“Qrafiti mədəniyyətə zidd ola bilər, lakin…” – sosial məsələlər üzrə eksdert Ramal Əliyev

“Qrafiti-divarlar, binalar və digər ictimai məkanlar üzərində çəkilən yazı və ya rəsmlərə deyilir. Son zamanlar ABŞ və Avropada geniş yayılıb və bir çoxlarına görə incəsənət forması hesab olunur. Bəzi qrafitilər həqiqətən də yaradıcı və estetik olduğu üçün küçə sənəti kimi qəbul edilir. Bu sözləri YeniMedia.net portalına açıqlamasında YYSİB sədr müavini, sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: “ABŞ və Avropada qrafitilər bəzən aidiyyəti qurumların icazəsi ilə həyata keçirilir. Lakin bu, hər zaman belə olmur icazəsiz çəkilən qrafitilər də var və bu hallarda vandalizm kimi qiymətləndirilir. Bəzi ölkələrdə qrafiti artıq incəsənət kimi qəbul olunsa da, yenə də qanuni və qanunsuz formaları mövcuddur.

Qrafiti eyni zamanda müəyyən mesaj daşıya bilər. Bu mesajlar siyasi fikir, sosial çağırış və ya şəxsi ifadə formasında ola bilər.

Mən isə hesab edirəm ki, biz bu məsələyə mental baxımdan daha fərqli yanaşmalıyıq. Xüsusilə paytaxtımızın və tarixi abidələrimizin özünəməxsusluğu qorunmalıdır. Məsələn, Nizami Kino Mərkəzinin üzərində qrafiti çəkilməsini qəbuledilməz hesab edirəm. Bu, nə estetik baxımdan uyğun deyil, nə də cəmiyyət tərəfindən qəbul olunacaq bir addımdır.

Əgər buna yol açılsa, sabah İçərişəhərin divarlarında, Qız qalasının və digər tarixi abidələrin üzərində də oxşar yazılar görmək mümkündür. Bu isə şəhər mühitində estetik xaos yaradar və milli-mədəni irsimizə zərər verə bilər.

Digər tərəfdən, hər kəsin əlində boya ilə “qrafiti çəkirəm” adı altında şəhərin müxtəlif yerlərini rəngləməsi doğru deyil. Bir şəxsin yaradıcılığı onun özünə xoş gələ bilər, lakin bu, cəmiyyət tərəfindən qəbul olunmaya bilər.

Qrafiti vasitəsilə siyasi mesajların verilməsi də düzgün hesab etmirəm. Bu cür yanaşma cəmiyyətdə narazılıq yarada və əlavə sosial-siyasi gərginliklərə səbəb ola bilər. Siyasi fikirlərin ifadəsi üçün kifayət qədər platformalar və vasitələr mövcuddur.

Əgər kiminsə rəsm çəkmək həvəsi varsa, bunu ictimai yerlərdə və ya dövlətə, yaxud başqasına məxsus əmlak üzərində deyil, özünə aid məkanlarda həyata keçirməsi daha doğru olar”.

Ceyhun Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir