“Müəllimlik insanı həyata və gələcəyə hazırlayan məsuliyyətli missiyadır” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq Aydin Xan Əbilovdan maraqlı təbrik.

“5 oktyabr dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Azərbaycanda da bu əlamətdar gün müəllim əməyinə ehtiram və hörmətin ifadəsi olaraq xüsusi qeyd edilir. Müəllim insanı kamilləşdirən, həyat yolunda ona istiqamət verən və qarşısına işıq salan bir mayakdır. Müəllim insanın yaddaşında ömür boyu iz buraxan, onun dünyagörüşünün, estetik zövqünün, intellektual səviyyəsinin, peşə və bacarıqlarının formalaşmasında mühüm rol oynayan şəxsdir. Azərbaycan tarixində müəllimlərə müxtəlif dövrlərdə ustad, hoca və digər ehtiram ifadələri ilə müraciət olunması da bu peşənin cəmiyyətdəki yüksək mövqeyindən xəbər verir”.
Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Azərbaycan müəllimi yalnız dərs deyən şəxs deyil. O, eyni zamanda pedaqoq, psixoloq, mənəvi və əxlaqi dəyərlərin qoruyucusu, mədəniyyətin daşıyıcısıdır. Müəllim ata-analarımızdan, babalarımızdan və əvvəlki nəsillərdən gələn tarixi yaddaşı, milli-mənəvi dəyərləri və həyat təcrübəsini yeni nəslə ötürən əsas vasitələrdən biridir:
“Azərbaycan cəmiyyətində müəllimlə şagird arasındakı münasibətlər də hər zaman xüsusi xarakter daşıyıb. Müəllim yalnız dərs saatı ərzində şagirdə bilik verən insan olmayıb, bir çox hallarda ailə üzvü qədər doğma, qayğı göstərən və düzgün istiqamət verən şəxs kimi qəbul edilib. Bu baxımdan müəllimlik yalnız peşə deyil, həm də böyük mənəvi məsuliyyətdir.
Son illərdə müəllim nüfuzunun artırılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirilib. Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, sertifikasiya və attestasiya prosesləri, peşəkar müəllimlərin stimullaşdırılması onların fəaliyyətinin keyfiyyətinin artırılmasına xidmət edir. Eyni zamanda, müəllimlərin dövlət mükafatları, orden və medallarla təltif olunması bu peşəyə verilən yüksək dəyərin göstəricilərindən biridir.
Müəllimə verilən dəyər cəmiyyətin gələcəyinə verilən dəyərdir. Çünki müəllimin yetişdirdiyi nəsil gələcəkdə dövlətin idarə olunmasında, elmin, təhsilin, mədəniyyətin və digər sahələrin inkişafında iştirak edir. Bu mənada müəllim əməyinin nəticəsi yalnız məktəbdə deyil, bütövlükdə cəmiyyətin inkişafında özünü göstərir.
Azərbaycanın tarixi və mədəni irsində də müəllim və ustad anlayışı xüsusi yer tutur. Nizamidən və daha qədim dövrlərin mütəfəkkirlərindən başlayaraq müxtəlif elm və sənət sahələrinin nümayəndələri öz bilik və təcrübələri ilə sonrakı nəsillərə yol göstəriblər. Bu səbəbdən cəmiyyətdə hörmət bəslənilən, bilik və təcrübəsi ilə insanlara istiqamət verən şəxslərə müəllim və ustad deyə müraciət etmək ənənəsi bu gün də yaşayır.
Müasir dövrdə süni intellektin və yeni texnologiyaların təhsil sahəsinə daxil olması müəllimlik peşəsinin formasını dəyişə bilər. Gələcəkdə müəyyən tədris proseslərinin texnologiyalar və süni intellekt vasitəsilə həyata keçirilməsi mümkündür. Lakin dəyişməyən əsas məsələ müəllimlik missiyasıdır. Müəllim yalnız bilik ötürən deyil, insanı şəxsiyyətə, savadlı və məsuliyyətli vətəndaşa çevirən şəxs olmalıdır. Hətta gələcəkdə texnologiyalar bu missiyanın müəyyən hissəsini öz üzərinə götürsə belə, müəllimlik fəlsəfəsi və insana dəyər prinsipi qorunmalıdır.
Hər bir insanın həyatında ona yol göstərən, nəsə öyrədən və dünyagörüşünün formalaşmasına təsir edən müəllimlər olur. Mənim də həyatımda iz qoyan müəllimlərim və iki məktəb direktorunun – Balaoğlan müəllim və Məmmədağa müəllimin xoş xatirəsi bu gün də yaddaşımdadır. Bu cür insanlar illər keçsə də insanın yaddaşında və qəlbində yaşayırlar.
Müəllimlik yalnız pedaqoji fəaliyyət deyil, həm də ali və müqəddəs missiyadır. İnsan kimdənsə nəsə öyrənirsə, onu özünə müəllim və ya ustad hesab edir. Bu gözəl anlayışı ildən-ilə, nəsildən-nəslə və əsrdən-əsrə ötürmək lazımdır ki, müəllimlik peşəsinin müqəddəsliyi və cəmiyyətdəki yüksək mövqeyi gələcək nəsillərin də yaddaşında yaşasın”.Müəllif: Günel Fərzəliyeva

