Firuzə Məmmədlinin yeni kitabı: “Düşdüm elə ayağına haqq sözün”… Arifə Əliyeva yazır

Hər bir yaradıcı üçün əsəri övlad kimidir. İstedad da Allah vergisidir. İstedadlı insanların yaratdıqları Böyük Yaradanın insanlığa ismarıclarıdır bəlkə də. Müəlliflər də, istifadəçilər də əsərlərə tutiyə kimi davranmalıdırlar.
Firuzə xanıma hərdən “Söz İlahəsi” deyə, müraciət edirəm. Yalnız qiymərli əsərlərinə görə deyil, ümumiyyətlə söz sənətinə son dərəcə ciddi, tələbkar və məsum münasibətinə görə bu titula layiqdir. Bir başqa müəllifin şeirindən danışanda da gözlərinin necə güldüyünü, necə ürəkdən danışdığını, sevə-sevə təhlil etdiyini görmüşəm. Firuzə Məmmədli Sözə vurğundur, Sözlə nəfəs alır və Sözə təzim edəcək qədər güclü fəhm sahibidir.
Firuzə xanımın növbəti kitabı çapdan çıxıb. “Düşdüm elə ayağına haqq sözün”. Kitabın adı müəllifin, qiymətli şairimizin şəxsiyyətini o qədər aydın əks etdirir ki, ürəyimdən Firuzə xanım üçün bir ad da keçir: Haqq aşiqi. Onu tanıdığım 40 ildə ağa kölgə salmadı, qaraya ağ demədi, bulaq suyu kimi duru oldu, göründüyü kimi oldu, olduğu kimi göründü, haqqı nahaqqın ayağına vermədi. Mən Firuzə Məmmədlinin qiymətli yaradıcılığını şəxsiyyətilə vəhdətdə gördüm. Nə yazıbsa, İlahinin diqtəsini ürəyindən keçirib yazıb. Allaha necə inanıbsa, Sözə də eləcə tapınıb. Firuzə və Söz kəlmələrinin səsləşməsi də bir işarədir. Əziz dostum, həm anam, həm balam Firuzə Məmmədlinin yeni uğuruna sevinirəm, yeni Söz mücrüsü mübarək olsun, çox yaşasın, ilhamı ona yoldaş olsun və şeir xəzinəsinə ləl-cəvahirini əsirgəməsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir