İsa Yaşar Tezeldən Azərbaycana açıq dəstək: “Mən həm Türkiyəyəm, həm Azərbaycan”
Türkiyəli jurnalist və siyasətçi, MHP üzvü İsa Yaşar Tezel Azərbaycanla bağlı paylaşımında məktəbli geyimi ətrafında Türkiyədə aparılan müzakirələrə, iki ölkənin münasibətlərinə və Azərbaycanın İsraillə əlaqələrinə toxunub.
Musavat.com bildirir ki, İsa Yaşar Azərbaycan kökənlidir, Azərbaycan Kültür Dərnəyinin rəhbərlərindən biri, Azərbaycan sevdalısıdır.
Tezel bildirib ki, Azərbaycan rəhbərliyi ilə münasibətlərində narazılıqları olsa da, bu, Azərbaycan dövlətinin və xalqının aşağılama hədəfinə çevrilməsinə susacağı demək deyil. O, Azərbaycanın daxili işlərinə qarışılmasını tənqid edib, Türkiyə-Azərbaycan qardaşlığının siyasi şərtlərə bağlanmamalı olduğunu vurğulayıb.
İsa Yaşar Tezelin paylaşımını Azərbaycan dilində təqdim edirik:
XXXX
CAN AZƏRBAYCAN
Azərbaycan rəhbərliyi ilə münasibətlərimin çox yaxşı olmadığını məni tanıyanlar bilir. Küsülü olduğum məsələlər ortadadır. Ancaq insanın incikliyi bir dövlətin və xalqın alçaldılmasına razı olmaq üçün əsas deyil. Rəhbərliyə bəzi etirazlarım var deyə, Azərbaycan dövlətinə və xalqına yönələn aşağılamalara susmağım gözlənilməsin. Azərbaycan mənim özümdür. Mən həm Türkiyəyəm, həm Azərbaycan.
Başörtüsü məsələsi…
Geyim qaydaları ilə inanc azadlığını uzlaşdıracaq bir yol tapılmasını arzulayıram. Ancaq uşaqların yaşadığı çətinlikləri bəhanə edib bütün Azərbaycanı inanc düşməni kimi göstərmək istəyən hakimiyyətə yaxın media qurumları, saray müşavirləri, onlara bağlı trollar, camaatlar, təriqətlər, məzhəbçilər, separatçılar, “FETÖ”çülər və siyasi islamçılar — müstəqil bir ölkənin daxili işlərinə qarışmaq nə haqqınızdır, nə də həddiniz.
İçinizdəki türk düşmənliyini hər fürsətdə üzə çıxarırsınız. Bilin ki, Türkiyə ilə Azərbaycanın qardaşlığına və birliyinə zərər verməyə gücünüz çatmayacaq. Arxa plandakı düşüncəniz iki ölkənin münasibətləri pozularsa, Türk Dövlətləri Birliyinin də dağılacağıdır. Buna da gücünüz çatmayacaq. Bunu da bacarmayacaqsınız.
İsrail məsələsi…
Yuxarıda adlarını çəkdiyim şər qüvvələrin əsl dərdi Azərbaycanla İsrail arasındakı münasibətlərdir. Azərbaycan-Ermənistan müharibəsində bütün dünya Azərbaycana arxa çevirmişdi. Amerika, Avropa İttifaqı, bütün ərəb ölkələri, hətta Fələstin belə Ermənistanın yanında idi. Azərbaycanı dəstəkləyən isə iki ölkə vardı: Türkiyə və İsrail.
Otuz il davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Minlərlə qəhrəman Azərbaycan əsgəri şəhid oldu. Azərbaycan itirdiyi torpaqları geri aldı. Müharibə bitdikdən sonra ölkə qısa müddətdə toparlandı və güclü dövlət olmaq yolunda sürətlə irəliləməyə başladı. Bundan kim narahat olar? Əlbəttə, türk düşmənləri. Azərbaycana qarşı sosial mediada qara təbliğata başladılar. Azərbaycana zərər verməyə çalışırlar. Amma bacarmayacaqlar.
Azərbaycan səfirliyi qarşısında aksiya keçirən siyasi islamçılara səslənirəm: ABŞ-İsrail–İran müharibəsində, səkkiz ay əvvəl Minab şəhərində qızlar üçün ibtidai məktəb ABŞ təyyarələri ilə vurulmadımı? Dərs zamanı siniflərində olan, başıörtülü 200-dən çox qız uşağı bombalarla şəhid edilmədimi?
Əgər qız uşaqlarının hüquqlarını müdafiə edirsinizsə, İranda şəhid olan qız uşaqları üçün niyə ABŞ səfirliyinin qarşısına gedib etiraz etmədiniz? Onlar müsəlman deyildilər? Yoxsa məzhəbçilik edirsiniz? Yoxsa sizi ABŞ bəsləyir?
Qardaşlıq məsələsi…
Biz bir-birimizə “qardaş” deyərkən bunu yalnız xoş günlərdə deyiləcək bir söz kimi qəbul etməmişik. Qardaşlıq “Mən səndən üstünəm, mən deyəni etməlisən” demək deyil. Qardaşlıq tənqidi aşağılamaya çevirməklə olmur. “Mən istədiyim kimi davransan, yanında olaram” şərtinə bağlana bilməz.
Yanlış gördüyümüzü, əlbəttə, deyəcəyik. Ancaq qarşımızdakının qürurunu incitmədən, müstəqilliyinə hörmətlə yanaşaraq danışacağıq.
Türkiyə-Azərbaycan qardaşlığının təməli türklükdür.
Türkiyədə “Mən türk millətinin bir fərdiyəm, mən türkəm” deyən milyonlarla evdə Azərbaycana sevgi var. Hakimiyyətlər gəldi-gedər, dövlətlər qalıcıdır. Heç bir güc və hakimiyyət bu sevgini yox edə bilməyəcək. Bu da belə bilinsin.
Musavat.com

