“Öz bacarıqlarının, bilik və imkanlarının pula çevrilməsi baxımından sosial şəbəkələr böyük imkanlar yaradır” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovun ekspert mövqeyi

"Öz bacarıqlarının, bilik və imkanlarının pula çevrilməsi baxımından sosial şəbəkələr böyük imkanlar yaradır" - SOSİOLOQ

“Sosial şəbəkələr artıq bizim həyat tərzimizə çevrilib. Bizim virtual ömrümüz, virtual həyatımız, virtual təhsilimiz, elektron biznesimiz, elektron hökumətimiz və s. — hər bir şey artıq sosial şəbəkələr və internet üzərində həyata keçirilir”.

Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sosial şəbəkə deyəndə biz yalnız Facebook və yaxud TikToku nəzərdə tutmuruq: “Bu, çox geniş anlayışdır. Artıq bir çox video platformalar, məsələn, YouTube kimi video platformalar, saytlar var ki, onlar da sosial şəbəkə estetikasına və texnologiyasına çevriliblər və insanları daha çox özünə cəlb etməyə çalışırlar. Kontentdə daha çox müştəri tapmaq, reklamçı tapmaq və s. uğrunda çox böyük bir yarış gedir.

İndi bütün beynəlxalq, qlobal informasiya-kommunikasiya şəbəkələri çalışırlar ki, daha çox əhalini özünə cəlb etsin. Çünki baxış sayından tutmuş istifadəçilərin sayına, əlavələrinə qədər hər bir statistik məlumat həm reytinq üçün, həm reklam almaq, sponsor tapmaq üçün sosial şəbəkə yaradan qurumlara, güclərə çox böyük imkanlar yaradır.

Bu baxımdan da sosial şəbəkələr istifadəçiləri artıq tamamilə fərqli kontent istifadəçilərinə çevirirlər. O əvvəlcə sosial şəbəkə yalnız tanışlıq xatirinə, bir-birini tapmaq, bir-birinin ad gününü təbrik etmək, bayramlaşmaq üçün lazım olurdusa, indi süni intellektin inteqrasiya olunduğu sosial şəbəkələr, süni görüntülü, vizual və virtual məhsullar ortaya qoyan sosial şəbəkələr insanların real həyat tərzini dəyişdirib. İnsanların bir-birinə emosional, real münasibətlərini dəyişdirib.

Biz artıq sosial şəbəkə istifadəçisi deyə bilmirik. İçində asosiallaşmış, amma virtual aləmdə geniş sosial imkanları olan, sosiallaşmış vətəndaşdan, insandan, cəmiyyətdən danışa bilirik.

Sosial şəbəkələr və ümumiyyətlə eyni texnologiyalar insana nə qədər çox şey verirsə, bir o qədər də çox şey alır. Əvvəllər biz həyatda sosial idik, amma yeni-yeni gələn sosial şəbəkələrdə asosial idik. İndi əksinədir. Hər kəs smartfon, internet, süni intellekt, sosial şəbəkələr vasitəsilə virtual aləmdədir, real aləmdə illərlə bir-biri ilə görüşmürlər.

Toy, yas və yaxud ad günü, bayramlar olmasa, mağazaya getmək olmasa, insanlar ümumiyyətlə evdən çıxmazlar. Və yaxud iş olmasa, ümumiyyətlə bir-birini görməzlər.

Bu baxımdan da insanların özünü cəmiyyətdə təqdim etməsi, cəmiyyət tərəfindən qiymətləndirilməsi, dəyərləndirilməsi, öz bacarıqlarının, bilik və imkanlarının pula çevrilməsi baxımından sosial şəbəkələr həm böyük imkanlar yaradır, həm də insanı asosiallaşdırdığına görə bəzən bizim tipdə olan toplumlarda, yəni elm, təhsil və informasiya texnologiyalarının az inkişaf etdiyi toplumlarda əksinə, böyük problemlər yaradır.

Biz artıq, deyək olar ki, virtual manqurtlara çevrilmiş oluruq. Bizə sosial şəbəkələr, internet saytları, portallar nə təqdim edirsə, reklamlar və bloqerlər nə təqdim edirsə, onun da alıcısına çevrilirik. Bizim seçim imkanımız, demək olar ki, sıfıra yaxınlaşır. Əksinə, virtual aləmin bizə təqdim etdiyi bir çox mənasız, heç bir ehtiyacımız olmayan məhsullara aludə olmağa başlayırıq və bu, böyük problemlərin ilkin mərhələsidir.

Otuzuncu illərə qədər isə sosial şəbəkələrdən geniş istifadə olunacaq, süni intellekt tətbiqləri, proqramları və imkanları ümumiyyətlə sosial şəbəkədən insanı tamamilə fərqli bir varlığa çevirəcək.

Biz bir-birimizi tanımayan, bir-birinə emosional bağlı olmayan, ata-ana bilməyən, sevginin nə olduğunu, hörmətin nə olduğunu, heç öpüşün zövqünü almayan bir nəsil görəcəyik. O nəsil yarıvirtual, yarıreal həyat tərzinə keçəcək.

O nəsil, əslində, baxanda ilk baxışdan insandır, amma digər tərəfdən həm də yarı süni intellektlə proqramlaşdırılmış, yarı robot, yarı bioloji varlığa çevriləcək.

Ona görə də bütün bunları biz müzakirə etməli, diskussiya etməliyik. Sosial şəbəkələr və ümumiyyətlə süni intellekt tətbiqləri, süni intellekt imkanları, robotlaşdırma, avtomatlaşma və informasiya texnologiyalarının inkişafına artıq dövlət və müəyyən elm sahələri ilə məşğul olan beyin mərkəzləri nəzarət etməlidir.

Bu, nəzarətsiz inkişaf edərsə, birincisi, ümumiyyətlə, bəşəriyyətin etik baxışları dəyişəcək, fəlsəfəsi dəyişəcək. İnsanlar nəinki Azərbaycanda, dünyanın hər bir yerində artıq sosial şəbəkə aludəçisi olacaqlar və bu, böyük bir psixoloji, ictimai, sosial problemə çevriləcək.

İnsanlar artıq bioloji varlıqdan çox sosial şəbəkə əsirlərinə, virtual manqurtlara çevrilə bilərlər və onlara nə əmr verilsə, onların beyninə hansı dalğalar buraxılsa, ona da uyğun hərəkət edəcəklər.

Sosial şəbəkələrdə biz müəyyən mənada vaxt keçirən, vaxt itirən, öz ömrünü küləyə verən insanları görürük.

Sosial şəbəkə 2019-cu ildən bu yana Azərbaycanda inkişaf edib. 2020-ci ildən isə sosial şəbəkələrin və süni intellektin dünyada hökmranlıq etməyə başlaması və inkişaf etdiyi bir dövr başlayır.

Və nə qədər yeni texnologiyalar, internet, süni intellekt inkişaf etdikcə, digər tərəfdən biz görürük ki, insanlar real həyatdan aralanır, bir-birini tanımır və süniləşirlər, saxtalaşırlar, sosial şəbəkə əsirinə çevrilirlər.

Bunun qarşısını almaq bir az çətindir, amma bir hissəsi beynəlxalq mərkəzlərin və tanınmış ekspertlərin iştirakı ilə, əlbəttə ki, bu, sadəcə, bir dövlət xidməti olmasın gərək. Bunun üçün rəqəmsallaşma şurasının, xüsusi komissiyaların olması təklif edilməlidir.

Sosial şəbəkələrin təhdidlərini azaltmaq, fırıldaqçılığın qarşısını almaq, dezinformasiyanın qarşısını almaq, oradakı yeniyetmələrin və gənclərimizin bu cəmiyyət altında əxlaqına, mənəviyyatına, düşüncə tərzinə, həyatına təsirinin azaldılması üçün xüsusi komissiyalar, işçi qruplar olmalıdır.

Onlar qərar verməlidirlər. Onlar hər gün bununla bağlı məşğul olmalı və dövlət tərəfindən dövlət orqanlarına tövsiyələrini verməlidirlər.

Əks təqdirdə, sosial şəbəkə bizim insanların həyat tərzinə elə mənfi təsir göstərəcək, insanın münasibətlərini, emosional bağlılığını elə korlayacaq ki, sonra bunun qarşısını biz heç vaxt ala bilməyəcəyik.

Biz sosial şəbəkələr, kontentlər, robotlar və süni intellekt tətbiqləri ilə hələ toxunmamışıq. Nə qədər ki biz istifadəçiyik, istehsalçı deyilik, bir o qədər də biz sosial şəbəkələrin və süni intellektin mənfi təsirinə düçar olacağıq.

Bizim onda təhsilimiz zəifdir, elm yoxdur, texnologiya inkişaf etdirə bilmirik, startaplar, demək olar ki, yoxdur vəziyyətindədir və biz tezliklə Afrikanın və ya Asiyanın zəif inkişaf etmiş toplumları səviyyəsinə düşə bilərik.

Ona görə də biz, birincisi, sosial şəbəkələrin, internet resurslarının, kontentlərinin və süni intellektin inkişafı ilə bağlı dövlət proqramı qəbul etməliyik. Onlar bizim dövlətin nəzarəti altında inkişaf etdirilməlidir.

Eyni zamanda insanların real həyatda bağlılığını təmin etmək üçün müəyyən layihələrə də keçilməlidir. İnsanlar tez-tez bir-birini görməlidir. Toylarımızı, tədbirlərimizi, ad günlərimizi, yaslarımızı inkişaf etdirməliyik. Orada sosiallaşmaq üçün imkanlar yaratmalıyıq”.

Lətifə Musayev

https://sia.az/az/news/social/1364486.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir