Köhnə kadr Məzahir Pənahov yenidən MSK sədrliyinə namizəd göstəriləcək? – Müxalifət dəstəkləyər?
Apreldə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) beşillik səlahiyyət müddəti başa çatır və qurum yenidən formalaşdırılmalıdır. Komissiyanın 18 üzvü var. Seçki Məcəlləsinə əsasən, MSK parlamentdəki deputatlarının sayı çoxluq, azlıq təşkil edən və bitərəf deputatların təmsilçilərindən formalaşdırılır. Yeni tərkib təsdiqləndikdən sonra isə komissiyanın ilk iclasında sədr, sədr müavini və iki katib açıq səsvermə yolu ilə seçilir.
Bəs bu il tərkibdə dəyişiklik olacaq? MSK sədri Məzahir Pənahov postunda qalacaqmı?
Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova “Yeni Sabah”a bildirib ki, hələlik MSK-nın yenidən formalaşdırılması prosesinə start verilməyib:
“MSK-nın beşillik səlahiyyət müddətinin başa çatmasına hələ vaxt qaldığından, qurumun yenidən formalaşdırılması ilə bağlı proses rəsmi mərhələyə keçməyib. Ona görə də, indi bu barədə konkret nəsə demək düzgün olmaz. Hazırda əsas diqqət qurumun mövcud tərkibinin öz funksiyalarını qanunvericiliyə uyğun şəkildə davam etdirməsinə yönəlib. Müvafiq siyasi və institusional qərarlar isə vaxtı çatdıqda, müəyyən olunmuş prosedurlar çərçivəsində qəbul ediləcək.

Yeni tərkib məsələsinə gəldikdə, bu kimi institutlarda dəyişiklik və ya davamlılıq məsələsi adətən kompleks yanaşma tələb edir. Hər hansı əvvəlcədən müəyyən edilmiş yekun mövqe yoxdur. Məsələ yalnız vaxtı çatdıqda siyasi partiyaların və parlamentin ümumi mövqeyi əsasında həllini tapır”.
Məzahir Pənahovun yenidən sədr olmasını dəstəkləyib-dəstəkləmədiyinə gəlincə, deputat söyləyib ki, MSK sədrliyi şəxsi yanaşma ilə deyil, qanunvericiliyə uyğun institusional qərar əsasında müəyyənləşir:
“Mərkəzi Seçki Komissiyasının sədri ilə bağlı məsələyə gəlincə isə, bu, fərdi münasibət və ya şəxsi dəstək mövzusu deyil, daha çox institusional qərar prosesidir. Müvafiq vaxtda qanunvericiliyin tələblərinə uyğun şəkildə formalaşacaq yeni tərkib bununla bağlı qərar verəcək. Hazırda isə bu barədə konkret mövqe bildirmək tezdir və prosesin gedişatına hörmətlə yanaşmaq daha doğru olar”.
Müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə deyib ki, MSK-nin tərkibində tam deyil, qismən yenilənmələr baş verə bilər:
“Mərkəzi Seçki Komissiyasının 5 illik səlahiyyət müddəti aprel ayında başa çatır və təbii ki, qurumun yenidən formalaşdırılmalıdır. Amma bununla bağlı hələ ciddi müzakirələr aparılmayıb. Ona görə də bu mərhələdə konkret nəsə demək çətindir.

Əvvəlki illərin təcrübəsinə əsasən ehtimal edirəm ki, tərkibdə qismən yenilənmələr olacaq. İndiyədək tam yenilənmə baş verməyib, yalnız qismən dəyişikliklər olub.
Məzahir Pənahovun MSK sədri postunda qalıb-qalmayacağı sualına da konkret cavab vermək mümkün deyil. Sadəcə onu deyə bilərəm ki, Məzahir müəllim 2000-ci ildən etibarən, yəni 26 ildir Mərkəzi Seçki Komissiyasına sədrlik edir. Ondan əvvəl də MSK-da Beynəlxalq əlaqələr şöbəsinin müdiri olub və kifayət qədər böyük seçki təcrübəsinə malikdir.
Onun fəaliyyəti ilə yaxından tanışam və hesab edirəm ki, bu vaxta qədər vəzifəsinin öhdəsindən layiqincə gəlib. Növbəti dövrdə necə olacağını isə əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”.
Parlamentin bitərəf deputatı Azər Allahverənov isə qeyd edib ki, MSK-nın yeni sədri ilə bağlı qərar yalnız Milli Məclis yeni tərkibi təsdiqlədikdən sonra, komissiyanın ilk iclasında veriləcək:

“Hələlik mənim iştirakımla belə bir müzakirə aparılmadığı üçün sizə dəqiq nə isə deyə bilmirəm. Bildiyim odur ki, hazırkı heyətin müddəti aprelin 27-dəkdir. Mən Məzahir Pənahovun namizdəliyini, bütövlükdə, dəstəkləyirəm. Amma bildiyiniz kimi, mövcud prosedurlara görə, Milli Məclis üzvləri MSK-nın heyətini təsdiq edir və komissiyanın sədri məhz yeni heyətin birinci iclasında seçilir. Yəni bu səlahiyyət MSK heyətinə məxsusdur”.
Qeyd edək ki, MSK-ya 2000-ci ildən Məzahir Pənahov rəhbərlik edir. Amma onun bu dəfə də ali seçki qurumuna rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Bir sıra ekspertlər artıq Pənahovun sədrlik dövrünün yekunlaşmaqda olduğunu düşünürlər.
Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var. YAP-ın deputatı Ramil Həsənlinin başqa vəzifəyə keçməsinə görə mandatına xitam verildiyi üçün deputat mandatının sayı 68-dən 67-yə düşüb. Partiyasız şəxslər isə 44 mandata sahibdir. Qanuna görə, MSK-da 6 yeri parlamentdəki çoxluqda olan partiyanın, 6 yeri azlıqda olan partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır. Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.
Hazırladı: Ceyhun Süleymanov

