Anlatmağı necə bacarırıq? Sənubər Səhər yazır
Çox çətin sualdır. Bunu yaxşı bilirəm. Bu bacarıq həm anadangəlmə qabiliyyətlərdən, həm də həyat boyu qazandığımız bilik və təcrübədən asılıdır. Eyni zamanda, qarşımızdakının dünyagörüşünə və anlayış səviyyəsinə uyğun söz ehtiyatından istifadə etməyi də bacarmalıyıq.
Son vaxtlar mən də yazılarımı daha sadə dildə ifadə etməyə çalışıram. Bu yanaşma bəzilərində — xüsusilə Sovet dövrünün sərt tələbləri ilə formalaşmış, yüksək yazı mədəniyyətinə və dil qaydalarına (orfoqrafik, leksik, qrammatik) böyük önəm verən yazarlarda — tənqidi fikirlər doğurur. Amma müasir yazı üslubunu qəbul edənlər də az deyil.
Əslində, yazılarımızın hər kəs tərəfindən başa düşülməsi üçün sadə və aydın ifadə tərzinə üstünlük verməliyik. Bu, yalnız elementar yazı texnologiyasına riayət etməklə deyil, həm də izahların sadəliyi ilə mümkündür.
Şübhəsiz ki, istər danışıqda, istərsə də yazıda nöqsanları aradan qaldırmaq üçün uşaqlıqdan mütaliəyə vərdiş etməli və bunu hər kəsə tövsiyə etməliyik. Çünki söz ehtiyatımızın zənginliyi oxuduqlarımızdan birbaşa asılıdır.
Aramızda çox danışanlar da var, çox yazanlar da. Eləcə də az danışan və az yazanlar. Hətta çox danışıb heç nə yaza bilməyənlər də az deyil.
Anlatmaq bacarığı yalnız öyrənməklə əldə olunmur. Bu, həm də şəxsi qabiliyyətləri düzgün idarə etmək, onları yönləndirmək, qorumaq və doğru tətbiq yolunu tapmaqla formalaşır.
Əgər qarşımızdakına nəyi və necə anlatmağın yolunu bilməsək, bəzən susmaq daha doğrudur. Amma demək istədiklərimizi də ürəyimizdə saxlamamalıyıq — yazaq, paylaşaq.
Başa düşən, qiymət verən çox olacaq. Buna inanmaq lazımdır. Bəlkə də yazdıqlarımız bir çox insanın ürəyindən keçənlərdir… Sadəcə, onlar bunu ifadə edə bilmirlər.
Sənubər Səhər

