyət qarşısındakı xidmətlərinə görə Musa Qulam oğlu Axundov “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
​Bu ali mükafat yalnız bir insanın əməyinə verilən qiymət deyil. Bu medal – xalqına, dövlətinə, torpağına sədaqətlə xidmət edən sadə Azərbaycan insanının zəhmətinə, şəhid valideyninin müqəddəs haqqına verilən dövlət ehtiramıdır. Bu təltif bütün Gəgiran elinin, Lənkəran torpağının və bütün Cənub bölgəsinin böyük qürur və fəxarət mənbəyidir.

​Qaranlıq yollara nur paylayansan,
Zəhmətlə ömrünü bəzəyib yazan.
Elində-obanda ucaldı adın,
Tərəqqi medalın mübarək olsun!

​Dəyərli el ağsaqqalımız, əziz şəhid atası Musa müəllimi bu uca və şərəfli mükafat “Tərəqqi” medalı münasibətilə, qəlbən təbrik edir, ona möhkəm cansağlığı, uzun, mənalı və bərəkətli ömür arzulayıram. Musa müəllim kimi təmiz qəlbli, əxlaqı, halallığı və fədakar zəhməti ilə gənclərimizə örnək olan insanların nuru gələcək nəsillərimizin yolunu hər zaman işıqlandırsın!

Leyla Qadir qızı Məcidova

LDU-nun ​dosent i
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir