Murat Bozun toy qiyməti, milyonluq məclislər və borca düşən ailələr. – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan kəskin açıqlamalar

Bakıda keçirilən dəbdəbəli toylar yenidən ictimai müzakirələrə səbəb olub. Sonuncu belə məclislərdən birinə türkiyəli müğənni Murat Boz da qatılıb. Sənətçi toyda bir saata yaxın səhnədə çıxış edərək sevilən mahnılarını ifa edib. Gecədən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, paytaxtda bundan əvvəl də təmtəraqlı toy məclisi keçirilmiş, həmin mərasimə dünya şöhrətli opera müğənnisi Alessandro Safina dəvət olunmuşdu.
Belə məclislərdə on minlərlə manatın xərclənməsi, ardınca isə bəzi ailələrin üzləşdiyi maddi çətinliklər toy mədəniyyəti ətrafında müzakirələri yenidən gündəmə gətirir. Bir tərəfdən “qonşudan geri qalma” prinsipi ilə daha dəbdəbəli məclis keçirməyə çalışanlar var, digər tərəfdən isə xoşbəxt ailə qurmaq üçün böyük toyun vacib olmadığını düşünənlər az deyil.
Bəs dəbdəbəli toy keçirmək istəyi hansı sosial və iqtisadi nəticələrə səbəb olur? İnsanların imkanlarından artıq xərc çəkməsi, borca girməsi və başqaları ilə müqayisə aparması nə dərəcədə doğrudur? Milli toy ənənələrini qorumaqla yanaşı, bu cür israfçılığın qarşısını almaq mümkündürmü?
Yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov Musavat.com-a açıqlamasında bildirib ki, toy tarixən yalnız ailə qurmaq mərasimi deyil, həm də iqtisadi və sosial hadisə olub.
Onun sözlərinə görə, toy məclisləri yeni iş yerlərinin yaranmasında, xidmət sektorunun inkişafında və insanların sosiallaşmasında mühüm rol oynayır.

“Tarixin bütün dövrlərində toy həm də böyük iqtisadi və kreativ biznes hadisəsi olub. Sənayenin inkişafında, yeni iş yerlərinin yaradılmasında, eyni zamanda insanların sosiallaşmasında toy məclislərinin rolu getdikcə artıb. Bu baxımdan Azərbaycan toyları da həm tarixən, həm də indi dünya toylarından elə də fərqlənmir”, – deyə ekspert bildirib.
Aydın Xan Əbilov xatırladıb ki, əvvəllər Azərbaycan toyları çoxsaylı mərasimlərdən ibarət olub. Zaman keçdikcə isə bu ənənələr dəyişib və toy mərasimləri xidmət sektorunun mühüm istiqamətlərindən birinə çevrilib: “Vaxtilə milli toylarımız yüzdən çox mərasimi özündə birləşdirirdi. Qadın və kişi toyları ayrı keçirilirdi. Nişan, qadın toyu, kişi toyu ayrı-ayrı mərasimlər idi. Amma indi görürük ki, artıq bunların hamısını əvvəlki qaydada keçirmək mümkün deyil. İndi toy mərasimlərinin hər biri restoran biznesinin bir hissəsinə çevrilib. Bu baxımdan artıq qəbul etməliyik ki, kreativ biznesin bir sahəsi olan toy biznesi xidmət sektorunun da böyük bir hissəsini təşkil edir”.
Ekspertin sözlərinə görə, son illər Azərbaycanda keçirilən bəzi dəbdəbəli toylar cəmiyyətdə sosial ədalət və bərabərlik məsələlərini də gündəmə gətirir. Xüsusilə tanınmış məmurların və imkanlı şəxslərin övladları üçün təşkil edilən təmtəraqlı məclislərdən sonra sosial şəbəkələrdə müzakirələr qızışır.
“Son illər Azərbaycanda həddindən artıq dəbdəbəli toylar keçirilir. Özü də maraqlıdır ki, bunlar ya tanınmış məmurların, varlı adamların, ya da həmin şəxslərin övladlarının toyları olur. Belə toyların keçirilməsindən sonra böyük səs-küy yaranır. Sosial ədalətsizliyin pozulması ilə bağlı sosial şəbəkələrdə ictimai müzakirələr qızışır, etiraz edənlər də olur, bunu təqdir edənlər də”, – deyə A.X.Əbilov bildirib.
O, bu tendensiyanın təkcə Azərbaycana xas olmadığını, dünyanın müxtəlif ölkələrində də imkanlı şəxslərin təmtəraqlı toylar keçirdiyini vurğulayıb. Bununla belə, ekspert hesab edir ki, insanların maddi imkanları varsa, böyük toy keçirmək istəklərinə qadağa qoymaq düzgün yanaşma deyil. Ancaq burada ədalət prinsipi də nəzərə alınmalıdır.
“Bu, bütün dünyada baş verən hadisədir. Məsələn, Hindistanda milyarderlərin toyları, Türkiyədə milyonçuların məclisləri, Rusiyada iş adamlarının öz övladları üçün təşkil etdikləri təmtəraqlı toylar. Şahanə toylar, əlbəttə ki, böyük pullar, kapitallar tələb edir. Bu zaman biz heç də qısqanmamalıyıq. Kiminsə imkanı varsa və böyük toy keçirmək istəyirsə, onun qarşısını ala bilmərik. Amma, əlbəttə ki, burada ədalət prinsipi də olmalıdır”, – deyə kulturoloq bildirib.
Aydın Xan Əbilovun fikrincə, bəzi ölkələrdə toy ənənələrinin dəyişməsi və mərasimlərə ayrılan vəsaitin sosial layihələrə yönəldilməsi də diqqətəlayiq nümunədir. Onun sözlərinə görə, böyük məclislərə xərclənən pulların bir hissəsinin təhsil, elm, səhiyyə və digər sosial sahələrə yönəldilməsi cəmiyyət üçün daha faydalı ola bilər.
“Məsələn, vaxtilə bir çox ölkələrdə böyük, təmtəraqlı toylar keçirilirdi. Amma indi həmin toyların bir çoxunun formatı dəyişib. İnsanlar toylara xərclədikləri böyük vəsaitləri artıq sosial problemlərin həllinə, təhsil, elm və səhiyyə ilə bağlı fondlara yönəldirlər. Bəzən qocalar evində toy keçirildiyini də görürük. Toydan qalan vəsait xeyriyyə məqsədləri üçün istifadə olunur”, – deyə o bildirib.
Ekspert hesab edir ki, Azərbaycanda əsas problemlərdən biri dəbdəbəli toyların başqaları ilə müqayisə və rəqabət vasitəsinə çevrilməsidir. Onun fikrincə, imkanlı şəxslərin həyat tərzini təqlid etməyə çalışan ailələr bəzən öz büdcələrinə uyğun olmayan qərarlar verir, banklardan kredit götürərək böyük məclislər təşkil edirlər.
“Bizdə isə, təəssüf ki, vaxtilə 50 il bundan əvvəl dünyada, 20-30 il əvvəl isə Türkiyədə və digər ölkələrdə baş verən proseslər indi milli toylarımızda təkrarlanır. Yəni özünü başqalarından üstün göstərmək cəhdi var. Varlı adamları başa düşmək olar: vaxtilə kralların, şahların dəbdəbəli toyları olurdu, 40 gün, 40 gecə toy çalınırdı. Amma indi orta və aşağı təbəqənin nümayəndələri də özlərini varlılar kimi aparmağa çalışırlar. Gedib kredit götürür, banklardan borc alır, sonra da təmtəraqlı toy edirlər”, – deyə A.X.Əbilov vurğulayıb.
Onun sözlərinə görə, bu vəziyyət təkcə toy sahibləri üçün deyil, məclisə dəvət olunan insanlar üçün də əlavə maliyyə yükü yaradır. Çünki toy xərcləri artdıqca qonaqların ödəməli olduğu məbləğ də yüksəlir və hər kəs bu xərcləri qarşılamaq imkanına malik olmur.
“Həmin toylara dəvət olunan insanların böyük əksəriyyətinin isə artıq imkanı yoxdur, toya gedə bilmirlər. Çünki əvvəlki kimi toylara 200-300 manat pul yazdıra bilmirlər. Bir çox dəvət olunanların da vəziyyətinin çətinləşdiyini görürük. Toyun keçirildiyi məkanın süfrə xərci, bilmirəm, 80-100 manat olur. İnsanlar da baxırlar, görürlər və toya getmirlər. Məcbur olurlar ki, toy əvəzinə ya nəmər göndərsinlər, ya da ümumiyyətlə, həmin məclisə getməsinlər”, – deyə ekspert bildirib.
A.X.Əbilov hesab edir ki, insanları belə bir seçim qarşısında qoymaq düzgün deyil. Onun fikrincə, ailələr toy xərclərini müəyyənləşdirərkən yalnız öz istəklərini deyil, qonaqların maddi vəziyyətini və ümumi iqtisadi şəraiti də nəzərə almalıdırlar.
“Biz insanlarımızı, əhalimizi niyə belə ağır vəziyyətdə qoymalıyıq? Bu sualın cavabını axtarmalıyıq. Əlbəttə ki, belə təmtəraqlı toyların sayı da azalacaq. Bəzi ailələrin öz imkanlarına uyğun keçirdikləri toylar sanki digərləri üçün nümunə olur”, – deyə o əlavə edib.
Kulturoloqun fikrincə, dəbdəbəli toylarla bağlı rəqabətin yaranmasında valideynlərin və gənclərin yanaşması da rol oynayır. Bəzi gənclər öz toylarının imkanlı şəxslərin məclisləri ilə müqayisə edilməsini istəyir, tanınmış müğənnilərin və xarici sənətçilərin dəvət olunmasını vacib sayırlar.
“İndi hər kəsin bir və ya iki uşağı var. Uşaqlar valideynlərinə sözün həqiqi mənasında mənəvi təzyiq göstərir və onları məcbur edirlər ki, mənim toyum da, məsələn, biznesmenin və ya hansısa yüksək vəzifəli şəxsin toyu kimi təmtəraqlı olmalıdır. Orada Azərbaycanın tanınmış ulduzları gəlib mahnı oxumalı, xaricdən müğənni dəvət edilməlidir və sair. Belə də olmaz”, – deyə A.X.Əbilov bildirib.
Ekspertin sözlərinə görə, bu cür rəqabət nəticəsində ailələr həm özlərini, həm də yeni qurulan ailələri uzunmüddətli borc yükü ilə üz-üzə qoya bilərlər. Buna görə də o, toyların təşkili ilə bağlı müəyyən tövsiyələrin hazırlanmasını və bu sahədə məsuliyyət məsələsinin müzakirə edilməsini mümkün variantlardan biri hesab edir.
“İnsanlar bu cür rəqabətə girməklə həm özlərini, həm də gələcək ailələrini böyük borcun içinə salırlar və sonradan bu borcun altından çıxmaq qeyri-mümkün olur. Düşünürəm ki, bununla bağlı hər hansı inzibati məsuliyyət müəyyənləşdirə, qanunvericiliyə dəyişiklik edə bilərik”, – deyə o qeyd edib.
Aydın Xan Əbilovun sözlərinə görə, bu təklifin cəmiyyətdə mübahisə doğurması da mümkündür. Çünki toyun necə keçirilməsi və şəxsi vəsaitin hansı məqsədlə xərclənməsi fərdi seçim hesab olunur. Bununla belə, ekspert milli toy ənənələrinin formatı, xərclər, dəvət olunan sənətçilər və digər məsələlərlə bağlı müəyyən standartların müzakirəyə çıxarılmasını təklif edir.
“İnsanlar sual verə bilərlər ki, toy mənimdir, pul mənimdir, kimi istəyirəm çağırıram, sizə nə dəxli var? Amma etik normaların və davranış qaydalarının bir hissəsi kimi milli toylarımızın formatı, oraya cəlb olunan kapital, xərclənən vəsait, dəvət edilən qonaqlar, musiqiçilər və sair ilə bağlı dövlət tərəfindən tənzimləyici xarakter daşıyan müəyyən standartlar qəbul edə bilərik. Əlbəttə, ilk növbədə bunlar tövsiyə xarakterli ola bilər”, – deyə kulturoloq bildirib.
Ekspertin fikrincə, dəbdəbəli toylarla bağlı müzakirələrdə vergi məsələsi də diqqətdən kənarda qalmamalıdır. O hesab edir ki, toyda çıxış edən müğənnilərin qazandıqları gəlirdən vergi ödəməsi, eləcə də həddindən artıq böyük xərclər zamanı vəsaitin mənbəyinin aydınlaşdırılması məsələsi nəzərdən keçirilə bilər.
“Gələcəkdə bu tövsiyə və ya inzibati xarakterli tələbləri pozanların cərimələnməsini demirəm, amma təmtəraqlı toylar keçirənlər, müğənnilər dəvət edənlər müəyyən məsələləri nəzərə almalıdırlar. Birincisi, müğənnilər qazandıqları puldan dövlətə vergi ödəməlidirlər. İkincisi, toy sahibi də vergiyə cəlb olunmalıdır ki, həddindən artıq xərclənən pulun haradan gəldiyi, mənbəyinin nə olduğu araşdırıla bilsin”, – deyə A.X.Əbilov qeyd edib.
O, bu məsələyə münasibət bildirərkən xaricdən avadanlıq alınması zamanı ödənişlərə və vəsaitin mənbəyinə dair tələbləri də nümunə göstərib.
“Məsələn, biz xaricdən hansısa avadanlıq almaq istəyəndə dərhal ödənişin 50 faizinin köçürmə yolu ilə edilməsini tələb edirlər. Digər tərəfdən, nağd ödəniş zamanı da pulun mənbəyini soruşurlar ki, bu vəsaiti haradan gətirirsiniz”, – deyə ekspert bildirib.
A.X.Əbilovun qənaətinə görə, öz zəhməti və bacarığı ilə qazanan şəxslərin böyük məbləğləri toylara xərcləməsi inandırıcı görünmür. O, eyni zamanda, cəmiyyətdə bu cür dəbdəbəli məclislərə qarşı əvvəlki ictimai reaksiyanın zəiflədiyini düşünür.
“Məncə, öz zəhməti, biliyi, bacarığı və intellekti ilə pul qazanan şəxslər toya milyonlarla vəsait xərcləməzlər. Bunun belə olduğuna inanmıram. Amma təəssüf ki, başqa faktorlar da var və bu faktorlarla bağlı ictimai reaksiyalar təsir göstərmir”, – deyə o vurğulayıb.
Ekspert xatırladıb ki, əvvəllər toyların 500-600 nəfərlə keçirilməsinə qarşı ictimai etirazlar olurdu və bu müzakirələr müəyyən dəyişikliklərə səbəb olmuşdu. İndi isə onun fikrincə, məsələ yalnız qonaqların sayından ibarət deyil. Artan xərclər və iqtisadi çətinliklər fonunda dəbdəbəli məclislər cəmiyyətdə daha çox narazılıq doğurur.
“Ona görə də insanları qıcıqlandıra biləcək bu tipli toyların və məclislərin, hətta xeyir işlərin belə təmtəraqlı keçirilməsindən bir cəmiyyət olaraq imtina etməliyik. Gənclər, valideynlər, yeni evlənənlər və toy sahibləri düşünməlidirlər ki, bu cür dəbdəbədən nə qədər tez imtina etsək, cəmiyyət üçün bir o qədər faydalı olar”, – deyə Aydın Xan Əbilov fikrini yekunlaşdırıb.
Şahanə Rəhimli

