Cənubun yaşıl irsində yaşayan ömür: Professor Fərman Quliyev. Leyla Məcidova yazır

​Azərbaycanın dilbər guşəsi olan cənub bölgəsi əsrlər boyu öz ziyalıları, elm xadimləri və fədakar insanları ilə tanınmışdır. Belə nadir şəxsiyyətlərdən biri, ömrünü torpağa, elmə və cənubun yaşıl xəzinəsi olan çayçılığa həsr etmiş kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Ağadədə oğlu Quliyevdir. O, yalnız böyük alim deyil, öz duruşu, mədəniyyəti, sözünün çəkisi və aristokratik xarakteri ilə zamanəsinin həqiqi qəhrəmanı idi.
​1937-ci il mayın 19-da Lənkəranın Sütəmurdov kəndində ziyalı ailəsində dünyaya göz açan Fərman müəllim, erkən yaşlarından elmə, torpağa böyük həvəs göstərmişdir. Sütəmurdov yeddillik məktəbini, ardından Lənkəran Subtropik Bitkilər Texnikumunu əla qiymətlərlə bitirən gənc Fərman, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alaraq aqronomluq elminin sirrlərinə dərindən yiyələnir.
​Elmin zirvəsinə ucalan fədakar yolda onun fəaliyyəti təkcə nəzəriyyə ilə məhdudlaşmadı. Fərman müəllim cənub bölgəsinə çay bitkisini, subtropik meyvələri gətirən, onların elmi əsaslarla becərilməsini təşkil edən və bu sahədə məktəb yaradan ilk fədakar alimlərdən oldu. Feyxoa, kivi, zeytun, innab, dəfnə və müxtəlif subtropik bitkilər üzərində apardığı tədqiqatlar tezliklə təsərrüfatda geniş tətbiq edildi. Seleksiya sahəsində böyük uğurlara imza atan alim, zoğvermə intensivliyi və keyfiyyəti ilə seçilən “Fərmançay”, “Lənkəran”, “Xəzər” və “Fərmançay Çəhrayı” çay sortlarını yaradaraq patentləşdirdi.
​AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyalarının prezidenti kimi məsul vəzifələrdə çalışan professor, 300-dən çox elmi əsərin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. Əsərləri ingilis, çin, rus, fars və gürcü dillərinə tərcümə olunan alim, Azərbaycanı bir çox beynəlxalq konfranslarda ləyaqətlə təmsil etmişdir.
​Fərman Quliyev böyük alim olmaqla bərabər, həm də qayğıkeş müəllim idi. Uzun illər Lənkəran Dövlət Universitetində kafedra müdiri işləyən professor, yüzlərlə tələbəyə elmin işıqlı yolunu göstərmişdir. Rəhbərliyi altında yetişən 18 fəlsəfə və elmlər doktoru bu gün yalnız Azərbaycanda deyil, Rusiyada və Avropa ölkələrində elmin inkişafına töhfə verir. Dissertasiya müdafiə edən gənc tədqiqatçılara, elm yolunda ilk addımlarını atan hər bir kəsə göstərdiyi sonsuz mənəvi və elmi dəstək onun böyük ürəyinin göstəricisi, yetirmələrinə qalan zəngin miras idi.
​Xüsusilə, “Lənkəran qəzasının sosial-iqtisadi vəziyyəti (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya işimi yazarkən Fərman müəllimin nə qədər böyük və əsl elm adamı olduğunu bir daha dərindən hiss etdim. Torpağın hər qatına bələd olan, onun hər fəsildə necə dəyişdiyini bilən və bu vəziyyətləri tarixi dövrə görə böyük uzaqgörənliklə təhlil edən Fərman müəllim son dərəcə əlicənab insan idi. Elmi işimin ərsəyə gəlməsində onun dəyərli fikirlərindən və köməyindən tez-tez bəhrələnirdim. O, sadəcə elmi məsləhətçi değil, yol göstərən böyük bir hamı idi.
​Fərman müəllim özünə və sözünə dəyər verən, qürurlu, eyni zamanda son dərəcə incə qəlbli həmsöhbət idi. Otağına gələn qonaqları, tələbələri doğma münasibətlə qarşılayar, səmimi zarafatları ilə məclisə nur saçardı. Məni görən kimi, “Çayı Lənkərana mən gətirmişəm, ama görürəm ki, dəmləməyi gözəl sən eləyirsən” kəlamı onun həm təvazökarlığını, həm də ətrafındakılara verdiyi dəyəri nümayiş etdirən unudulmaz bir xatirə kimi yaddaşıma həkk olunub.
​Nümunəvi ailə başçısı, xeyriyyəçi və el ağsaqqalı Ağadədə kişinin layiqli övladı olan Fərman Quliyev, 2023-cü il noyabrın 7-də əbədiyyətə qovuşdu. Onun məzarı sevdiyi, doğulduğu Sütəmurdov kəndindədir. Bu gün o, aramızda olmasa da, cənubun yaşıl tarlalarında, yetirdiyi alimlərin uğurlarında və onu sevənlərin qəlbində hər zaman yaşayır.
​Allah rəhmət eləsin,ruhu şad, məzarı nurlu olsun!

​Yaşıl yarpaqların işıqlı xatirəsi
(Professor Fərman Quliyevin əziz xatirəsinə)

​Torpağa can verdi müqəddəs əli,
Cənuba gətirdi yaşıl möcüzə.
Sözünün çəkisi, qürurlu dili,
Müəllim nurunu bəxş etdi bizə.

​Çay tarlalarında izi var onun,
Zirvəyə yol açan elmi, töhfəsi.
Səmimi söhbəti, şirin kəlamı,
İsti otağının doğma nəfəsi.

​”Fərmançay” ətriylə anılar adı,
Böyük alim idi, nəcib bir insan.
Tələbə qəlbində işıq oyatdı,
Elmin göylərində parlaq kəhkəşan.

​Ötdü bu ömürdən ali bir nəfəs,
Arxada şərəfli, pak bir iz qaldı.
Sütəmurdov eli, o yaşıl həyat,
Onun xatirəsin qəlbinə saldı.

Leyla Qadir qızı Məcidova

​Lənkəran Dövlət Universitetinin dosenti,

tarix üzrə fəlsəfə doktoru,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir