Rəqəmsallaşma, rəqəmsal transformasiya və süni intellektin iqtisadi, siyasi və media sahələrində yaratdığı yeni reallıqlar. Qismət İbrahimov yazır

Müasir dövrdə rəqəmsal texnologiyaların geniş tətbiqi nəticəsində iqtisadi sistemlərdə innovasiya əsaslı yeni iqtisadi modellər formalaşmışdır. Bu modellər istehsal proseslərinin avtomatlaşdırılmasına, idarəetmə mexanizmlərinin optimallaşdırılmasına, eləcə də iqtisadi və siyasi idarəetmə ilə media fəaliyyətinin səmərəliliyinin artırılmasına geniş imkanlar yaratmışdır.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kibertəhlükəsizlik, rəqəmsallaşma və süni intellekt sahələrində mühüm dövlət sənədlərinin imzalanması ölkədə rəqəmsal dövlət quruculuğunun və süni intellekt texnologiyalarının inkişafının prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini göstərir.
Rəqəmsallaşma, rəqəmsal transformasiya və süni intellektin inkişaf perspektivləri Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biri hesab olunur.
Rəqəmsal transformasiyanın texniki arxitekturasını yüksək ötürmə qabiliyyətinə və aşağı gecikmə müddətinə malik İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu və fiber optik əsaslı telekommunikasiya şəbəkələri təşkil edir.
Genişzolaqlı fiber-optik kabel magistralları əsasında qurulmuş GPON (Gigabit Passive Optical Network) və Ethernet over Fiber (EoF) texnologiyaları ilə işləyən optik telekommunikasiya şəbəkələri, böyük həcmli məlumatların real vaxt rejimində ötürülməsini təmin edən ayrılmış fiber-optik kanallar, beşinci nəsil mobil rabitə texnologiyası olan 5G şəbəkələri, həmçinin yüksək tutumlu məlumatların saxlanılması və emalı üçün nəzərdə tutulmuş müasir data mərkəzləri rəqəmsal transformasiyanın texniki arxitekturasının əsas komponentləri hesab olunur.
Süni intellekt (Artificial Intelligence – AI) insan intellektinə xas olan funksiyaların – öyrənmə, məntiqi təhlil, qərarvermə və proqnozlaşdırma kimi proseslərin kompüter sistemləri tərəfindən yerinə yetirilməsini təmin edən texnologiyalar və alqoritmlər toplusudur.
Süni intellekt texnologiyalarının tətbiqi dövlət idarəetməsi sahəsində qərar qəbuletmə proseslərinin optimallaşdırılmasına, idarəetmə fəaliyyətinin səmərəliliyinin artırılmasına və analitik qərarvermə mexanizmlərinin təkmilləşdirilməsinə təkan verir.
Ümumilikdə, rəqəmsallaşma mərhələli şəkildə həyata keçirilən kompleks transformasiya prosesidir. Bu proses, məlumatların və proseslərin rəqəmsal texnologiyalar vasitəsilə elektron mühitə keçirilməsini nəzərdə tutan üç əsas mərhələdən ibarətdir:

  1. Elektronlaşdırma – kağız daşıyıcılarında mövcud olan məlumatların elektron formata keçirilməsi və elektron arxivlərin yaradılması prosesidir. Məlumatların kağız formatında saxlanılması böyük verilənlər bazalarının formalaşmasını çətinləşdirən əsas amillərdən biridir. Beləki, böyük verilənlər bazalarının yaradılması və inkişafı Süni İntellekt texnologiyalarından səmərəli istifadənin mühüm şərtlərindən biri hesab olunur.
  2. Proseslərin rəqəmsallaşdırılması – xidmət və inzibati prosedurların avtomatlaşdırılması prosesidir.
  3. Rəqəmsal transformasiya – idarəetmə sisteminin məlumat əsaslı qərarvermə modelinə keçirilməsini nəzərdə tutur.
    Rəqəmsallaşma istehsal proseslərinin optimallaşdırılması, əməliyyat xərclərinin azaldılması və yeni biznes modellərinin yaranması ilə yanaşı, media sahəsində dezinformasiya, informasiya manipulyasiyası və kibertəhlükəsizlik risklərinin də artmasına səbəb olur.
    Media və informasiya sahəsində baş verən transformasiyalar göstərir ki, yaxın gələcəkdə avtonom süni intellekt agentləri media mənbələri kimi fəaliyyət göstərə bilər və onların yaydığı məlumatlarının doğruluğunun təsdiq edilməsi daha da çətinləşə bilər. Bu baxımdan ölkə üzrə vahid data ekosisteminin qurulması, strateji məlumatların təhlükəsizliyinin təmin olunmasına və xarici texnoloji asılılığın azaldılmasına mühüm töhfə verə bilər.
    Nəticə etibarilə, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi yalnız texnoloji yenilənmə prosesi deyil, həm də iqtisadi, siyasi və media sistemlərinin struktur transformasiyasını şərtləndirən mühüm strateji inkişaf istiqamətlərindən biri hesab olunur.

Qismət İbrahimov,

Texnika elmləri üzrə fəlsəfə doktoru, “Transeurocom” MMC telekommunikasiya şirkətinin baş direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir