GVİB 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “Ermənilərin törətdikləri soyqırımlara və terrorlara son qoyulmalıdır” mövzusunda tədbir keçirib. Tədbirdə qurumun yerli şöbələrinin, birliyə üzv olan təşkilatların, idman ictimaiyyətinin nümayəndələri və digər qurumların əməkdaşları iştirak ediblər.
YeniMedia.net portalı xəbər verir ki, əvvəlcə mart soyqırımında qətlə yetirilən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən sədr, ictimai xadim Müqamət Süleyman oğlu bildirib ki, Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən başlayaraq hər il 31 Mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Məhz mərhum Prezidentin təşəbbüsü ilə 31 Mart soyqırımına hüquqi-siyasi qiymət verilib.
Tədbirdə həmçinin qeyd edilib ki, ermənilərin və onların havadarlarının xalqımıza qarşı müntəzəm olaraq yeritdikləri soyqırım siyasətinin tarixi bir əsrdən çoxdur. Mərasimdə 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklərdən, günahsız insanların qətlə yetirilməsindən danışılıb.
Tədbirdə iştirak edənlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, 31 Mart soyqırımı ilə bağlı tədbirlər silsiləsi GVİB tərəfindən Bakı şəhəri və ətraf rayonlarda yerli şöbələr tərəfindən davam etdiriləcək.
Ceyhun Süleymanov

