Tanınmış yazıçı, alim, ictimai-siyasi xadim Yaşar Rzayevin 85 illik yubleyi AYB-də qeyd olundu
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalılar, şair və yazıçılar, yubilyarın dostları və yaxın qohumları iştirak ediblər.
Tədbiri giriş sözü ilə AYB-nin beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlu açaraq yubilyarı təbrik edib. O, tədbirdə çoxsaylı iştirakçıların iştirakını Yaşar Rzayevin şəxsiyyətinə və fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirib. Daha sonra Səlim Babullaoğlu iştirakçıların alqışları altında AYB-nin Fəxri Diplomunu yubilyara təqdim edib.
Ardınca AYB sədrinin baş müşaviri Rauf Aslanov AYB sədri, xalq yazıçısı Anarın salamlarını və hədiyyəsini yubilyara çatdırıb.
Tədbir AYB-nin Beynəlxalq Tərcümə Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangirin moderatorluğu ilə davam edib. O, çıxışında yubilyarın ictimai və ədəbi fəaliyyətini yüksək qiymətləndirib.
Yubilyarın həyat və yaradıcılığı barədə geniş məruzə ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli çıxış edərək onun zəngin ictimai-siyasi, ədəbi və elmi fəaliyyətindən ətraflı bəhs edib.
Tədbirdə çıxış edən ziyalılar, ədəbiyyat və elm nümayəndələri, jurnalistlər, eləcə də yubilyarın yaxınları Yaşar Rzayevin çoxşaxəli fəaliyyəti, yaradıcılığı, ictimai mövqeyi və yüksək insani keyfiyyətləri barədə fikirlərini bölüşərək ona səmimi təbrik və xoş arzularını çatdırıblar.
İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov mötəbər məclisdə iştirak və çıxış edib, yubilyara təbrik unvanlayıb.

Sonda yubilyar, ədəbiyyatşünas alim və yazıçı Yaşar Rzayev çıxış edərək Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, tədbirin təşkilatçısı olan AYB Lənkəran Bölməsinə və yubileyin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Allahverən Pərvizoğlu
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️

