Zamanı donduran və səsləndirən sənətkar: Ramiz Nəsirli. – Leyla Məcidova

Bəzi insanlar var ki, onlar yaşadıqları şəhərin sadəcə sakini deyil, onun canlı salnaməsi, yaddaşı və ruhu olurlar. Ömrünü Lənkəranın zəngin mədəniyyətinə, musiqi sədalarına və tarixinə həsr etmiş, adı çəkiləndə hər kəsin üzündə xoş bir təbəssüm, qəlbində isə dərin bir ehtiram oyadan tanınmış sənətkar və ziyalı Ramiz Qəzənfər oğlu Nəsirlinin əbədiyyətə qovuşması mədəniyyət ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılandı. Bu itki təkcə bir ailənin deyil, bütövlükdə cənub bölgəsinin, Lənkəranın mədəni ictimaiyyətinin çox ağır və sarsıdıcı ağrısıdır.
Böyük şair Xəlil Rza Ulutürkün ruhu şad edən o, məşhur misralarını xatırlamamaq olmur.

Ömür var şəlalə tək çağlayaraq axar, gedər
Ömür var bir əbədi, sönməz məşəl yaxar, gedər.

Ramiz müəllim məhz o sönməz məşəli yandıranlardan, keçmişlə gələcək arasında sənətdən və sevgidən körpü salanlardan idi.
Ramiz Nəsirli 27 mart 1953-cü ildə Lənkəran şəhərində köklü bir ziyalı ailəsində dünyaya göz açmışdı. Onun uşaqlıq və gənclik illəri Lənkəranın o, xüsusi mənəvi ab-havasında, dənizin və yaşıl bağların qoynunda keçmişdi. 1960-cı ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbə daxil olub, 1970-ci ildə oranı uğurla bitirən Ramiz müəllimin daxilindəki sənət sevgisi hələ kiçik yaşlarından özünü büruzə verirdi.
Onun qəlbindəki musiqi alovu 1959-cu ildə Lənkəranın məşhur “Müəllimlər evi”ndə, unudulmaz qarmon ifaçısı Məmmədhüseyn Abdullayevin sinfində alovlandı. Qarmon sənətinin incəliklərini dərindən mənimsəyən gənc Ramiz, dərnəyi bitirdikdən sonra elə həmin doğma məkanda “Müəllimlər evi”ndə müəllim kimi fəaliyyətə başladı. Bu, onun pedaqoji fəaliyyətinin ilk addımları idi,o, onlarla gəncə qarmonun sehrli dillərini və Azərbaycan musiqisinin ruhunu dərindən sevdirdi.
Ramiz Nəsirlinin musiqi istedadı tezliklə onu dövrün ən böyük ustadları ilə eyni səhnəyə daşıdı. O, Azərbaycan musiqi sənətinin korifeyləri olan,Məmmədbağır Bağırzadə, Baloğlan Əşrəfov, Cavad Rəcəbov, Kamandar İbrahimov və Xalq artisti, kamança ustadı Ağacəbrayıl Abasəliyev kimi sənətkarlarla çiyin-çiyinə el şənliklərində, dövlət tədbirlərində çıxış etdi, rəğbət qazandı.
Hələ 1968-ci ildə, məktəb illərində onun musiqi fəaliyyəti Bakının möhtəşəm Opera və Balet Teatrının səhnəsinə qədər ucalmışdı. 1 saylı məktəbin xor kollektivinin tərkibində, gələcəyin böyük sənətkarı Cavad Rəcəbovun nağarada, Ramiz Nəsirlinin isə qarmonda müşayiəti ilə baş tutan o unudulmaz konsert respublika səviyyəsində əks-səda doğurmuş və kollektiv Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilmişdi.
Ramiz müəllimin fəaliyyəti təkcə səslərin harmoniyası ilə bitmirdi, onun daxilində həm də vizual yaddaşı qorumaq fədakarlığı var idi. Böyük qardaşı Arif Nəsirlinin çalışdığı “Arzu” fotostudiyasında foto sənətinin sirlərinə yiyələnən Ramiz Nəsirli, sonralar Lənkəranın simvoluna çevrilən “Səadət” fotostudiyasında fotoqraf kimi çalışdı. O, minlərlə lənkəranlının ən xoşbəxt anlarını, şəhərin tarixi küçələrini, abidələrini tarixin yaddaşına köçürdü.
1976–1979-cu illərdə Lənkəran Gənc Texniklər Stansiyasında fotoqrafiya dərnəyinə rəhbərlik edərək gənclərə işıqla kölgənin, anı əbədiləşdirməyin elmi və bədii sirlərini öyrətdi.
Onun son illərdəki fəaliyyəti tam mənası ilə bir elmi-tarixi fədakarlıq idi. Ramiz Nəsirli öz şəxsi arxivində qoruyub saxladığı unikal, tarixi fotoları müxtəlif media platformalarında paylaşaraq Lənkəranın keçmişini bu günə daşıyırdı. Bu arxiv fotoları böyük bir auditoriyanın, tarixçilərin və mədəniyyətşünasların böyük marağına səbəb olurdu. Onun hər bir paylaşımı Lənkəranın dünəninə açılan bir pəncərə idi.
Bu fundamental fəaliyyət dövlətin və ziyalıların da diqqətindən yayınmadı. Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində onun arxiv şəkillərindən ibarət möhtəşəm foto-sərgisi təşkil olundu. Sərgidə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Fariz İsmayılzadə və respublikanın tanınmış elm, mədəniyyət xadimləri iştirak edərək, Ramiz müəllimin bu işini yüksək qiymətləndirdilər. O, bir sənətkar olaraq Lənkəranın mədəni irsinin qorunub saxlanılmasında əvəzsiz xidmətlər göstərən,canlı arxiv idi.
Ramiz Nəsirli ömrünü pozitivliklə, musiqi ilə, işıqla və sənətlə bəzəyən bir insan idi. Onun dostlarını sevən o,böyük qəlbi döyünməkdən dayansa da, onun qarmonunun sədaları tarixləşərək,zaman keçdikcə Lənkəran səmasında əks-səda verər lentə aldığı fotolar isə tarixin divarlarından bizə gülümsəyər.
Şair Zəlimxan Yaqubun dediyi kimi,

Sənətkar ölmürsə, sənət ölmürsə,
Demək, ölməzliyə namizəddir o.

Bəli, Ramiz müəllim öz ölməzliyini sağlığında qazanan xoşbəxt sənətkarlardandır. Onun işıqlı obrazı, nurlu xatirəsi ailəsinin, tələbələrinin və bütün Lənkəran sakinlərinin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin,ruhu şad,məkanı cənnət olsun!

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə dokturu dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin
Direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir