Şahmat və din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası. VP sədri, yazıçı Adəm İsmayıl Bakuvi yazır
Şahmat – taxta üzərində qurulmuş səssiz kainatdır. Orada zaman ölçülür, iradə sınaqdan keçirilir, zəka isə məsuliyyətlə üz-üzə qalır. Hər fiqur bir taledir, hər gediş bir qərardır, hər səhv isə bir aqibətdir. İnsanlıq minillərdir bu oyunu oynayır, lakin minillər boyu bir sual da insan düşüncəsini məşğul edir: din şahmata qarşıdırmı? Bu sualın arxasında həm tarixi yaddaş, həm də mifoloji sadəlik dayanır. Çünki müxtəlif dövrlərdə şahmata qarşı sərt münasibətlər olmuş, bəzi yerlərdə məhdudiyyətlər tətbiq edilmiş, hətta qadağalar qoyulmuşdur. Lakin bu hadisələri dinin ilahi mətnləri ilə qarışdırmaq, dini kontekstdə müzakirə etmək elmi baxımdan düzgün yanaşma deyil.
Şahmata münasibət dini alimlərin şərhinə və tarixi dövrə görə dəyişmişdir. Bu oyun VI-VII əsrlərdə Sasanilər dövründə İrana, VIII əsrdə isə İslam dünyasına yayılmışdır. Abbasilər dövründə şahmat saraylarda alimlər arasında, ədəbiyyat və riyaziyyat mühitində çox məşhur olmuşdur. Şahmat, hətta bir çox müsəlman alimlərinin sevimli oyunlarından biri hesab edilirdi. Bu fakt onu göstərir ki, şahmat İslam tarixində tam şəkildə rədd edilmiş oyun olmamışdır. Şətrənc özündə kainatı simvolizə etdirir. Şahmat taxtası dördbucaqlı olmaqla, dörd tərəfi, dörd ünsürü – torpaq, hava, od və suyu, habelə dörd fəsli özündə ehtiva edir.
İslam hüququnun əsas qaynaqlarında – Qurani-Kərimdə şahmat haqqında birbaşa hökm yoxdur. Sünnədə şahmata dair bəzi rəvayətlər mövcuddur, lakin isnad baxımından onların bir qismi zəif hesab edilmişdir. Klassik şərhçilər, o cümlədən, İbn Həcər əl-Əsqəlani və əl-Nəvəvi bu rəvayətlərin qəti haram hökmü üçün kifayət etmədiyini vurğulamışlar. Bu isə mühüm hüquqi prinsipə işarə edir: imperativ mətn olmadan qəti qadağa verilə bilməz. Məsələ burasındadır ki, məzhəblərin mövqeyi heç də vahid olmayıb. İmam Əbu Hənifə şahmata ehtiyatla yanaşmış, onu məkruh saymışdır; lakin onun ardıcılları kontekstin rolunu xüsusi vurğulamışlar. Əgər oyun qumarla müşayiət olunmursa, ibadəti gecikdirmirsə və əxlaqi pozuntu yaratmırsa, haram hökmü əsaslı hesab edilməyib. İmam Şafii də bu tezisə oxşar yanaşma sərgiləmiş, hökmü nəticəyə bağlamışdır. Daha sərt mövqe nümayiş etdirən İbn Teymiyyə belə, arqumentini mətn yox, sosial nəticə üzərində qurmuşdur. Burada mübahisə oyunun özünə deyil, onun insanı aludəçiliyə və ibadətdən uzaqlaşmağa aparıb-aparmamasına yönəlir. İslam hüququnun “məqasid” nəzəriyyəsi – şəriətin məqsədləri – insan ağlının qorunmasını əsas prioritetlərdən biri sayır. Əgər şahmat ağlı inkişaf etdirir, səbri möhkəmləndirir, strateji düşüncə yaradırsa, onu qəti şəkildə qadağan etmək bu prinsipə zidd görünə bilər. Müasir alimlərdən Yusuf əl-Qaradavi qumarsız və ibadətə mane olmayan şahmatı caiz hesab edir. Bu yanaşma klassik fiqh metodologiyasının müasir interpretasiyasıdır.
Xristianlıqda vəziyyət fərqlidirmi? Müqəddəs Kitabda şahmatdan bəhs edilmir. Lakin Orta əsr Avropasında bəzi kilsə dairələri şahmata şübhə ilə yanaşırdı. Bunun səbəbi teoloji qadağa deyil, ruhani intizam anlayışı idi. 1215-ci ildə keçirilən IV Lateran Şurasında dünyəvi əyləncələrə qarşı sərt münasibət nümayiş etdirilirdi; lakin bu, doktrinal hökm yox, davranış qaydası idi. Şahmat zadəgan əyləncəsi kimi qəbul edilirdi və bəzi ruhani şəxslərin bu tip məşğuliyyətlərdən uzaq durması tövsiyə olunurdu. Burada məqsəd oyunu şeytaniləşdirmək deyil, ruhani nüfuzun qorunması idi. Yəhudi dini mənbələrində də şahmatın qəti qadağan olunması faktı yoxdur. Babil Talmudunun “Sanhedrin 24b” hissəsində oyunçuların etibarlılığı məsələsi müzakirə edilir; burada əsas problem qumar və qazanc məqsədidir, oyunun özü deyil. Şənbə günü fəaliyyətlər kontekstində bəzi ravvinlər şahmatı boş məşğuliyyət saymış, lakin onu ilahi yasağa çevirməmişlər. Bu müzakirələr dini hüququn praktik həyatda balans axtarışını göstərir. Tarixdə şahmata qarşı tətbiq edilən qadağalar isə çox vaxt siyasi xarakter daşımışdır. Fatimilər dövründə Misirdə şahmata məhdudiyyət qoyulması dini ayəyə deyil, ictimai nəzarət siyasətinə əsaslanırdı. Eyni hal bəzi Avropa şəhərlərində də müşahidə edilirdi. Dövlət qərarı ilə dini doktrinanı qarışdırmaq, tarixi bəsitləşdirmək deməkdir.
Şahmatın estetik gözəlliyi və intellektual cazibəsi bir sıra dahi mütəfəkkirlərin, şairlərin diqqətini özünə çəkmişdir. Şahmatın ədəbiyyatdakı mövqeyi tamamilə fərqli mənzərə yaradır. Şahmatın özü də ədəbi təfəkkür tələb edir.
Bu oyun strateji düşüncə, planlaşdırma, məntiq, səbir kimi qabiliyyətləri inkişaf etdirir. Bu səbəbdən bəzi alimlər onu zehni məşq hesab edir. Dünya mədəniyyətində iz qoymuş böyük mütəfəkkirlərin, şairlərin həyatında da şahmatın xüsusi yeri olub. Onlar öz əsərlərində bu oyunun taktiki, strateji xüsusiyyətlərindən ustalıqla istifadə ediblər. Şahmat əsərlərdə hərbi strategiya və ya həyatdakı qarşıdurmaların kiçik bir modeli kimi təqdim olunur. Oyun yazıçılar tərəfindən personajların ağıl, məntiq və öncəgörmə qabiliyyətlərini göstərmək üçün və ya intellektual rəmz kimi istifadə edilir. Süjet baxımından bəzi romanlarda hadisələrin inkişafı şahmat partiyasının gedişinə bənzədilir. Oyunun qaydaları və lövhə sxemi bəzi bədii əsərlərin strukturuna tətbiq edilib. Şahmat, həmçinin tarixi və mədəni əhəmiyyəti ilə ədəbiyyatda, xüsusən də, Şərq və Qərb ədəbi irsində fərqli çalarlarla yer tutmuşdur.
Şahmat üzrə dünya çempionu Emanuel Lasker həm də fəlsəfi əsərlərin müəllifi idi. O, şahmatı məntiq və psixologiyanın vəhdəti kimi qiymətləndirirdi. Bu fakt göstərir ki, şahmat və ədəbiyyat eyni intellektual zəmin üzərində inkişaf edə bilir. Nizami Gəncəvi dünyanın quruluşunu şahmat lövhəsinə bənzədərək insanın taleyini fiqurların hərəkəti ilə simvollaşdırmışdır. Həmçinin, özünün “Xosrov və Şirin”, “İsgəndərnamə” əsərlərində bəzi hadisələri şahmat metaforası ilə təqdim edir. Ömər Xəyyam insanın ilahi iradə qarşısındakı vəziyyətini şahmat metaforası ilə ifadə etmişdir: fiqurlar oynayır, sonra sandığa qayıdır. Divan ədəbiyyatının klassiki Seyid Əzim Şirvani Əlişir Nəvainin həyatını şahmat oyunu üzərindən nəzmə çəkmişdir.
Şahmat, eyni zamanda mədəniyyət, simvolika və qayda-mexanika baxımından bütöv bir sistemdir. Şah-prins dialektikası, qalaqurma mexanizmi, fiqurların koordinasiyası, düşünülmüş kombinasiyalar bu oyunu həm tarixçilər, həm də oyun nəzəriyyəçiləri üçün füsunkar edir. Vladimir Nabokovun “Lujin müdafiəsi” romanı şahmat və insan psixologiyası arasındakı mürəkkəb əlaqəni bədii şəkildə əks etdirən ən məşhur əsərlərdən biridir. Əsərin qəhrəmanı real həyatda uğursuz, lakin şahmat taxtası üzərində dahidir. Şahmat onun üçün sadəcə, oyun deyil – həyatın özüdür. Lujin dünyanı şahmat kombinasiyaları və gedişləri kimi qəbul edir. İnsan münasibətlərini, təsadüfləri və hadisələri belə, bir növ, “partiya” kimi düşünür, həyat uğrunda mübarizədə şahmatdan psixoloji müdafiə kimi istifadə edir.
Avstriya yazıçısı Stefan Zveyq isə şahmatı totalitar təzyiq qarşısında fərdi şüurun son müqavimət qalası kimi təqdim edir. Bu nümunələr göstərir ki, şahmat dinə qarşı yox, insanın mənəvi və intellektual mübarizəsinin simvolu kimi yaşayır. Şahmatın gözəlliyi ondadır ki, o, təsadüfləri sevmir. Burada şans minimumdur; ağıl, səbir və məsuliyyət əsasdır. Hər gediş düşünülmüş qərardır. Din də eyni intizamı tələb edir: nəfsə nəzarət, zamanın dəyərini bilmək, məsuliyyətli davranmaq. Bu baxımdan şahmatla dini etik məqsədlər arasında struktur oxşarlıq mövcuddur. Psixoloji tədqiqatlar şahmatın analitik düşüncəni və yaddaş strukturunu gücləndirdiyini göstərir. O, impulsivliyi azaldır, planlı qərar verməyi öyrədir. Din isə insanın daxili aləmini nizama salmağa çalışır; biri zehni, digəri ruhu tərbiyə edir. Bu iki istiqamət bir-birinə zidd deyil. Bəs niyə bəzən “din şahmata qadağa qoyub” deyilir? Çünki tarixdə zaman-zaman bu oyuna ifrat aludəçilik, qumar və sosial nizamsızlıq müşahidə edilmişdir. Hər bir şeyin ifrat dərəcəsi təhlükəlidir – oyunun da, sərvətin də, hətta elmin də. Din oyuna deyil, həddin aşılmasına qarşıdır. Şahmat isə düzgün çərçivədə, insanı intizamlı düşünməyə vadar edən vasitədir. Beləliklə, səmavi dinlərin müqəddəs mətnlərində şahmata dair qəti və dəyişməz qadağa yoxdur. Fiqhi mübahisələr kontekst əsaslıdır. Tarixi qadağalar çox vaxt siyasi xarakter daşıyır. Ədəbiyyatda isə şahmat kosmik və metafizik model kimi qəbul edilmişdir. Şahmat taxtası üzərində iki rəng var – ağ və qara. Lakin həyat yalnız bu iki rəngdən ibarət deyil. Din və zəka da qarşı-qarşıya duran iki düşərgə deyil. Din insanı azğınlıqdan qorumaq istəyir, şahmat isə insanı düşünməyə məcbur edir. Düşünən insan isə daha məsuliyyətli olur. Bəlkə də buna görə şahmat minillərdir yaşayır. Çünki o, sadəcə oyun deyil – insan ağlının səssiz zikridir.
Şahmat taxtası üzərində fiqurların düzülüşü iki ordunun üz-üzə gəlməsini xatırladır. Oyun taxtası üzərində piyadalar ön sırada qərar tutub və onlar hücum edir. Şahmat taxtasının bir tərəfindən digər tərəfinə qədər düz olaraq gedə bilən topun hərəkəti, döyüş arabalarının manevrini əks etdirərkən, atın L formasında hücumu da süvari birliklərinin düşməni usta bir şəkildə bir küncə sıxışdırma taktikasına söykənir. Ordudakı qaydalara görə kral önündəki piyada birlikləri tərəfindən qorunaraq arxa sıradan ağır addımlarla irəliləyir. Heyrətamizdir!
Şahmat, eyni zamanda insanın azad iradəsi ilə taleyin münasibətini simvolizə edir. İsveç kinosunun dahilərindən olan İnqmar Berqmanın “Yeddinci möhür” filmini xatırlayın. Film səlib yürüşlərindən qayıdan Antonius Blokun Ölüm mələyi ilə rastlaşması və onunla şahmat oynaması ilə başlayır. Film onun şahmat vasitəsilə həyat, iman və tanrı anlayışlarını sorğulamasını əks etdirir. Blok, ölümdən qaçmaq yox, həyatına məna qazandırmaq üçün vaxt qazanmağa çalışır. Rejissor insan oğlunun həyatla, dünya ilə bağlı əbədi suallarına bu film vasitəsilə cavab axtarır. İnsanın imanı sınağa çəkilir, o, bu sınaqdan necə çıxacaq, bu oyunda udan, yoxsa uduzan tərəf olacaq? İlahi sirr pərdəsini qaldırmağa cəhd edən “Yeddinci möhür” Berqmana dünya şöhrəti gətirən filmlərdəndir və Kann festivalında xüsusi mükafata layiq görülüb. Berqman bu filmlə özünün həyat fəlsəfəsini ifadə edir və bunun üçün şahmat taxtasından istifadə edir. Şahmat bu filmin vuran nəbzidir.
Bu filmi izləyərkən, şahmatın dünya şöhrəti qazandırdığı əfsanəvi oyunçu Bobbi Fişerin ömrünün sonlarında bu şöhrətdən imtina edərək tənhalığa çəkilməsi yada düşür. Fişer şahmat dünyasında misilsiz bir hadisə idi. Böyük zəhmətlə cilalanmış nadir istedad inadkar çalışqanlıq nəticəsində misilsiz bir qüvvəyə çevrilmişdi. Fişeri fərqləndirən xüsusiyyət aydın təfəkkür və nadir idman mübarizliyi idi. O, ancaq qələbəyə can atırdı və buna nail olurdu. Valehedici texnika, əla kombinasiyalı oyun nümayiş etdirirdi. Fişerin qəfil şahmatdan gedişi onun daxilindəki mənəvi təbəddülatlarla bağlı idi. Görünür, Fişer öz həqiqətini tapmışdı və bu səbəbdən şahmata “əlvida” deyərək, tərki-dünya həyat tərzini seçmişdi. Fişerin həyatı hardasa şahmatın mahiyyətinə, qaydalarına, taktikasına uyğun idi.
Ümumiyyətlə, şahmatla əlaqədar strategiya, qaydalar və taktikaların yer aldığı kitabların (şahmat ədəbiyyatı) sayı kifayət qədərdir. Qədim dövrlərin risalələrində də şahmata xüsusi yer ayrılır.
Şahmat taxtasına diqqətlə baxanda insan qəribə bir həqiqətlə üz-üzə qalır: burada təsadüf yoxdur. Hər fiqur öz məsuliyyətini daşıyır. Şah zəifdir, amma simvoldur; vəzir güclüdür, amma məsuliyyətlidir; at gözlənilməz trayektoriya ilə hərəkət edir, lakin qaydasız deyil; piyada isə səssiz qəhrəmandır – yavaş addımlarla irəliləyir, lakin sona çatanda çevrilir, dəyişir, böyüyür. Bu, insanın mənəvi təkamülünün poetik modelidir. Dinlərin də istədiyi budur: insanın daxili şahmatını qurmaq. Nəfsin atını cilovlamaq, ehtirasın vəzirini idarə etmək, qorxunun şahını qorumaq, səbrin piyada addımları ilə irəliləmək. Əgər şahmat insanı bu daxili intizama aparırsa, o, artıq əxlaqi məşqdir. Əgər o, insanı qəzəbə, asılılığa, qumara sürükləyirsə, onda problem oyunda deyil, insanın özündədir. Tarix boyu bir çox mütəfəkkirlər şahmatı ağlın poetik forması adlandırıblar. Orta əsr İslam dünyasında saraylarda şahmat yalnız əyləncə vasitəsi deyil, strateji düşüncə təlimi idi. Dövlət idarəçiliyi ilə məşğul olan şəxslər üçün şahmat siyasi müdrikliyin məşqi hesab olunurdu. Təsadüfi deyil ki, diplomatiya dili çox zaman şahmat terminləri ilə ifadə edilir. “Gediş etmək”, “mat vəziyyətinə salmaq”, “qurban vermək” – bu ifadələr təkcə oyunun deyil, həyatın situativ anlayışlarıdır. Avropa intellektual mühitində şahmat Renessans dövründən etibarən, azad düşüncənin simvollarından birinə çevrildi. İnsanın taleyinin əvvəlcədən yazılmadığını, hər addımın məsuliyyət daşıdığını göstərən rəmz kimi qəbul edildi. Burada artıq dini qadağalar arxa plana keçdi, əxlaqi ölçü ön plana çıxdı. Çünki məsələ oyunun özü deyil, insanın onunla necə davranması idi.
Şərq poeziyasında isə şahmat daha metafizik çalara bürünür. Fələk böyük oyunçu kimi təsvir edilir, insan isə taxta üzərində hərəkət edən fiqur kimi göstərilir. Lakin bu fiqur şüursuz deyil; o, seçim edir. Seçim isə dinlərin əsas mövzusudur. İnsan seçiminə görə cavabdehdir. Şahmat da seçim məktəbidir. Orada hər addım qərardır və hər qərarın nəticəsi qaçılmazdır. Bu, əxlaqi məsuliyyət dərsidir. Bəzən müəyyən dövrlərdə şahmatın qadağan edilməsi ilə bağlı qərarlar dinin adı ilə əsaslandırılıb. Lakin diqqətlə baxdıqda görürük ki, bu qərarların çoxu ictimai asayiş, qumarın qarşısının alınması və ya siyasi nəzarət məqsədi daşıyıb. Din isə prinsipial olaraq israfı, asılılığı və zülmü qadağan edir. Əgər şahmat bunların heç birinə səbəb olmursa, o zaman onun mahiyyətində haramlıq axtarmaq elmi baxımdan da, teoloji nöqteyi-nəzərdən də əsaslı deyil.
Burada incə bir məqam var: din insanı boş vaxtını necə keçirməyə məcbur etmir; ona ölçü və ədalət prinsipi verir. Şahmat ölçü ilə oynandıqda zərərli deyil. Əksinə, o, səbir, diqqət, analiz və uzaqgörənlik kimi keyfiyyətləri inkişaf etdirir. Bu keyfiyyətlər isə həm fərdi, həm də ictimai həyatda zəruridir. Ədəbiyyatımızda və ümumiyyətlə, dünya ədəbiyyatında şahmat çox zaman taleyin və hakimiyyətin simvolu kimi çıxış edir. Şahmat oyununun təsvirləri romanlarda dramatik dönüş nöqtəsini göstərir. Çünki şahmat yalnız oyun deyil, iki ağılın qarşılaşmasıdır. Bu qarşılaşma isə zorakılıq olmadan mübarizə aparmağın ən yüksək formasıdır. Dinlərin də idealı budur: mübarizəni ədalət və hikmət çərçivəsində aparmaq. Şahmatın böyüklüyü ondadır ki, o, insanı düşünməyə məcbur edir. Oyun zamanı insan sükut içindədir, amma daxilində gərgin proses gedir. Bu daxili proses bir növ, təfəkkür, idrak ibadətidir. Çünki təfəkkür insanı kamilləşdirir. Dinlərin məqsədi də insanı kamilləşdirməkdir, onu mexaniki varlıqdan şüurlu varlığa çevirməkdir. Əgər biz din və şahmat münasibətlərinə tarixi və elmi nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, qadağalar universal deyil, lokal və şərti olmuşdur. Əsas meyar isə həmişə eyni olaraq qalıb: qumar varmı? İbadətə mane olurmu? İnsan əxlaqına zərər verirmi? Bu suallara mənfi cavab varsa, o zaman şahmatın özündə problem yoxdur. Şahmat bir mədəniyyət hadisəsidir. O, xalqları bir masa arxasında birləşdirir. Dil fərqi, millət fərqi, din fərqi aradan qalxır; iki insan yalnız düşüncə vasitəsilə danışır, dialoqa girir. Bu baxımdan, şahmat sülh rəmzidir. O, müharibəni zehni mübarizəyə çevirir. Silahların səsini sükutla əvəz edir. Bu isə dinlərin arzuladığı ən ali dəyərlərdən biridir. Beləliklə, din və şahmat qarşıdurma kontekstində müzakirə edilə bilməz, sadəcə, yanlış münasibət nəticəsində bu mövzuda skeptik yanaşmalar meydana gəlib. Din dəyərlər sistemidir; şahmat isə düşüncə sistemi üzərində qurulmuş bir oyundur. Dəyərlər düşüncə ilə birləşəndə mədəniyyət yaranır. Əgər düşüncə dəyərlərdən ayrılarsa, o zaman təhlükə yaranar. Problem oyunda deyil, onu oynayan insandadır. Beləliklə, şahmatın tezaurusunda qəti qadağa motivi axtarmaq əhəmiyyətsizdir.
Şahmat taxtası həyatın miniatür modelidir. Hər birimiz öz taxtamızdayıq. Hər gün bir gediş edirik. Bəzən səhv edirik, bəzən qurban veririk, bəzən mat vəziyyətinə düşürük. Amma ən vacibi odur ki, düşünərək oynayaq. Çünki düşünmək insana bəxş edilən ilahi nemətdir. Bu neməti qorumaq isə həm mədəniyyətin, həm də dinin ortaq çağırışıdır.

