Ölkəmizdə gənclərin idman və ictimai fəaliyyətə cəlbi önəmlidir

Bakıda yerləşən Nizami Kino Mərkəzinin divarlarına çəkilmiş eybəcər qraffiti və yazılar ictimai narazılığa səbəb olub.

Məsələ ilə bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, ictimai xadim Muğan Əliyev YeniMedia.net portalina açıqlama verərək hadisəyə münasibətini bildirib.

M. Əliyevin sözlərinə görə, sözügedən qraffiti tipli təsvirlərin bir qrup gənc tərəfindən çəkildiyi ehtimal olunur. O bildirib ki, Azərbaycanın böyük şairi Nizaminin adını daşıyan mədəniyyət ocağının divarlarına bu cür yazı və şəkillərin çəkilməsi milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə hörmətsizlik nümunəsidir.

Muğan Əliyev bildirib ki, belə halların baş verməsi gənclərin tərbiyəsində mövcud olan müəyyən boşluqlardan qaynaqlanır. Onun fikrincə, bu boşluqlar ailə, məktəb və ətraf mühit faktorları ilə birbaşa bağlıdır.

“İlk növbədə bu hərəkət onu göstərir ki, gənclərimizin tərbiyəsində hələ də müəyyən boşluqlar var. Bu boşluqlar həm ailədən, həm məktəbdən, həm də ətraf mühitdən qaynaqlanır”.

Sədr vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə və dövlət atributlarına hörmət hissi ilə böyüməsində ailə ilə yanaşı təhsil müəssisələrinin və ictimai təşkilatların da rolu mühümdür. Onun sözlərinə görə, gənclər təşkilatları və qeyri-hökumət təşkilatları maarifləndirmə tədbirlərini daha da gücləndirməlidirlər.

M. Əliyev qeyd edib ki, xarici ölkələrdə də qraffiti mədəniyyəti tam sərbəst deyil və bu məqsədlə xüsusi yerlər ayrılır. Tarixi və mədəni abidələrə müdaxilə isə ciddi şəkildə qadağan olunur və cərimələrlə nəticələnir.

“Bizim də milli-mənəvi dəyərlərimiz var və onlara hörmət etmək hər bir vətəndaşın borcudur”.

Muğan Əliyev, həmçinin, televiziyalarda tarixi irs, vətənpərvərlik və gənclərin milli ruhda formalaşdırılması ilə bağlı verilişlərin hazırlanmasına böyük ehtiyac olduğunu bildirib. O xüsusilə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş könüllü gənclərlə bağlı proqramların hazırlanmasının vacibliyini qeyd edib.

Sədrin sözlərinə görə, bu kimi neqativ halların qarşısının alınması üçün gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana, təhsilə və ictimai fəaliyyətə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. O, bəzi idman zallarının ödənişli olmasının aztəminatlı ailələrdən olan gənclərin idmana marağını məhdudlaşdırdığını da diqqətə çatdırıb.

Muğan Əliyev narkomaniya və digər pis vərdişlərin gənclər arasında yayılmasından narahatlığını ifadə edərək bildirib ki, ailələr övladlarının kimlərlə ünsiyyətdə olduğunu və boş vaxtlarını necə keçirdiyini diqqətdə saxlamalıdırlar.

Sədr sonda siyasi partiyaların gənclər təşkilatlarını, QHT-ləri və aidiyyəti qurumları maarifləndirmə tədbirlərini daha da gücləndirməyə çağırıb.

Ceyhun Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir