Təbabətin və poeziyanın işıqlı imzası: İqbal Əmənullayev. – Leyla Məcidova yazır

​Azərbaycanımızın dilbər guşələrindən olan Lerik rayonunun Azərbaycan (hazırkı Günəşli) kəndində dünyaya göz açan, uca dağların, zümrüd meşələrin və şırşır bulaqların qoynunda boy-başa çataraq mənəviyyatını təbiətin saf təmizliyi ilə zənginləşdirən İqbal Qabil oğlu Əmənullayev müasir Lənkəranın və bütün Cənub bölgəsinin yetirdiyi ən parlaq, ən nüfuzlu ziyalılardandır. Bütöv bir ömrü tibbə, təhsilə, insanlara təmənnasız xidmətə və poeziyanın incə ruhuna həsr etmiş bu dəyərli şəxsiyyət, harada çalışmasından və hansı vəzifəni daşımasından asılı olmayaraq, hər zaman qəlblərdə özünəməxsus taxt qurmuşdur.
​İqbal müəllimin həyat yolu elmə, insanlara xeyirxahlıq etməyə yönəlmiş böyük bir fədakarlıq dastanıdır. Atası, ömrünün yarım əsrini gənc nəslin maariflənməsinə, savadlanmasına həsr etmiş dəyərli pedaqoq Qabil Əmənullayevin ocağında ünvan tapan İqbal həkim, ailəsindən aldığı yüksək mənəvi tərbiyəni, zəhmətsevərliyi, halallığı və vətənpərvərliyi bütün ömrü boyu özünə mayak etmişdir. Atası haqqında qələmə alınmış “Təhsil fədaisi” salnaməsi də bir daha təsdiq edir ki, İqbal müəllimin boy atdığı mühit elmin, maarifin, ali insani dəyərlərin və vətən sevgisinin müqəddəs tutulduğu uca bir el evi olmuşdur. Ailədən gələn bu böyük mənəvi irs onun gələcək taleyinin xəritəsini cızmış, onu həm tibb sahəsində, həm də pedaqogikada zirvələri fəth etməyə sövq etmişdir.
​Hələ tələbəlik illərindən başlayaraq öz fitri istedadı, həkimlik fəhmi və dərin zəkası ilə seçilən İqbal Əmənullayev hər gəncə nəsib olmayan mühüm uğurlara və cəsarətli addımlara imza atmışdır. O, hələ gənc bir tələbə ikən kiçik yaşlı bir uşaq üzərində olduqca məsuliyyətli, mürəkkəb və taleyi həll edən cərrahiyyə əməliyyatını uğurla həyata keçirərək tibb aləmində öz parlaq qabiliyyətini, sovuşmaz cəsarətini nümayış etdirmişdir. Cərrahlıq sahəsi üzrə ixtisaslaşan alim 2000-ci ildə Akademik M.A. Topçubaşov adına Respublika Elmi-Tədqiqat Kliniki Təbabət İnstitutunda “Uşaqlarda yanıq yaralarının kompleks müalicəsində maqnitoterapiyanın effektivliyi” mövsuzunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru (tibb elmləri namizədi) elmi dərəcəsini almış, dosent elmi adına layiq görülmüşdür.
​Təcrübəli uşaq cərrahı kimi o, minlərlə körpənin, gəncin və böyüyün şəfa tapmasına və yenidən həyata qayıtmasına vəsilə olmuş, gərgin və şərəfli əməyi ilə insanların dualarını qazanmışdır. Onun mərhəməti və insansevərliyi heç bir sərhəd tanımamışdır. İmkansız, ehtiyacı olan neçə-neçə insanın mürəkkəb əməliyyatını tamamilə təmənnasız həyata keçirmişdir. İqbal həkimin ən böyük xasiyyətlərindən biri də odur ki, etdiyi bu xeyirxahlıqları, imkansız insanlara elədiyi böyük yaxşılıqları heç vaxt qabartmaz, onların dillərdə dastan olmasını istəməz, yaxşılığı yalnız Allah rızası və vicdan borcu kimi səssizcə icra edərdi.
​İqbal Əmənullayevin Lənkəran səhiyyəsində, təhsilində və ictimai-siyasi həyatında göstərdiyi xidmətlər miqyasca çox böyükdür. O, uzun illər Lənkəran Tibb Kollecinin tanınmış və nüfuzlu direktoru kimi yorulmadan fəaliyyət göstərmiş, səhiyyə və təhsil sahəsində zəngin idarəçilik təcrübəsi toplayaraq peşəkar kadrların yetişdirilməsində müstəsna rol oynamışdır. Bu təhsil ocağına rəhbərlik etdiyi dövrdə gənclərin tibb elminin incəliklərinə yiyələnməsi yolunda gecə-gündüz çalışmış, kollektivdə dərin hörmət və nizam-intizam mühiti yaratmışdır. Eyni zamanda Lənkəran Dövlət Universitetində də müəllim kimi fəaliyyət göstərərək tibbi biliklər fənnini tədris etmişdir. Tələbələri üçün fundamental dərsliklər və dərs vəsaitləri çap etdirən İqbal müəllim, fənnini elə maraqlı və canlı tədris edərdi ki, tələbələr onun mühazirələrini həyəcanla gözləyərdilər. Fenomen yaddaşa, xüsusi qürura, yüksək mədəniyyətə, aristokratik davranışa malik olan İqbal müəllim tələbələrinin yaddaşında sadəcə bir mühazirəçi kimi deyil, eyni zamanda həyat məktəbi keçən canlı bir ustad, mənəvi rəhbər kimi silinməz iz qoymuşdur.
​Onun elmi-pedaqoji və maarifçilik irsi son dərəcə zəngindir. İqbal həkim gənc tibb işçiləri, tələbələr və geniş oxucu kütləsi üçün “Tibbi biliklərin əsasları – təcrübi məşğələlər” (2011), Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının resurs mərkəzinə daxil edilmiş “Tibb bacısının ümumcərrahi vərdişləri” (2016), “Cərrahiyyədə tibb bacılığı” (2022) kimi qiymətli dərs vəsaitlərinin və dərsliklərin, həmçinin “Onu zərurət yaratdı”, “İnsan anatomiyasından təcrübə dərslərinin keçirilməsinə dair metodiki tövsiyələr” kimi sanballı əsərlərin müəllifidir. Uşaq cərrahlığı sahəsində 20-dən çox elmi məqalənin və səmərələşdirici təklifin sahibidir. Bundan əlavə, uzun illər regional telekanalda elmi-kütləvi və maarifləndirici “Cansağlığı” proqramının müəllifi və aparıcısı olmuş, yüzlərlə verilişlə əhalinin tibbi maariflənməsinə əvəzsiz töhfələr vermişdir.
​Ziyalı kimliyi ilə yanaşı, İqbal Əmənullayev regionun ictimai-siyasi həyatında da öncül mövqeyə malikdir. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə YAP Lənkəran rayon təşkilatının sədri vəzifəsinə təyin olunan İqbal müəllim, hazırda partiyanın rayondakı yerli strukturlarını və ictimai fəaliyyətini böyük məsuliyyətlə idarə edir. Həmçinin, YAP Gənclər İdarəsinin Lənkəran şöbəsinin rəhbəri kimi gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, onların elmə, təhsilə həvəsləndirilməsində danılmaz xidmətlər göstərmişdir.
​İqbal müəllimin ömür yolunu bəzəyən ən müqəddəs səhifələrdən biri də onun ailə dünyasıdır. Bu nurlu ailə ocağından dünyaya gələn övladları ata nəsihətini, valideyn məhəbbətini öz qəlblərində birləşdirərək, nəslinə və kökünə bağlı ləyaqətli şəxsiyyətlər kimi yetişmişlər. Onlar ailə ocağının hərarətini bu gün də uca tuturlar. İqbal həkim bu gün nəvələrinin sevimli babasıdır, nəslinin müdrik ağsaqqalıdır. İndi artıq kollecdə çalışmasa da, elin fəxri ziyalısı və ictimai xadimi kimi dərin hörmətlə əhatə olunmuşdur.
​İqbal Əmənullayev həm də dərin hisslərə malik lirik bir şairdir. Şair-publisist Xanlar Həmidin onun “Alın yazısından verək imtahan” kitabına yazdığı ön sözdə haqqında qeyd etdiyi kimi, İqbal müəllim dəqiq elmlər sahibi olsa da, ruhən böyük bir söz adamıdır, həzin bir şairdir. O, “Dəqiq” imzası ilə yazdığı şeirlərində insanlıq duyğularını, təbiətə sevgini, keçmişə və gələcəyə olan düşüncələrini poetik misralara tökmüşdür.
​İqbal müəllim üçün təbiət və insan bir-birindən ayrılmaz bütöv bir aləmdir. Onun şeirləri ömründən və taleyindən süzülən bir ziya və nurdur. O, hər vaxt insanlara yaxşılıq aşılamağa, vətənini, elini-obasını sevməyə çağırır. Onun qəlbində doğma xalqına, bütöv Azərbaycanına, cənub torpağına olan sevgisi tükənməzdir. Şairin arzuları sərhəd tanımaz:
​Bir deyil arzular, açım qəlbimi,
Sürəydim o taya köhlən atımı.
Kaş ki, təhsilimi qurtaran kimi,
Alaydım Təbrizə təyinatımı.
​O, həm də azadlığın, sülhün və humanist dəyərlərin tərənnümçüsüdür. Satılan bir göyərçini alıb azadlığa buraxan şairin mənəvi ucalığı bu misralarda öz əksini tapır:
​Göz yaşım buğlanıb üstümə axdı,
Buraxdım səmaya, quş oldu azad.
Qəlbimdə bir sevinc şimşəyi caxdı,
Sanki quşcuğaz yox, mən oldum azad.
​İqbal Əmənullayev dövlətçiliyimizə, xalqımıza, mənəvi dəyərlərimizə qəlbən bağlı olan bir ziyalıdır. O, rayonun bütün ictimai-mədəni tədbirlərində fəal iştirak edir, öz müdrik kəlamları, cəsarətli və dürüst mövqeyi ilə hər zaman sözünü deməyi bacarır. Qarşısındakı insanı dinləmək mədəniyyəti, hər kəsə qayğı ilə yanaşması və yardım əlini uzatması onun böyük insanpərvərliyinin göstəricisidir.
​Onun təhsilimizə, səhiyyəmizə və ictimai həyatımıza bəxş etdiyi dəyərli töhfələr gələcək nəsillər üçün hər zaman örnək olaraq qalacaqdır.
​Bu gün Lənkəran elinin fəxri olan İqbal müəllimə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, yaradıcılıq uğurları, dövlətçiliyimiz və xalqımız yolunda xidmətlərinin əbədi olmasını arzulayırıq. Qoy onun ailə ocağı hər zaman hərarətli olsun, ləyaqətli övladlarına və sevərək böyütdüyü nəvələrinə xoşbəxt, firavan, parlaq gələcək nəsib olsun. Var olun doğma insan!


​Leyla Qadir qızı Məcidova


Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir