Əsas məsələ zəngin milli irsin mövcudluğundan çox onu müasir tamaşaçı zövqünə uyğunlaşdırmaqdır – YYSİB sədri Aydın Xan Əbilovdan kreativ açıqlama
Yaponiya anime və manqa, Cənubi Koreya K-pop və K-dramaları, ABŞ isə komiks və Hollivud mədəniyyəti ilə dünyada tanınır. Bəs Azərbaycanı qlobal mədəniyyətdə fərqləndirən hansı nümunələr var?
YeniMedia.net portqlı xəbər verir ki, mövzu ilə bağlı İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov danışıb.
Kulturoloqun sözlərinə görə, Azərbaycan mədəniyyəti Şərq və Qərb mədəniyyətlərinin müxtəlif xüsusiyyətlərini özündə birləşdirən zəngin sistemdir və bu irsin müasir formatlarda dünyaya təqdim olunması vacibdir.
“Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, folklorunun ən böyük hissəsi epos və dastanlardır. Dastanlarda həm macəraçılıq, həm tarixilik, həm də müasir gəncliyin maraq göstərə biləcəyi elementlər var”, – deyə A.X.Əbilov bildirib.
O, hesab edir ki, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qatır Məmməd”, Babəklə bağlı hadisələr film, serial, animasiya və kompüter oyunları üçün maraqlı mövzu ola bilər.
“21-ci əsrin insanı hələ də müharibə, ölüm, sevgi, mübarizə və azadlıq savaşını sevir. Bu baxımdan Koroğlu eposu ilə İkinci Qarabağ müharibəsində qəhrəmanlarımızın göstərdiyi igidliklər haqqında müxtəlif janrlarda materiallar hazırlayıb dünyaya çıxara bilərik”, – kulturoloq deyib.
A.X.Əbilov məhəbbət dastanlarının da müasir formatda təqdim edilməsinin mümkünlüyünü vurğulayıb. Onun fikrincə, “Leyli və Məcnun”, “Fərhad və Şirin” kimi sevgi hekayələri yeni nəsil tamaşaçıların marağına səbəb ola bilər.
“Dünya indi kişi-qadın məhəbbətinə, sevgi yolunda öz canını fəda edən romantik məhəbbət hekayələrinə acdır. Bizim sevgi dastanlarımızı müasir dövrün romantik mübarizliyi ilə birləşdirib dünyaya çıxara bilsək, yeni nəsil tamaşaçılarını maraqlandıra bilərik”, – deyə o qeyd edib.
Kulturoloq Azərbaycan mədəniyyətinin muğam, saz-aşıq sənəti, xalq musiqisi, miniatür və ədəbiyyat kimi sahələrinin də müasir sənət nümunələri ilə sintez edilə biləcəyini bildirib.
O, həmçinin Azərbaycanın Qobustan, Azıx mağarası, Qız qalası, Möminə Xatun türbəsi, palçıq vulkanları, Yanardağ və digər təbiət-tarix abidələrinin sənədli və populyar filmlər vasitəsilə tanıdılmasını təklif edib.
“Qloballaşma, virtual aləm, süni intellekt, sosial şəbəkələr və internetin yaratdığı imkanlardan yararlanıb ən yeni, ən çevik, ən maraqlı formatlarda bizim dəyərləri dünyaya çıxarmağın vaxtı yetişib”, – A.X.Əbilov vurğulayıb.
Onun fikrincə, Azərbaycan mətbəxi və çay mədəniyyəti də animasiya, serial və digər populyar məzmunlar vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilə bilər.
A.X.Əbilov hesab edir ki, əsas məsələ zəngin milli irsin mövcudluğu deyil, onu müasir tamaşaçı zövqünə uyğun formatda təqdim etməkdir.
Aydan Qasımova

